«Şahdəniz-2» ölkəmizin uzunmüddətli iqtisadi inkişafını təmin edəcək

 

Dekabrın 17-də Azərbaycanın iqtisadi-siyasi həyatında mühüm hadisə baş verdi. "Şahdəniz-2" layihəsi üzrə imzalanan saziş Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan bir daha Cənubi Qafqazın lider dövləti olduğunu təsdiqlədi və ölkənin gələcəyi üçün mühüm addım atıldı.

Ölkə ictimayyəti tərəfindən sevinc hissi ilə qarşılanan bu saziş hələ uzun müddət müzakirə mövzusu olacaq. İqtisadçılar, siyasətçilər bu layihədən Azərbaycanın qazandığı və gələcəkdə əldə edəcəyi hərtərəfli uğurlardan söz açırlar.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov dedi ki, Cənubi Qafqazda ən böyük layihələri gerçəkləşdirən Azərbaycan dövləti enerji sahəsində daha bir strateji layihəyə imza atdı.  İmzalanma mərasimində Avropa İttifaqına üzv olan dövlətlər də iştirak edirdi. Çünki "Şahdəniz-2" Avropanın ən mühüm layihəsidir: "Layihənin nəticəsi ilə əməli şəkildə sübut etdik ki, Azərbaycan müstəqil siyasət yeridə bilir, bütün dövlətlərlə və beynəlxalq qurumlarla bərabər əsasda əməkdaşlıq edir". Deputat bildirdi ki, Avropaya inteqrasiya sözdə yox, əməldə olmalıdır: "İndiyədək Avropa İttifaqı ilə ölkəmizin 30 milyard dollar civarında iqtisadi əlaqələri var. "Şərq tərəfdaşlığı" proqramının üzvü olan digər 5 dövlətin birlikdə Avropa İttifaqı ilə bu qədər ticarət dövriyyəsi yoxdur. Azərbaycan Aİ ilə əməkdaşlığı konkret fəaliyyətində nümayiş etdirir. "Şahdəniz-2" layihəsinə dair 45 milyard dollar investisiya tutumu olan sazişin imzalanması da buna bariz nümunədir".

Milli Məclisin İqisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov hesab edir  ki,  XX əsrdə ulu öndər Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalanmışdısa, XXI əsrdə Prezident İlham Əliyev tərəfindən əsrin qaz müqaviləsi gerçəkləşdirildi və bu müqavilə Azərbaycanın daha da möhkəmlənməsində başlıca rol oynayacaq: "Bu müqavilə yalnız iqtisadi yox, həm də  siyasi müqavilədir. Azərbaycanın dövlət başçısı inaqurasiya mərasimindəki çıxışında ölkəmizin Avropaya inteqrasiyasının xüsusi bir xətt olduğunu diqqətə çatdırdı. Bu layihə birona görə önəmlidir ki, Xəzər dənizinin statusu müəyyən olunmasa belə onun karbohidrogen ehtiyatlarından dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində çox gözəl istifadə edilir. 1,2 trilyon kubmetr qaz ehtiyatı olan "Şahdəniz-2" yatağının istismarı ilə bağlı 7 mühüm neft şirkəti ilə birgə bu müaviləyə imza atılması Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün əsas amillərdən biridir".

Deputat bəyan edib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət, Avropaya inteqrasiya xəttinin əsas götürülməsi alqışa layiqdir.

Bakıda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması münasibəti ilə Azərbaycan xalqını təbrik edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də düşünür ki, bu layihəni 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə müqayisə etmək yerinə düşər. XX əsrin ən önəmli sənədi "Əsrin müqaviləsi" idisə, XXI əsrin də layihəsi məhz "Şahdəniz-2" oldu. Layihəni dünyada ən iri enerji layihəsi adlandıran deputatın sözlərinə görə, yekun investisiya qərarının qəbul edilməsi Azərbaycanın uzunmüddətli uğurlu iqtisadi inkişafını təmin edəcək: "Mövcud layihə tək biznes layihəsi deyil. Bu layihə Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində çox sanballı bir addımdır. Bu, eyni zamanda enerji sahəsində çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Azərbaycan artıq energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Belə ki, ölkəmiz Xəzərdən o taya olan neft və qazın Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması istiqamətində, həm də Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu da Azərbaycanın həm regionda, həm də qlobal miqyasda əhəmiyyətini artırmış olacaq".

Deputat onu da qeyd etdi ki, əgər Azərbaycan Avropa məkanının bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edirsə, o zaman Avropa strukturları da Azərbaycanın əsas müzakirə mövzusu olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə heç olmasa özlərinin imzaladığı sənədlərə hörmət kontekstində yanaşmalı və bu məsələyə başqa istiqamətdə münasibət bəsləməməlidirlər.

Milli Məclisin deputatı Rasim Musabəyov isə bildirdi ki, "Şahdəniz-2" layihəsinin reallaşdırılması ilə Azərbaycan iqtisadi potensial hesabına öz siyasi maraqlarını Avropa məkanında yeridilməsi istiqamətində yeni imkanlar əldə edib. Onun fikrincə, "Şahdəniz-2" layihəsi çərçivəsində imzalanan razılaşmalar Azərbaycanın Avropa ölkələri ilə siyasi əlaqələrinin güclənməsinə şərait yaradır. Bu xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlərdə xüsusi əhəmiyyət kəsb edəcək: "Hesablamalara görə, gələcəkdə "Şahdəniz-2" Azərbaycana 60 milyard dollarlıq xeyir verəcək. Hər halda bu gəlir Azərbaycan üçün olduqca vacibdir. Çünki bu, neft hasilatının aşağı düşəcəyi bir dövrə təsadüf edəcək" - deyən politoloqun sözlərinə görə, layihənin Azərbaycan üçün geopolitik əhəmiyyəti daha böyükdür. Çünki bu layihə nəticəsində ilk olaraq Azərbaycanın Avropadünyada çəkisi daha da artacaq. Azərbaycan Türkiyə ilə Avropanı birləşdirən qaz kəmərləri çəkəcək və bu, Cənub Dəhlizinin həyata keçirilməsi deməkdir. Bununla yanaşı Azərbaycan qazı ilə Avropa bazarına çıxaraq onun enerji təhlükəsizliyində mühüm oyunçuya çevriləcək: "Bunların hamısı Azərbaycanın beynəlxalq arenadakı çəkisini və uzunmüddətli tərəfdaşlarının sayını artıracaq. Bu, Azərbaycanda həm siyasi, həm də iqtisadi sabitliyin təmin olunması üçün zəmin yaradacaq. Bu layihə həm də Azərbaycanda yeni yerlərinin açılmasına və ixracatın genişlənməsinə zəmin yaradacaq".

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 19 dekabr.- S.4.