Askar Aytmatov: «Azərbaycan bütün

 sahələrdə böyük uğurlar qazanmışdır»

 

 

"Hər şeydən əvvəl türk dünyasında, MDB-də və digər ölkələrdə Çingiz Aytmatov istedadının pərəstişkarlarına öz yazıçılarının xatirəsinə göstərdikləri sadiqliyə görə minnətdarlığımı bildirirəm".

Bu sözləri türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirlərində iştirak etmək üçün  Bakıya gəlmiş dünya şöhrətli ədibin oğlu Askar Aytmatov AzərTAc-a müsahibəsində demişdir.

Görkəmli yazıçının oğlu bildirmişdir ki, Çingiz Aytmatovun Azərbaycanda ən oxunulan, sevimli yazıçılardan biri olmasından son dərəcə məmnunam. Hədsiz dərəcədə sevinirəm ki, onun əsərlərini vətəni Qırğızıstandan sonra daha çox Azərbaycanda oxuyurlar. Deməli, Çingiz Aytmatov təkcə qırğızların deyil, həm də Azərbaycanın, ümumilikdə türk dünyasının yazıçısıdır. Çox şadam ki, Bakıda onun 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir. Bu mərasimdə Azərbaycanın görkəmli  ziyalıları, yazıçıları, yaradıcı insanlar iştirak edəcəklər.

Ölkəmizdə on il əvvəl olduğunu deyən Askar Aytmatov bu müddətdə Azərbaycanda inanılmaz dəyişikliklərin baş verdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Bakı çox gözəlləşmiş və yeniləşmişdir. Dəyişikliklər davam edir. Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, xalqın rifahının yüksəlməsində, beynəlxalq aləmdə böyük uğurlar qazanması türk dünyasının bir nümayəndəsi olaraq məni hədsiz sevindirir.

Qonaq vurğulamışdır ki, oxşar tarixi və mədəni köklərə malik olan qırğız və Azərbaycan xalqları arasında əməkdaşlıq dövlət başçıları səviyyəsində yüksək səviyyədə davam etdirilir. Keçən il Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycanda rəsmi səfərdə olmuşdur. Bu səfərdən sonra iki qardaş xalq arasında əlaqələrin inkişafında yeni mərhələ başlanmışdır. Hazırda iqtisadi əlaqələrin daha da dərinləşməsi üçün ikitərəfli vacib layihələr üzərində gedir. Bir sözlə, əlaqələrimizi daha da genişləndirmək üçün potensial böyükdür. Hər iki ölkə türk dünyasının mühüm dövlətlərindən sayılır. Bütün bunlar tərəflər arasında əməkdaşlığı möhkəmləndirir.

Askar Aytmatov atasını xeyirxah, zəhmətkeş bir insan, hər  şeydən əvvəl nümunəvi ailə başçısı kimi xatırladığını demişdir. Bildirmişdir ki, atam "Erkən durnalar" povestini yaşadığı çətin, hərbi dövrün uşaqlıq xatirələri əsasında yazmış və o vaxt balaca bir oğlan olan mənə həsr etmişdir. Bu əsər mənim bir insan kimi formalaşmağımda böyük  rol oynamışdır.

Görkəmli yazıçının oğlu Çingiz Aytmatov yaradıcılığının pərəstişkarlarına dərin təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, onun əsərləri türk dünyasının mənəvi sərvətidir. Çox şadam ki, Çingiz Aytmatov ümumi türk dəyərlərimizi öyrənməyə və oxucuya çatdırmağa müvəffəq olmuşdur. Ona görə də onun əsərləri bizlərə yaxın və doğmadır. Çingiz Aytmatovun əsərləri ilə postsovet məkanında bir neçə nəsil tərbiyə almışdır. Bəlkə də hər birimizin qəlbində onun aşılamaq istədiyi humanist ideyalardan bir zərrə vardır. Arzu edərdim ki, böyük ədibin pərəstişkarları öz övladlarına bu ideyaları aşılasınlar. Əgər belə olarsa, Çingiz Aytmatov obrazı hər bir türk övladının qəlbində daim yaşayarbu bağlılıq tarix boyu davam edər.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.