«Şahdəniz-2» Fransa KİV-nin diqqət mərkəzində

 

"Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının imzalanması bir çox ölkələrin, o cümlədən Fransanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Fransanın nüfuzlu "Le Fiqaro" qəzetinin 19 dekabr tarixli nömrəsində dərc olunan "BP Azərbaycana 28 milyard ABŞ dolları investisiya qoymuşdur" adlı məqalədə "Şahdəniz-2" layihəsi ilə bağlı imzalanmış yekun investisiya qərarından və Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamasından bəhs olunur.

"Şahdəniz-2" layihəsinin XXI əsrin ən mühüm beynəlxalq layihələrindən biri kimi dəyərləndirildiyi məqalədə Bakıda BP ilə "Şahdəniz" konsorsiumu tərəfdaşları arasında imzalanmış sənədin Avropanın enerji xəritəsini dəyişdirəcəyi diqqətə çatdırılır.

Böyük Britaniya neft qrupunun, Fransanın Total və digər xarici şirkətlərin "Şahdəniz-2" yatağının istismarı ilə əlaqədar yaratdıqları ittifaq haqqında məlumat verilən məqalədə BP və ARDNŞ-in Trans-AnadoluTrans-Adriatik  qaz boru kəmərlərinin əsas investorları və operatorları olacağı vurğulanır. Eyni zamanda 3500 kilometr uzunluğunda olan boru kəməri vasitəsilə Azərbaycan qazının Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyanın cənub hissəsinə çatdırılacağı qeyd olunur.

Məqalədə "Şahdəniz-2" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanmasının Trans-AnadoluTrans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcəyi diqqətə çatdırılır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin "Şahdəniz-2" layihəsi ilə Azərbaycan qazı Avropaya yol açacaq" fikrinə istinad edilən  məqalədə gələcəkdə hər il 10 milyard kubmetr qazın Avropaya, 6 milyard kubmetr "mavi yanacağ"ın isə Türkiyəyə nəql olunacağı qeyd edilir.

Məqalədə, həmçinin ölkəmizin iqtisadi və digər sahələrdə Avropanın əsas strateji tərəfdaşı olduğu xatırlanır, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı vurğulanır.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2013.- 21 dekabr.- S.5.