Rabitə və informasiya texnologiyaları naziri

 Şamaxıda vətəndaşlarla görüşmüşdür

 

Dekabrın 21-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şamaxı şəhərində  Qobustan, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, Şamaxı Telekommunikasiya Qovşağında keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 50 nəfərədək vətəndaşın müraciətinə baxılmışdır.

Nazir Əli Abbasov qəbula gələn  hər bir vətəndaşı diqqətlə dinləmişdir. Müraciətlər əsasən işlə təminat, işə bərpa, yeni yaşayış massivlərinin telefonla təminatı, internetlə bağlı problemlər, ucqar kəndlərin yüksək sürətli internetlə təmin olunması və s. məsələlərlə əlaqədar olmuşdur.

Müraciətlərin əksəriyyəti yerindəcə həll edilmiş, bəziləri isə araşdırılmaq üçün qeydiyyata götürülmüşdür.

Qəbula gələnlər yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Əli Abbasov həmin gün Ağsu rayonunun ərazisindəki Azərbaycanda ikinci ən güclü stansiya - 14 rayonu əhatə edən "Gülüstan" radio-televiziya yayım stansiyasına baş çəkmişdir. Nazir burada əməkdaşların şəraiti və stansiyanın texniki vəziyyəti ilə yaxından tanış olmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 22 dekabr.- S.7.