Gənclər və idman naziri Quba şəhərində vətəndaşları qəbul etmişdir

 

Dekabrın 17-də gənclər və idman naziri Azad Rəhimov Qubada ölkənin şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir.

Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən  rayonlarından olan 40-dək sakinin şikayət və təklifləri dinlənilmişdir.

Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilmişdir.

Vətəndaşların əksəriyyəti güzəştli ipoteka krediti əldə etmək və idman sahəsində fəxri ad almaq üçün köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin müraciətlərin bir qismi rayonlarda gənclər mərkəzlərinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların inşası, gənclərlə sahəsində QHT-lərin yaradılmasına dəstək vermək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı olmuşdur.

Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri elə yerindəcə həllini tapmışdır.

Nazir Azad Rəhimov vətəndaşların digər müraciətlərinin araşdırılaraq müsbət həlli üçün müvafiq tapşırıqlar vermişdir. Aidiyyəti üzrə olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.