AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun yaradılmasının

80 illik yubileyinə həsr olunmuş kitab kütləvi tirajla çapdan çıxmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin 80 ili tamam olmuşdur. Bu münasibətlə "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi tanınmış ədəbiyyatşünas-alim, publisist Teymur Əhmədovun elm məbədinin 80 illiyinə həsr edilmiş monoqrafiyasını nəfis şəkildə, kütləvi tirajla çapdan buraxmışdır.

Kitabın redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur.

AzərTAc xəbər verir ki, kitab ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının Azərbaycan zəkasının, ictimai-humanitar düşüncə tərzinin fundamental mərkəzinə çevrildiyini ifadə edən müdrik fikirləri ilə açılır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin monoqrafiyaya yazdığı "Ön söz"də deyilir: "Bu elm ocağında xalqın şifahi və yazılı abidəsinin, zəngin klassik irsinin, müasir ədəbiyyatının və milli ədəbiyyatşünaslığın tədqiqi, nəşri və təbliği sahəsində tarixi əhəmiyyətli işlər görülmüşdür".

Kitabda ən qədim dövrlərdən başlayaraq bugünədək xalqımızın mifik-şifahi və yazılı ədəbiyyat nümunələrini toplayıb araşdıran, milli filoloji elmi-nəzəri düşüncəmizi ümumdünya ədəbi-bədii fikri ilə qarşılıqlı əlaqədə tədqiqata cəlb edib nəşrə hazırlayan bu elmirfan ocağının keçdiyi inkişaf yolu Azərbaycan humanitar fikrini formalaşdırmış möhtəşəm alim-tədqiqatçılar nəslinin həyat və yaradıcılığı kontekstində işıqlandırılır. Zəngin arxiv materialları əsasında hazırlanmış kitabın özəlliyi institutun keçdiyi inkişaf yolunu nostalji məmnunluğu ilə izləməyə imkan verir.

Monoqrafiyanın "80 yaşlı elm ocağı" adlı bölməsində Yaxın Şərq arealında birinci "ədəbiyyat elmi" məbədinin ağrılı-acılı, həmçinin şərəfli inkişaf yolu işıqlandırılır. Müxtəlif illərin elmi-nəzəri və tətbiqi fikir zərurətindən yaranan, formalaşan, eləcə də zamana uyğun olaraq şaxələnən institutun struktur genişliyi, yeni-yeni şöbələrin yaradılması siyasətinin şərhi müvafiq elmi nailiyyətlər fonunda açıqlanır. Mövzunun bu istiqamətdə şərhi oxucuya 80 ilin mərhələlərindəki elmi zərurəti aydın qavramağa kömək edir.

Xalqımızın milli-mənəvi və ədəbi-bədii sərvətinin araşdırıcısı, həm də hamisi olan Ədəbiyyat İnstitutuna müxtəlif illərdə Azərbaycan filoloji düşüncəsində özünə layiqli yer tutan ədəbiyyatçı-alimlər pleyadası rəhbərlik etmişdir. Onların elmi imzalarından doğulan auranı bir daha duymaq üçün təkcə bu adlara diqqət yetirmək kifayətdir: Vəli Xuluflu, Heydər Hüseynov, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev,  Mirzağa Quluzadə, Kamal Talıbzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Vilayət Quliyev, Bəkir Nəbiyev, Məhərrəm Qasımlı, Teymur Kərimli, İsa Həbibbəyli. "Elm xadimləri" bölməsində Ədəbiyyat İnstitutu rəhbərlərinin yığcam elmi portretləri fədakar mübarizələrin filologiya elmi sahəsində xidmətləri barədə müəyyən təsəvvür yaradır.

Azərbaycan şifahi və yazılı ədəbiyyatının zəngin irsini, müasir ədəbi prosesi, tənqidi  fikrimilli ədəbiyyatşünaslığı tədqiq, nəşr və təbliğ edən ayrı-ayrı şöbələrin fəaliyyəti kitabda ensiklopedik səpkidə şərh olunsa da, ümumiyyətlə, institutda elmi araşdırmaların müxtəlifliyi, vüsəti, zənginliyi barədə yaranan təsəvvür iftixar doğurur. AMEA-nın Ədəbiyyat İnstitutu müstəqil elm mərkəzinə çevrilmiş, beynəlxalq aləmdə layiqli tərəfdaş kimi tanınmaqdadır. Müstəqillik illərində beynəlxalq əlaqələrin genişlənməsi - kitab mübadiləsi, sərgilər, elmi simpoziumlars. bu cəhətdən diqqəti cəlb edir.

Kitabın "Ədəbiyyat İnstitutunun tarixindən səhifələr" adlanan son bölməsində 80 illik dövrdə ötən günlərin xatirələrini əks etdirən tarixi fotoşəkillər verilmişdir.

İnstitutun elmi şurasında müdafiə olunmuş doktorluq və namizədlik dissertasiyalarının və elmi nəşrlərdən nümunələrin əlifba sırası və xronoloji ardıcıllıqla təqdimatı keçilən yolun mərhələlərini izləmək baxımından, həmçinin alim əməyinə ehtiram nümunəsi kimi diqqəti cəlb edir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 20 dekabr.- S.14.