Azərbaycan Dövlət İqtisad Universitetində

 II Avrasiya sosial elmlər forumu keçirilir

 

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Avrasiyada yeni inteqrasiya təşəbbüsləri: mövcud vəziyyət və gözləntilər" mövzusunda II Avrasiya sosial elmlər forumu işə başlamışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan universitet, nazirlikdiplomatik korpus rəhbərlərinin, elmbiznes dünyasının təmsilçilərinin iştirak etdikləri forum ADİU-nun, Türkiyənin Hacettepe, Qırğızıstanın Manas və Qazaxıstanın Ahmet Yasevi universitetlərinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Forumu giriş sözü ilə açan ADİU-nun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev bildirmişdir ki, son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki Cənubi Qafqazda, həm də subregional məkanda geoiqtisadi liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iri beynəlxalq enerji, nəqliyyat, kommunikasiya-infrastruktur layihələrinin müvəffəqiyyətlə reallaşdırılması, ölkənin geostrateji mövqeyinin üstünlüklərindən səmərəli istifadə edilməsi respublikamızın qısa tarixi müddətdə geoiqtisadihumanitar mərkəz, sabit, dinamik inkişaf məkanı kimi tanınmasına imkan yaratmışdır.

Ş.Hacıyev vurğulamışdır ki, Azərbaycan mühüm regional investora, beynəlxalq əmək bölgüsünün transformasiyası və beynəlxalq iqtisadiyyatın strukturunun yenidən qurulmasında fəal iştirakçıya çevrilir. Azərbaycanın geoiqtisadi əlaqələrinin dərəcəsi artır, coğrafiyası şaxələnir, müvafiq olaraq geoiqtisadi nüfuzumuzun arsenalı güclənir. Azərbaycan Avropa İttifaqı ilə viza müqaviləsini imzalamaqla Avropaya milli maraqlarımızın - Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Cənubi Qafqazda geoiqtisadi liderliyin möhkəmləndirilməsi maraqlarının tələb etdiyi qədər yaxınlaşmışdır. Azərbaycan digər ölkələr kimi, türkdilli dövlətlərlə də bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. Forumun da məqsədi türkdilli dövlətlərin iqtisadiyyat sahəsində səylərini genişləndirmək, bu istiqamətdə mövcud vəziyyəti müzakirə etməkdir.

Hacettepe Universitetinin prorektoru, professor Cem Sarac, Manas Universitetinin prorektoru, professor Kerem Özdemir, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas və başqaları belə forumların, konfransların türk dünyasının iqtisadi problemlərinin birgə həlli istiqamətində əhəmiyyətini vurğulamışlar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli forumun aktual bir mövzuya həsr olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, XXI əsr qloballaşma əsridir və bu qloballaşmanın əsasında duran ən böyük meyar məhz inteqrasiyadır. Qloballaşma Qərbdə yaranmış bir fenomendir. Uzun müddət qloballaşma və Qərbləşmə meyilləri demək olar ki, paralel cərəyanlar kimi nəzərdə tutulmuşdur. Lakin üçüncü minillik sübut edir ki, qloballaşma yalnız Qərbə məxsus deyildir. Hazırda Şərqdə yaranan regional inteqrasiya meyilləri qloballaşmanın bir mərkəzdən idarə olunmadığını göstərir. Qloballaşmainteqrasiya bir-birindən ayrılmaz meyillərdir. Lakin əsas faktor odur ki, inteqrasiya meyilləri məhz iqtisadi, ictimai, humanitar, mədəni sahədə olduqda özünün son nöqtəsinə gəlib çata bilər. Avropa İttifaqının timsalında bunun bariz nümunəsini görürük.

 Ərəstü Həbibbəyli bildirmişdir ki, müasir şəraitdə iqtisadi əlaqələr üzərində qurulmuş inteqrasiya modeli özünün ən yüksək səviyyəsinə çatmışdır. Bu mənada Azərbaycan Respublikası bütün tərəflərlə müstəqil xarici siyasət yeridir və hər bir tərəflə qarşılıqlı maraqlar üzərində qurulmuş əlaqələr yaradır. Azərbaycan hazırda heç bir siyasi inteqrasiya blokunda birbaşa iştirak etmir. Biz bütün tərəflərlə əməkdaşlıq edirik. Sadəcə, regionumuzda və əhatəmizdə olan bütün tərəfdaşlarla iqtisadi və mədəni sahələrdə yüksək səviyyədə inteqrasiyanın tərəfdarıyıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə keçirilmiş Naxçıvan Zirvə görüşündə Azərbaycanın və Qazaxıstanın dövlət başçıları yaşadığımız coğrafiyada, xüsusən də türkdilli ölkələrin əhatə olunduğu məkanda Türkdilli Mədəni İrsin Mühafizəsi Fondunun və Türk Akademiyasının yaradılması ilə bağlı təşəbbüslər irəli sürmüşlər. Bütün bunlar ictimai və mədəni sahələrdə inteqrasiyanın daha da gücləndirilməsinə aparan yoldur. Bu forum da iqtisadi və mədəni sahələrdə inteqrasiya təşəbbüslərini dəstəkləyən və bu prosesin gücləndirilməsi üçün elm adamlarının yollar axtardığı bir beynəlxalq tədbirdir.

Növbəti illərdə yeni təşəbbüslərin səslənəcəyinə ümidvar olduğunu bildirən Ərəstü Həbibbəyli forumun işinə uğurlar arzulamışdır.

Forumda ADİU-nun prorektoru, professor Əvəz Bayramov "Avrasiya məkanı: inteqrasiya proseslərində ziddiyyətli məqamlar" və Hacettepe Universitetinin professoru Ahmet Burçin Yereli "Türk dünyasının elm adamları arasında əməkdaşlığın əhəmiyyəti" mövzularında məruzələrlə çıxış etmişlər.

İki gün davam edəcək forumda müxtəlif ölkələrdən 50-yə yaxın elmi məruzə dinləniləcək, müzakirələr aparılacaqdır. Forumun sonunda Avrasiya coğrafiyasına daxil olan türkdilli ölkələr arasında humanitar sahələrdə inteqrasiya proseslərinin dərinləşməsi və möhkəmləndirilməsi istiqamətində təkliflər irəli sürüləcək, tövsiyələr veriləcəkdir. Avrasiya Məkanında Türkdilli Dövlətlərin Universitetləri Assosiasiyasının, "Rektorlar klubu"nun, "İqtisadçılar klubu"nun yaradılması və onların reallaşdırılması üçün konkret tədbirlərin həyata keçirilməsi məsələləri ümumiləşdirilərək müvafiq orqanlara təqdim ediləcəkdir.

Forum işini dekabrın 21-də başa çatdıracaqdır.

 

Azərbaycan.-2013.- 21 dekabr.- S.5.