ABŞ-ın Azərbaycandakı səfirliyi «Şahdəniz-2» üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanat yaydı

 

ABŞ-ın Azərbaycandakı səfirliyi "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanat yaymışdır.

Bəyanatda deyilir: "Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, "Şahdəniz" konsorsiumunun özəl pay sahiblərini və "Cənub" qaz dəhlizi boyunca yerləşən ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasının uğurla başa çatması münasibətilə təbrik edir".

Bəyanatda qeyd olunur ki, bu sənəd və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaqdır. Xəzər qazını beynəlxalq bazarlara çıxaracaq bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyaclarının ödənilməsinə töhfə verəcəkdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəyanatda deyir: "Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam".

 

Azərbaycan.-2013.- 19 dekabr.- S.4.