«Şahdəniz» - dəniz yataqlarının «şah»ı

 

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının  işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarının verilməsi Cənub Qaz Dəhlizinin reallaşması qarşısında yaşıl işıq yandırdı. Bu mərhələ çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur ki, onun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Bunun üçün Azərbaycanın və Gürcüstanın ərazisi boyu uzanan Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndiriləcək. Türkiyə ərazisində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) tikiləcək. Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya çatan Trans-Adriatik Boru Kəməri (TAP) çəkiləcək. Beləliklə, Azərbaycan qazı bir-birinə calanan bir neçə boru kəməri ilə Xəzərdən Adriatik dənizinə qədər 4 min kilometrdən çox məsafə qət edəcək.

Qazı Bolqarıstana ötürəcək infrastuktur da yaradılacaq. Daha sonra Monteneqro, Xorvatiya ilə əməkdaşlığa başlanacaq. Başqa sözlə, Azərbaycan təkcə regionun deyil, Avropanın da enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir. Məhz bu səbəbdən də "Şahdəniz-2" layihəsi çox yüksək dəyərləndirilir. Layihənin yekun investisiya qərarının imzalanması mərasimində Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır: "Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir".

Dövlət başçısı sözügedən layihənin icrasına başlanan günü "tarixi gün" adlandırmışdır. Bu tarixi gündə "Şahdəniz"in salnaməsini qısaca da olsa  vərəqləmək yerinə düşər.         

"Şahdəniz" yatağı sahildən təxminən 70 kilometr cənubda yerləşir. Yatağın kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də imzalanıb. Saziş Milli Məclis tərəfindən ratifikasiya edilib və həmin il oktyabrın 17-də qüvvəyə minib. Növbəti ildə isə yataqda üçölçülü seysmik tədqiqatlar aparılıb. 1999-cu ilin iyun ayında burada birinci kəşfiyyat quyusunun qazılması tamamlanıb. Elə həmin il bu yatağın kəşf olunduğu tarix hesab edilir. Ümumiyyətlə, 1997-2001-ci illər ərzində yataqda qazılmış kəşfiyyat və qiymətəndirmə quyuları burada dünya səviyyəli qaz-kondensat yatağının olduğunu təsdiqləyib.     

Azərbaycan 2006-cı ildən etibarən "Şahdəniz"in birinci mərhələsindən   Gürcüstan və Türkiyəyə qaz ixrac edir. İkinci mərhələdə isə, Azərbaycan qazını  dünya bazarlarına aparan yollar xeyli şaxələnəcək. Bu mərhələ genişmiqyaslı işlərin həyata keçirilməsini tələb edir. Belə ki, dənizdə, yatağın ərazisində  26 sualtı quyu qazılacaq və tamamlanacaq. Yan-yana tikilən iki platforma körpü ilə bir-birinə birləşdiriləcək. Quruda, Səngəçal terminalında isə qazı qəbul etmək üçün yeni texniki emalkompressor qurğuları tikiləcək.

"Şahdəniz" hazırda dünyada işlənən ən nəhəng layihələrdən biridir. Əməliyyatçı olan BP şirkətinin "portfel"ində isə ən böyük layihədir. Şirkətin verdiyi məlumata görə, layihənin təkcə ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi işlərninin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. "Şahdəniz-2"nin ilkin qazının 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə, bir il sonra isə Avropaya çatdırılacağı gözlənilir.

"Şahdəniz"dən qazla bərabər kondensat da hasil olunur və Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinə vurulur. Hazırda yataqdan  gündə təxminən 55 min barel kondensat əldə edilir. İkinci mərhələdə bu səviyyə artaraq gündə 120 min barelə çatacaq.

Ümumiyyətlə, yatağın işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin boru kəmərləri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyədək həyata keçirilmiş ən böyük, eləcə də ən mürəkkəb təşəbbüslərdən sayılır. Odur ki, XXI əsrin müqaviləsi adlandırılması heç də təsadüfi deyil.

