«Heydər Əliyev», «Zərifə Əliyeva» və «İlham Əliyev: tərcümeyi-hal

davam edir» əsərləri gürcü dilində nəşr edilib

 

Ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində yazıçılar Hüseynbala Mirələmovun və Viktor Andriyanovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev", "Zərifə Əliyeva" və "İlham Əliyev: tərcümeyi-hal davam edir" əsərləri gürcü dilində işıq üzü görmüşdür.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin  maliyyə dəstəyi ilə "Pavoriti print" MMC-də gürcü dilində çap olunan kitabların layihə müəllifi və baş redaktoru İura Kandelaki, redaktoru isə Manana Gelaşvilidir.

Layihənin müəllifləri bildirmişlər ki, son illər dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda da xalqın daha yaxşı tanıdığı Əliyevlər şəcərəsinin üç görkəmli nümayəndəsinə maraq daha da artmışdır. Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rol oynayan bu şəxsiyyətlər haqqında  layihənin reallaşdırılması da məhz bu maraqdan qaynaqlanır.

"Görkəmli adamların həyatı" seriyasından olan "İlham Əliyev: tərcümeyi-hal davam edir" əsəri gürcü dilində ikinci dəfədir ki, nəşr olunurbu dost xalqın dövlətimizin rəhbəri İlham Əliyevin şəxsiyyətinə olan böyük marağından xəbər verir.

Beynəlxalq aləmdə yerini ildən-ilə daha da möhkəmləndirməkdə olan, iqtisadi inkişaf tempi ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın XX əsrin sonunun və XXI əsrin əvvəllərinin tarixinin öyrənilməsi baxımdan mühüm mənbə olan "Heydər Əliyev", "Zərifə Əliyeva" və "İlham Əliyev: tərcümeyi-hal davam edir" kitablarının Gürcüstanın  kitabxana və elm ocaqlarına, ali təhsil müəssisələrinə paylanılması və geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

Azərbaycan.-2013.- 19 dekabr.- S.2.