Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin

90 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir

 

Dekabrın 19-da Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 90 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Yubiley mərasimində hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər.

İştirakçılar ADMİU-nun rəssamlıq fakültəsi tələbələrinin, eləcə də universitetin professor və müəllimlərinin teatrın foyesində sərgilənmiş rəsm nümunələri, elmi və tədrisi metodik əsərləri ilə tanış olmuşlar.

Mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 mart tarixli sərəncamı bir daha diqqətə çatdırılmışdır.

Yubiley mərasimini açan ADMİU-nun rektoru, filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Timuçin Əfəndiyev ölkəmizdə elmə, mədəniyyətə göstərilən dövlət qayğısından bəhs etmişdir.

Rektor vurğulamışdır ki, Prezident İlham Əliyevin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamı universitetin kollektivinin böyük sevincinə səbəb olmuşdur. Bu sərəncam ölkəmizdə təhsil sisteminin tərəqqisinə, milli maarifçilik ənənələrimizin uğurla davam etdirilməsinə dövlət başçısı tərəfindən göstərilən böyük diqqət və qayğının daha bir əyani təzahürü kimi yüksək qiymətləndirilmişdir.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik olan ADMİU-nun şərəfli tarixi yol keçdiyini və bu ənənələrin hazırda uğurla davam etdirildiyini söyləmişdir.

Nazir demişdir ki, mədəniyyətimizə, incəsənətimizə böyük sənətkarlar bəxş etmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müasir təhsil sistemimizdəki yeri əvəzsizdir.

Nazir Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği istiqamətində həyata keçirdiyi mühüm layihələrin əhəmiyyətini xüsusi vurğulamışdır.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəxri adlara layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim edilmişdir.

Bundan əlavə, universitetin bir qrup əməkdaşına Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanları verilmişdir.

Sonra Timuçin Əfəndiyev 90 illik yubileyini qeyd edən ADMİU-nun  tarixi keçmişindən və müasir inkişaf mərhələlərindən söz açmışdır.

Bildirilmişdir ki, yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə yüksək ixtisaslı mütəxəssis hazırlayan bu ali təhsil ocağı öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkarımız, MilanKiyev şəhərlərində təhsil almış, opera səhnəmizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə fəaliyyətə başlamış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demişonun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov və başqalarının adları xüsusi qeyd olunmalıdır. 1926-cı ildə ilk buraxılışı olan Teatr Məktəbinin məzunları arasında Fatma Qədri, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalova kimi görkəmli sənətkarlar olmuşlar.

Həmin dövrdə Bakı Teatr Məktəbi təkcə Azərbaycan deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçünaktyorrejissor kadrları hazırlayırdı.

ADMİU-nun keçdiyi tarixi yola nəzər salan rektor demişdir ki, 1945-ci ildə Bakı Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılmışdır. Burada rejissorlardan Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, aktyorlardan Hacağa Abbasov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları dərs demişlər.

İnstitutun məzunu olmuş görkəmli sənət xiridarlarından söz açan T.Əfəndiyev bu ali təhsil ocağının Azərbaycan mədəniyyətinə, incəsənətinə, təsviri sənətinə bəxş etdiyi böyük sənətkarların bir çoxunun hazırda ayrı-ayrılıqda bir məktəb olduqlarını söyləmişdir.

Bildirmişdir ki, 1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmış və tədris sahəsində yeni dərslik və dərs vəsaitləri, proqramlar hazırlanmışdır. Respublika teatrları üçün kadr hazırlığı ildən-ilə genişləndirilmişdir. Sonrakı illərdə aspirantura yolu ilə kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Müəllimlər keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında ixtisasartırma və təkmilləşdirmə kurslarında təcrübə keçmişlər. İnstitutun yetirmələri olan mərhum aktyorlar Səməndər Rzayev, Hamlet Xanızadə, Mikayıl Mirzə bu ali təhsil ocağına müəllim kimi işə cəlb edilmişlər.

1991-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun  universitet statusu qazandığını vurğulayan natiq son illər bu ali təhsil müəssisəsində baş verən yeniliklərdən və əldə olunmuş uğurlardan danışmışdır.

Qeyd edilmişdir ki, hazırda ADMİU-da 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisasixtisaslaşmalar üzrə kadr hazırlanır. Təhsil sahəsində dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli ideologiyanın tətbiqi, Bolonya təhsil sisteminə keçid - bütün bunlar ali təhsilin inkişafı üçün geniş imkanlar açmışdır. Artıq universitetin diplomları beynəlxalq aləmdə tanınır ki, bu da son vaxtlar qazanılan nailiyyətlərimizin əsas göstəricilərindən biridir.

Rektor demişdir ki, universitetimiz dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ADMİU 22 xarici ölkənin 53 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 25-dən çoxu ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Universitetin uğurlarından söz açan rektor demişdir ki, son illər tələbələrimiz bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşlər.

ADMİU-da fəaliyyət göstərən fakültələrdə çalışan respublikamızın görkəmli sənət adamlarının, incəsənət xadimlərinin əməyini yüksək qiymətləndirən T.Əfəndiyev burada yaradılan yeni ixtisas şəbəkələrindən, ali təhsil ocağının həmişə yeniliyə açıq olmasından danışmışdır.

Diqqətə çatdırılmışdır ki, son beş ildə ADMİU-da 49 monoqrafiya, 53 dərslik, 70 dərs vəsaiti, 260 proqrammetodiki göstəriş nəşr edilmişdir.

Əməkdar elm xadimi Timuçin Əfəndiyev demişdir ki, universitetimizin professor-müəllim heyəti dövlətimizin böyük qayğı və diqqətinə cavab olaraq kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində qurulması, Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sisteminə hərtərəfli inteqrasiya olunması üçün bundan sonra da var qüvvəsi ilə çalışacaq, dövlətçiliyimizin, milli maarifçilik strategiyasının inkişafına tükənməz fədakarlıq və sədaqətlə xidmət edəcəkdir.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev təmsil etdiyi nazirliyin rəhbərliyi adından əlamətdar yubiley münasibətilə  universitetin kollektivini təbrik etmişdir.

Tədbirdə Avropa İncəsənət Universitetləri Liqası baş direktorunun müavini professor Şelte van Ruyten,  Türkiyənin Harran Universitetinin rektoru professor İbrahim Xəlil Mutlu, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Tatyana Kuznetsova, Gürcüstanın İliya Dövlət Universitetinin İncəsənət üzrə Araşdırmalar İnstitutunun direktoru professor Levan Xetaquri, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və başqaları çıxış edərək ADMİU-nun 90 illik yubileyi münasibətilə təbriklərini səsləndirmiş və bu ali təhsil ocağının rektoruna hədiyyələrini təqdim etmişlər.

Yubiley tədbirində xarici ölkələrin və Azərbaycanın bır sıra ali təhsil ocaqlarının, görkəmli mədəniyyət xadimlərinin təbrik məktubları oxunmuşdur.

Mərasimdə ADMİU-nun bir qrup əməkdaşına Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və pul mükafatı təqdim edilmişdir.

Sonra universitet kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Mərasim universitetin tələbələrinin hazırladıqları bədii proqramla davam etmişdir.

 

Azərbaycan.-2013.- 20 dekabr.- S.10.