Dövlət Sərhəd Xidmətinin 2013-cü ildə xidməti-döyüş

 fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi

 

Dekabrın 20-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.

Bu barədə AzərTAc-a DSX-nin mətbuat mərkəzindən məlumat verilmişdir.

Müşavirədə bildirilmişdir ki, başa çatmaqda olan 2013-cü il Azərbaycan Sərhəd Mühafizəsi üçün dövlət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın davamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tikinti-quruculuq işləri, qarşıya qoyulmuş xüsusi tapşırıqların icrası və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olmuşdur.

Bu uğurların əldə olunması ulu öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Lənkəran Sərhəd Dəstəsinin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunmuş yeni xidməti və yaşayış şəhərciyi  kompleksinin açılış mərasimində iştirak etməsi, sərhədçilərə xidməti mənzillərin orderlərini təqdim etməsi, DSX-nin hərbi qulluqçularını 5 orden, 37 medalla təltif etməsi, 3  zabiti ali hərbi rütbəli vəzifəyə təyin etməsi, 1 zabitə "general-mayor" hərbi rütbəsini verməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Qeyd edilmişdir ki, 2013-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən bir sıra nailiyyətlər əldə olunmuşdur. Bu il avqustun 23-26-da Xəzər dənizinin "Bulla-dəniz" yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində DSX əməkdaşlarının sərrast atəşləri nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması əsas uğurlardandır.

 Bu uğurların sırasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar hərbi paradda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən yeni alınmış hərbi texnikaların nümayiş etdirilməsi, sərhəd aviasiyası tərəfindən ilk dəfə olaraq hərbi paradda altılıq tərkibində nümayiş uçuşlarının yerinə yetirilməsi də əsas yer tutur.

 Avqustun 13-14-də DSX-nin təlim mərkəzində "Azərbaycan Respublikasının ərazisinə  düşmən qoşun qruplarının hücumlarının qarşısının alınması, terror təxribat qruplarının zərərsizləşdirilməsi" mövzusunda döyüş atışlı taktiki təlimlərin keçirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi xüsusi qeyd olunmalıdır.

Sərhəd aviasiyası tərəfindən dövlət sərhədinin dəniz və quru sahələrində ilk dəfə olaraq patrul nəzarəti uçuşlarının həyata keçirilməsi, Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycanın mənafelərinin təmin olunması, 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramının layihəsinin hazırlanması da DSX-nin qazandığı uğurlardandır.

Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələrində ilk dəfə Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində "Valideyn günləri"nin keçirilməsi, bu görüşlərin müddətli hərbi qulluqçularla təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün əhəmiyyəti qeyd olunmuşdur.

Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozduqlarına görə 18 min 158 nəfər saxlanılmışdır.

Sərhəd pozucularının 46 faizi Azərbaycan, 16,5 faizi Özbəkistan, 8,2 faizi İran, 4,9 faizi Gürcüstan, 4,7 faizi Moldova, 3,9 faizi Əfqanıstan, 3,5 faizi Nigeriya, 2,7 faizi Rusiya, 2,3 faizi Türkiyə, 7,3 faizi digər ölkə vətəndaşları olmuşlar.

Qeyd edilmişdir ki, hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilmişdir. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları  tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 1 silahlı sərhəd pozucusu zərərsizləşdirilmişdir.

Bildirilmişdir ki, il ərzində 2303 nəfər axtarışda olan şəxs tutulmuş, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd  nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır.

2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal  tutulmuş, 150 kiloqram 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Bu müddətdə 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.

Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazaxıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilmişdir. Azərbaycan Respublikasına məxsus 55 gəmi, Rusiya Federasiyasına məxsus 8 gəmi, İran İslam Respublikasına məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycan Respublikasına məxsus 274 qayıq barəsində zəruri tədbirlər görülmüşdür.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 35 min metr tor və 500 ədəd qarmaq yığılmışdır.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmişdir.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edilmişdir.

 

Azərbaycan.-2013.- 21 dekabr.- S.6.