Qurucu lider

 

Bu gün Azərbaycan dövlətçilik tarixinin ən güclü, möhtəşəm və qüdrətli dövrünü yaşayır. Qazandığımız uğurlar, nail olduğumuz inkişaf göstəriciləri nə qədər genişmiqyaslı olsa da, təəssüf ki, gündəlik həyatımızda bu nailiyyətlər silsiləsi, intibah mənzərəsi sanki adiləşib. Yəni Azərbaycan elə bir yüksəlişin, elə bir gücün rəmzinə çevrilib ki, xalqımız hər bir yeni müvəffəqiyyəti, tərəqqinin növbəti təzahürünü normal, təbii qanunauyğunluq kimi qəbul edir.

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün məhz möhtərəm Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində mükəmməl inkişaf modelinə malikdir və müxtəlif sahələr üzrə əldə etdiyi yüksəliş dinamikası əslində bir cox dünya ölkələri üçün nümunəyə çevrilib: hər bir vətəndaşımıza qürur verən, onda özünəgüvəni artıran faktorlar o qədər çoxdur ki, xalqımız onları eşidəndə deyil, məhz eşitməyəndə təəccüblənir!

Təəssüf ki, bəziləri ötən əsrin 90-cı illərinin əvəlindəki ağır və böhranlı vəziyyəti unudurlar. Nəinki yeniyetmə və gənclər, hətta artıq yaşlaşmaqda olan nəslin nümayəndələri bəzən zənn edirlər ki, məhz elə belə də olmalıymış və bütün bu uğurlar da hansısa "təbii proseslərin" nəticəsidir.

Biz bu gün əldə etdiklərimizin həm qədrini bilməli, həm də onları xalqa nəsib edənlərə minnətdar olmağı unutmamalıyıq!

Bugünkü Azərbaycanla 20 il öncəki Azərbaycanın müqayisəsini mütəmadi aparmalıyıq!

Haradan gəlib, hansı məşəqqətlərdən keçərək bugünkü səviyyəyə çatmağımızı, tənəzzüldən tərəqqiyə keçidin məhrumiyyətlərini daim xatırlamalıyıq!

Bu gün inkişaf dinamikasına görə dünyada ön sıralarda olmağımızın qürurunu yaşayarkən, 20 il öncə iqtisadi böhran, anarxiya, parçalanma və dövlət müstəqilliyinin itirilməsi ilə üz-üzə olduğumuzu  unutmamalıyıq!

Bu gün paytaxtımızda dünyanın ən nüfuzlu sammitlərinin, forumlarının, konfranslarının, idman və musiqi yarışlarının keçirilməsi ilə fəxr edərkən, 20 il öncə Bakıda tankların şütüdüyünü, saat 8-dən sonra çölə çıxmaqdan çəkinməyimizi, qardaşın qardaşı güllələdiyini, Qarabağda döyüşməli olan əsgərlərin mərkəzdə hakimiyyət savaşı etməsini xatırlamalıyıq!

Bu gün Qafqazın iqtisadiyyatının tam olaraq 80 faizinə malik olmağımızla, büdcəmizin digər iki ölkənin birgə büdcəsindən 3-4 dəfə artıq olması ilə şərəf duyarkən, 20 il öncəki səfaləti, 1993-cü ildə dövlət büdcəsinin, ümumiyyətlə, qəbul edilməməsini unutmamalıyıq!

Bu kimi yüzlərlə faktı misal gətirmək olar. Ona görə də 20 il öncə ilə bu günün müqayisəsini və fərqini unutmamalıyıq, yaddan çıxartmamalıyıq və daim xatırlamalıyıq! Bu həqiqətləri həm də o dəhşətli günləri görməyən yeniyetmə və gənclərə də çatdırmalıyıq.

Xalqımız müdrikdir, qədirbiləndir. O, müqayisə əsasında seçim etməyi də bacarır, seçdiyini sonadək dəstəkləməyi də müqəddəs borcu sayır. Bu baxımdan cəmi iki ay öncə keçirilən mühüm bir hadisənin - prezident seçkilərinin nəticələrini də mən məhz bu konteksdə qəbul edirəm. Xalq ona yaşamaq inamı, ailəsini dolandımaq üçün iş yeri, günü-gündən yüksələn rifah, təhlükəsiz həyat, başqa ölkələrin nümunə kimi qəbul etdikləri qüdrətli dövlət bəxş edən siyasi kursa növbəti dəfə etimad göstərdi.

