İqtisadiyyat və sənaye
naziri Tərtərdə vətəndaşları
qəbul etmişdir
Dekabrın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Tərtər və Goranboy rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbula gələn vətəndaşlar əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, heyvandarlıq təsərrüfatlarının və emal müəssisələrinin yaradılması, sosial və digər məsələlərlə bağlı müraciət etmişlər.
Sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılmış, onların müraciət və təklifləri dinlənilərək çörək istehsalı, heyvandarlıq, arıçılıq, balıqçılıq, meyvəçilik sahələrinin inkişafı, istixanaların yaradılması, mebel istehsalının təşkili və sair üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə göstərişlər verilmişdir.
Qəbulda, ümumilikdə, 50-dən çox vətəndaş iştirak etmişdir. Qəbul zamanı qaldırılan məsələlər nazirliyin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılmış, bir çox məsələlər yerindəcə həllini tapmışdır. Digər müraciətlərin isə araşdırılması və həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Sakinlər
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən mütəmadi olaraq bölgələrdə
vətəndaşların qəbulunun təşkilindən
razı qaldıqlarını söyləmiş, göstərilən
diqqət və qayğıya görə dövlət
başçısına minnətdarlıqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 22 dekabr.- S.7.