Azərbaycan və Türkiyə birliyi çərçivəsində aqrar sahənin

inkişaf perspektivlərinə həsr olunmuş konfrans

 

Dekabrın 20-də Bakıda İqtisadiyyat və Sənaye Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Azərbaycan və Türkiyə birliyi çərçivəsində aqrar sahənin imkanları və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) dəstəyi ilə keçirilən konfransın məqsədi aqrar sənaye kompleksinin inkişafı sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi və fikir mübadiləsi aparmaq olmuşdur.

Konfransın açılışında çıxış edən ASK-nın prezidenti Məmməd Musayev Azərbaycan və Türkiyə əlaqələrindən, ölkəmizin iqtisadiyyatının, o cümlədən aqrar sahənin inkişafından, əlverişli investisiya mühitindən, sahibkarlar üçün yaradılan şəraitdən danışmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq, birgə fəaliyyət bir çox istiqamətləri əhatə edir. Ən mühüm potensial sahələrdən biri kənd təsərrüfatıdır və bu imkandan yetərincə istifadə olunmalıdır. Aqrar sektorda əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından konfransın əhəmiyyətini yüksək qiymətləndirən A.Əmiraslanov demişdir: "Kənd təsərrüfatı canlı orqanizmdir. Bu baxımdan aqrar idarəçilikdə olanlar, eyni zamanda, aqrar biznesin nümayəndələri üçün sektorda fəaliyyət göstərmək, işlər görmək, təşəbbüslər irəli sürmək o qədər də asan deyildir. Azərbaycan dövləti kənd təsərrüfatına, aqrar sektorun inkişafına çox böyük önəm verir. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafını iqtisadi siyasətin prioritetlərindən biri kimi müəyyən etmişdir. Davamlı və dayanıqlı tərəqqini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirməliyik. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin yarısı kənd yerlərində yaşayır, bu həm də sosial məsələdir. Ölkədə məşğul əhalinin 40 faizi kənd təsərrüfatında cəmləşmişdir. Aqrar sektor yoxsulluğun azaldılmasında çox böyük təsirə malikdir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda yoxsulluğun azaldılmasında aqrar sahədə həyata keçirilən islahatların, xüsusən torpaq islahatının da çox mühüm əhəmiyyəti olmuşdur. Regionların inkişafı Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə dövlətin gördüyü işlər kənd təsərrüfatı üçün imkanlar yaratdığı kimi, eyni zamanda, bu sahənin tərəqqisi də regionlarımızın inkişafına birbaşa təsir göstərməkdədir".

Kənd təsərrüfatı istehsalçılarına yaradılan şəraitdən, verilən subsidiyalardan danışan A.Əmiraslanov vurğulamışdır ki, Azərbaycan dövləti onları çox geniş istiqamətlər üzrə dəstəkləyir. Ən mühüm dəstək ondan ibarətdir ki, regionlarda infrastrukturun bərpası yükü məhz dövlətin üzərinə düşürbu, kənd təsərrüfatı istehsalçılarının fəaliyyəti üçün əlverişli şərait yaradır.

A.Əmiraslanov aqrar sahədə mövcud problemlərdən, qarşıda duran vəzifələrdən də danışmışdır. Diqqətə çatdırılmışdır ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatında vəziyyət tam ideal hesab oluna bilməz və bu sahədə problemlər vardır. İntensiv inkişafın təmin olunması ilə bağlı Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları qarşısında ciddi vəzifələr qoymuşdur. Əsas məqsəd intensiv inkişafı təmin etmək və sahənin məhsuldarlığını artırmaqdır. Fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkil olunması, kənd təsərrüfatı torpaqlarından effektiv və təyinatı üzrə istifadə edilməsi, texnika parkının modernləşdirilməsi, kooperasiyanın stimullaşdırılması, güzəştli kreditləşmə imkanlarının genişləndirilməsi və digər məsələlərin həlli olduqca vacibdir.

Konfransda Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Çingiz Gül çıxış etmişlər. Natiqlər Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafından, Azərbaycanda aqrar sənaye kompleksinin inkişafı sahəsində Türkiyə təcrübəsinin öyrənilməsindən, respublikamızda aqrar sahənin tərəqqisindən, sahibkarlar üçün yaradılan şəraitdən söhbət açmış, əməkdaşlığın perspektivlərindən bəhs etmişlər.

Konfransda "Türkiyənin kənd təsərrüfatı sahələrində investisiya imkanları", "Aqrar sahə yeni təfəkkür müstəvisində", "Azərbaycanda aqrar sənayeyə investisiya imkanları və perspektivləri", "Azərbaycanla icra edilən layihələr və görüləcək işlər" və digər mövzularda təqdimatlar olmuş, geniş müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2013.- 21 dekabr.- S.5.