Bu seçkilər Heydər Əliyev siyasi kursuna, İlham Əliyev missiyasına xalqın etimad səsverməsi idi! Bu, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda cənab İlham Əliyevin fəaliyyəti sayəsində çadır şəhərciyindən müasir evlərə köçən, təsərrüfatını becərmək üçün hökumətdən yardım qəbul edən, dövlətdən sosial təminat  və mənzil alan, kəndində, şəhərində yeni xəstəxanası, məktəbi, yolları tikilən, daha xoş sabahına əmin olan, özünə və dövlətinə güvənən milyonların xilaskarlarına minnətdarlıq, inam aksiyası idi.

2013-cü ilin seçkilərində vətəndaşlarımız İlham Əliyevin şəxsində uğurlu gələcəyi, qüdrətli dövləti seçdilər. Seçimin qalibi təkcə Prezident İlham Əliyev deyil, həm də Azərbaycan dövləti və xalqı oldu.

10 il əsrin onda biridir. Tarix üçün çox kiçik andır. Hansısa dövlətin inkişaf və quruculuq mərhələsi, güclənməsi üçün isə bu dövr yetərli sayılmır, buna bir neçə onillik tələb olunur. Lakin respublikamız adətən bir neçə onilliklər, hətta bəzən əsrlər boyu əldə olunan yüksəlişə və tərəqqiyə cəmi 10 il ərzində nail olub. Bunlar cənab İlham Əliyevin yüksək işgüzarlığının, peşəkarlığının və fitri istedadının nəticəsidir. Onilliklər keçəcək və İlham Əliyevin hakimiyyətdə olduğu dövr böyük quruculuq və inkişaf dövrü, "Qurucu İlham" dövrü kimi tarixdə qalacaqdır.

Ulu öndər Heydər Əliyevin rəhbərlik illəri Azərbaycanın tənəzzüldən intibaha uğurlu keçidi, müstəqilliyin formalçılıqdan real müstəviyə transformasiyası, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşməsi və tətbiqi dövrü kimi tariximizin ən şərəfli səhifələrini təşkil edir. Prezident İlham Əliyev bu nailiyyətlərin əsasında tam yeni bir Azərbaycan qurdu.

İlham Əliyevin Azərbaycanı dünyanın nüfuzlu ölkələri cərgəsinə qoşulan, mövqeyi ilə hesablaşılan, fövqəldövlətlərə belə iradəsini göstərən qüdrətli respublikadır. Bu gün dünyanın mühüm bir qisminin enerji təminatı məhz Azərbaycanın üzərindədir. Respublikamız tək Qafqazın deyil, Avrasiya məkanının mühüm enerji, nəqliyyat logistikasını müəyyənləşdirən mühüm ölkələrdəndir.

Cəmi bir neçə gün öncə "Şahdəniz - 2" ilə bağlı imzalanan müqavilə həm ölkəmizin qarşıdakı onilliklərdə daha böyük uğurlara nail olacağının əməli əsasını qoydu, həm də Azərbaycanın Avropanın enerji xəritəsini dəyişən və onu yenidən müəyyənləşdirən dövlətə çevrilməsi qürurunu bizlərə bəxş etdi!

 

Bu milli qürurun da, milyonların iftixarının da müəllifi yenə də məhz Azərbaycan Prezidentidir!

Cənab İlham Əliyev planetar təfəkkürlü, bacarıqlı liderdir!

O, dünya ölkələrinin rəhbərləri sırasında tək şəxsi xarizması və nüfuzu ilə deyil, həm də müdrikliyi, düzgün strateji düşüncəsi, qlobal oyunlarda xalqının və ölkəsinin maraqlarını böyük ustalıqla qorumağı ilə fərqlənir, seçilir!

Bu gün Azərbaycanın inkişaf prosesinin mahiyyətində yalnız iqtisadi-sosial amil dayanmır. Dünya yalnız Azərbaycanın iqtisadi inkişaf modelini öyrənmir. Ölkəmiz tolerantlığın və multikulturalizmin ən mükəmməl örnəyi kimi dünya birliyində qəbul edilir. Biz minilliklərə bağlı mənəvi dəyərlərimizlə, mədəniyyət, incəsənət incilərimizlə dünyanı heyran qoyuruq. Qloballaşmanın sərt fəsadları Prezidentin birbaşa dəstəyi nəticəsində qorunan mili ənənələrimizə əsla xələl gətirmir.

