Tbilisidə QİƏT Parlament Məclisinin

42-ci Baş Assambleyasının toplantısı işə başlamışdır

 

Gürcüstan paytaxtında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclası işə başlamışdır.

Bu qurumda Azərbaycan nümayəndə heyətinin başçısı, QİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətində Azərbaycan Milli Məclisinin üzvləri Jalə Hacıyeva, Musa Quliyev, Mübariz Qurbanlı və Ayaz Orucov təmsil olunmuşlar.

Azərbaycan nümayəndə heyətinin üzvləri iclasdan əvvəl ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.

Toplantını QİƏT Parlament Məclisinin rəhbəri vəzifəsində Gürcüstan parlamentinin sədri David Usupaşvili açmışdır. O, quruma son 6 ayda rəhbərlik etməsindən qürur duyduğunuonun uğurlu fəaliyyətinə çalışdığını qeyd etmişdir. David Usupaşvili təşkilatın QİƏT üzvü olan ölkələrdə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə yaradıldığını, bu istiqamətdə faydalı işlər görüldüyünü vurğulamışdır.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirakçıları salamlamış, diqqəti ölkəsi üçün QİƏT üzvü olan dövlətlərlə əməkdaşlığın vacibliyinə cəlb etmiş, bu təşkilatın zamanın sınaqlarından uğurla çıxdığını demişdir.

Baş nazir quruma üzv olan ölkələr arasında bəzi problemlər olmasına baxmayaraq, onların iqtisadiyyat, infrastruktur və maliyyə sahəsində intensiv, məhsuldar əməkdaşlıq etdiklərini və bu əməkdaşlığın davam etdirilib daha da dərinləşdirilməsinin vacibliyini demişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, QİƏT Parlament Assambleyasının 42-ci iclası tarixi bir vaxta təsadüf etmişdir. Bir gün əvvəl Bakıda çox mühüm bir hadisə baş vermiş, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində Qara dəniz bölgəsinə daxil olan bir çox ölkələrin yüksək səviyyəli şəxsləri, o cümlədən Gürcüstanın Baş naziri, Böyük Britaniyanın xarici işlər naziri və digər rəsmi şəxslər iştirak etmişlər.

O, diqqəti bu hadisənin Qara dəniz bölgəsi ölkələri üçün çox önəmli olduğuna cəlb etmişdemişdir: "Bu layihənin həyata keçirilməsi ilə Azərbaycan qazı Avropaya nəql olunacaqdır. Təbii ki, bundan region ölkələri də bəhrələnə biləcəklər. İclasdakı çıxışımda bu məsələyə də geniş yer verildi. 42-ci iclasda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qlobal iqlim dəyişikliklərinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması yolları, regionda kənd təsərrüfatının inkişafı və başqa məsələlər müzakirə mövzusuna çevrilmişdir.

"Qara dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda çıxışımda əsasən Azərbaycanın kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə yaradılan şəraitin bu sahənin inkişafına böyük təkan verdiyini qeyd etdim. Azərbaycanın iqlim baxımından çox nadir bir ölkə olduğunu, dövlətin kənd təsərrüfatının inkişafına diqqət və qayğı göstərdiyini vurğuladım".

A.Hacıyev bütün bu məsələlərlə bağlı məlumatın iştirakçıları maraqlandırdığını qeyd etmiş və Azərbaycanın uğurlarının, təcrübəsinin bir çox ölkələr üçün nümunəyə çevriləcəyinə, iclasın yekununda qəbul olunacaq tövsiyələrdə bunun nəzərə alınacağına əmin olduğunu bildirmişdir.

QİƏT Parlament Assambleyasının vitse-prezidenti, Gürcüstan parlamentinin deputatı David Saqanelidze demişdir ki, QİƏT Parlament Məclisinin 42-ci Baş Assambleyasında 12 ölkədən geniş tərkibli nümayəndə heyəti iştirak edir. O, burada QİƏT-ə üzv ölkələrdə kənd təsərrüfatının inkişafı ilə yanaşı, mədəniyyət, təhsil, iqtisadiyyat, hüquq məsələləri sahəsində də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldığını vurğulamışdır.

D.Saqanelidze QİƏT üzvü olan ölkələrin parlamentlərinin qanunvericilik bazasının sinxronlaşdırılmasını başlıca məqam saymış və bununla qonşu ölkələrin müzakirə olunan məsələlərlə əlaqədar səmərəli əməkdaşlığına şərait yarandığını demişdir. O belə görüşləri quruma üzv ölkələr arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün vacib hesab etmişdir.

İclasda QİƏT Parlament Assambleyasına sədrliyin Gürcüstandan Yunanıstana keçdiyi bildirilmişdir.

 

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2013.- 19 dekabr.- S.5.