«Azərbaycan qadını» jurnalının 90 illiyi qeyd olunmuşdur

 

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının 90 illiyi qeyd olunmuşdur.

Tədbirdə jurnalın  növbəti buraxılışı da  təqdim edilmişdir.

AzərTAc xəbər verir ki,  dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edərək  "Azərbaycan qadını" jurnalının ötən  illər ərzində fəaliyyətini yüksək qiymətləndirmişdir.

Ölkəmizdə muğam sənətinin, milli musiqinin inkişafına göstərilən dövlət qayğısı nəticəsində  istedadlı ifaçıların  meydana gəldiyini deyən rektor jurnalın səhifələrində musiqi incəsənəti ilə bağlı yazılara geniş yer verildiyini diqqətə çatdırmışdır.

S.Kərimi "Azərbaycan qadını"nın  çoxsaylı oxucularını, onun  müntəzəm nəşr olunmasında əməyi olanları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

1923-cü ilin noyabr ayından Azərbaycanda və müsəlman Şərqində ilk qadın jurnalının nəşrə başlaması həmin dövrdə böyük əks-səda doğurmuşdur. Ayda bir dəfə işıq üzü görən jurnalın ilk adı "Şərq qadını" olmuşdur.  Hər nömrəsi maraqla qarşılanan, bütün Şərq aləminə, o cümlədən keçmiş SSRİ respublikalarına yayılan jurnal yenilik carçısı, qadınların pozulmuş hüquqlarının müdafiəçisi kimi çıxış etmişdir.

Jurnalın populyarlığı digər Şərq ölkələrində, eləcə də bir çox sovet respublikalarında oxşar nəşrlərin yaranmasına səbəb olmuşdur. Odur ki, 1938-ci ilin fevralından etibarən jurnalın adı dəyişdirilərək "Azərbaycan qadını" adlandırılmışdır.

Bu nəşr Azərbaycanda ədəbi-bədii fikrin, mədəniyyətin inkişafında, qadın yazıçı və publisistlərin yetişməsində mühüm rol oynamışdır. Şəfiqə Əfəndizadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Ələviyyə Babayeva, Xalidə Hasilova, Əzizə Cəfərzadə, Xanımana Əlibəyli və başqalarının bir sıra əsərləri ilk dəfə burada dərc edilmişdir. SSRİ-nin dağılması ilə müşayiət olunan siyasi, iqtisadisosial böhran ölkədə çap edilən dövri nəşrlərin əksəriyyəti kimi, "Azərbaycan qadını" jurnalından da yan ötməmiş - jurnal  seyrək çıxmağa başlamışdır.

 Bir müddət çapı dayandırılan  jurnal yalnız 90-cı illərin ortalarında nəşrini bərpa edə bilmişdir. 2009-cu ildən yeni tərtibatla işıq üzü görən "Azərbaycan qadını" jurnalının səhifələrində ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmimizin, mədəniyyətimizin inkişafına təkan verən tədbirlər, eləcə də fəaliyyəti, yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasirlərimizlə maraqlı müsahibələr  yer almışdır.

Tarixi yoluna davam edən "Azərbaycan qadını" jurnalı  son buraxılışında da maraqlı mədəniyyət layihəsi ilə oxucuların görüşünə  gəlmişdir.

Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan "Azərbaycan qadını"nın növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Jurnalda dərc edilmiş "Dünyanın gözü Bakıda olacaq" yazısında Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunmuşdur.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunmuş materialda isə ölkəmizə gələn Nobel mükafatı laureatlarının eksklüziv müsahibələri verilmişdir.

Jurnalın budəfəki nömrəsində, həmçinin "Orfeyin ikinci həyatı", "Oksfordda Azərbaycan və Qafqazşünaslıq Mərkəzi", "Əbədi məhəbbət əfsanəsi", "Nəsil-nəsil gəncləşən muğam", "Xətlərin və fikirlərin harmoniyası", "Tanış və naməlum dünya", "Sənətə sevgi etirafları" kimi maraqlı materiallar yer almışdır.

Tədbir konsert proqramı ilə davam etmişdir. Gənc xanəndələr  Ayşən Mehdiyeva, Gülnar Qüdrətli, Güllü Muradova, Vəfa Orucova, Arzu Əliyeva Aytən Məhərrəmova "Muğam" instrumental qrupunun müşayiəti ilə (bədii rəhbər əməkdar artist Sahib Paşazadə) "Bayatı-Şiraz" muğamını ifa etmişlər.

 

Azərbaycan.-2013.- 22 dekabr.- S.6.