Mütəxəssislər bu layihəni bir neçə amilə görə önəmli sayırlar. Əvvəla, ilk dəfədir ki, Azərbaycan və onun şəxsində bütün region belə nəhəng miqyaslı layihəyə qədəm qoyur. Azərbaycan həmin layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayacaq ki, bu da regionun gələcəyinə geniş yol açacaq. İkincisi, sözügedən layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək və beləliklə, neçə illərdən bəri aparılan danışıqlar və görülən işlər bəhrəsini verəcək. Nəhayət, "Şahdəniz-2" Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq. O Xəzər dənizindən Avropanın mərkəzinə qədər olan ərazidəki bir çox ölkələrə mənfəətlər gətirəcək.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, nəzərdə tutulan işlərin həyata keçirilməsi dövründə 30 min insan öz məşğulluq problemini həll edə biləcək. Yeni yerlərinin 10 mini Azərbaycanın payına düşəcək.

Yekun sərmayə qərarı həm də o deməkdir ki, bu ilin sentyabrında doqquz Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri artıq qüvvəyə minəcək. Bu sazişlərə əsasən, 25 il ərzində "Şahdəniz" qazının ildə təxminən 10 milyard kubmetri İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcək. Məlum olduğu kimi, Türkiyə də "Şahdəniz-2"dən hər il təxminən 6 milyard kubmetr qaz alacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər "Şahdəniz" tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-nin əməliyyatçılığı ilə idarə olunacaq. Xatırladaq ki, "Şahdəniz"in tərəfdaşları  BP (həm də operatordur, Böyük Britaniya), ARDNŞ (Azərbaycan), "Statoyl" (Norveç), "Total" (Fransa), "LUKoyl" (Rusiya), NIKO (İran) və TPAO (Türkiyə) şirkətləridir.

"Şahdəniz" həqiqətən böyük perspektivlərə malik yataqdır. Bu yatağın ehtiyatlarının miqyası onu, obrazlı desək, dəniz yataqlarının "şah"ı adlandırmağa imkan verir. Həmin ehtiyatlar yuxarıda adıçəkilən şirkətlərin dünyada qazandıqları təcrübə və səriştə nəticəsində müvəffəqiyyətlə üzə çıxarılır. Məsələn, "Şahdəniz"in tərəfdaşları ARDNŞ ilə yaxın zamanlarda mövcud qurğular  vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün şərtləri razılaşdırıblar. Hasilatın bu artımı aparılır və onun 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir.

BP-nin baş icraçı direktoru Bob Dadli deyir: "Mən məmnunluq duyuram ki, biz "Şahdəniz" Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin 2048-ci ilə qədər uzadılması üçün şərtlərini də razılaşdırmışıq. Bu, BP şirkətinə və bizim tərəfdaşlarımıza imkan verir ki, "Şahdəniz" layihəsinin gələcək mərhələlərinin qiymətləndirilməsində Azərbaycanla tərəfdaşlıqda işləyək. 2007-ci ildə BP tərəfindən "Şahdəniz"in dərin hissəsində yeni ehtiyatların aşkar edilməsi göstərir ki, bu ərazidə ikinci mərhələdən sonra da potensial mövcuddur".

Bunlar isə Azərbaycanın mavi yanacaq ehtiyatlarının ixrac marşrutlarının gələcəkdə daha da şaxələnəcəyindən xəbər verir. "Şahdəniz-2" üzrə investisiya qərarının imzalanması mərasimində Prezident İlham Əliyev enerji təhlükəsizliyinin əsas elementlərindən birinin məhz təbii qaz olduğunu vurğulayaraq demişdir: "Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcək. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaq". 

Beləliklə, "Şahdəniz" yeni, çətin və məsuliyyətli, əməli işlərlə dolu böyük bir yola qədəm qoyur. O Azərbaycana, eləcə də başlanğıcında olduğu uzun yol boyunca yerləşən bütün el-obalara, ölkələrə xeyir-bərəkət gətirəcək.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 19 dekabr.- S.4.