Dünyanın coğrafi xəritəsində kiçik nöqtə kimi əks olunan Azərbaycan bu gün Prezident İlham Əliyev sayəsində dünyanın nüfuz və hesablaşmaq xəritəsində olduqca böyük görünür!

10 il öncə ulu öndər Heydər Əliyevdən "Mən Ona özüm qədər inanıram" - yüksək dəyərini alaraq xalqının etimadını qazanan möhtərəm Prezidentə bu gün bütün Azərbaycan inanır, güvənir!

Dünya dövlətlərinin rəhbərləri də birmənalı olaraq Azərbaycan Prezidentini sözünə sadiq, bütöv insan kimi qəbul edirlər!

Ötən on il ərzində Azərbaycan bir əsrlik tərəqqi, yüksəliş yolu keçdi. İnkişaf  göstəricilərinin 10 il ərzindəki faktları saysız-hesabsızdır. Artım tempinə nəzər salaq:

- ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, 150 milyard dollar investisiya qoyulub;

- dövlət büdcəsinin həcmi 20 dəfəyədək artıb, gələn ilin əsas maliyyə sənədi isə 20 milyard manatlıq həddi də keçir;

- strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə artaraq 50 milyard dollara çatıb;

- Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür;

- iqtisadi sahədə keçid dövrü uğurla başa çatıb, "İnkişafın Azərbaycan modeli" fenomeni dünyanın ən nüfuzlu tədqiqat və "beyin" mərkəzlərinin araşdırma mövzusuna çevrilib;

- milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə ölkəmiz 144 dövlət sırasında 39-cu yerdədir;

- 1 milyon 200 mindən artıq iş yeri açılıb, işsizlik 4,8 faizə düşüb;

- əhalinin sosial müdafiəsinə və təminatına yönəldilən dövlət vəsaitinin həcmi 9 dəfə, pensiyalar 10 dəfə, maaşlar isə 6 dəfə artıb, yoxsulluq 10 dəfə azalaraq 6 faizdən də aşağı enib, adambaşına düşən ÜDM-in həcmi 8000 dollara yaxınlaşır;

- 110 min məcburi köçkünün məskunlaşması və normal yaşayışı üçün 23500 yaşayış evindən ibarət 57 müasir qəsəbə və məhəllə (bütövlükdə isə 82 qəsəbə) salınıb;

- Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib, çoxsaylı dövlətlərə milyardlarla dollar həcmində investisiya qoyulub;

- Ermənistan bölgənin bütün strateji layihələrindən kənarlaşdırılıb, tam təcrid edilib və bu proses təcavüzkar dövlətin tam iflasına qədər davam edəcək;

- müdafiə xərcləri 20 dəfə yüksəlib və Azərbaycanda indi 750 adda hərbi təyinatlı məhsul istehsal olunur;

- 2708 məktəb, 500-ə yaxın tibb ocağı tikilib və əsaslı təmir olunub;

- 35 olimpiya kompleksi istifadəyə verilib, idman qurğularının sayı 10 minə çatdırılıb;

- 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metropoliten stansiyası tikilib, 10 min kilometrə yaxın avtomobil yolu və 207 yeni körpü istifadəyə verilib və s.

Bunlar çoxsaylı statistik göstəricilərin çox cüzi hissəsidir. Onları sadalamağa nəinki bir məqalə, heç bir kitab da bəs etməz. Əslində, buna heç ehtiyac da yoxdur. Çünki hər bir vətəndaş 10 ilin müsbət dəyişikliyini  həyatında, güzəranında, rifahında görür.

Bu gün Azərbaycan elə mühüm nailiyyətlərə imza atıb ki, onilliklər sonra da bu uğurlar böyük qürurla xatırlanacaq. Azərbaycan kosmik ölkələr sırasına qoşularaq ilk telekommunikasiya peykini Yer orbitinə çıxarıb və növbətisinin hazırlıqlarını yaxın illərdə yekunlaşdıracaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və iki müddətə quruma sədrlik etməsi ölkəmizin dünyada artan nüfuzunun, regional gücdən beynəlxalq aktora çevrilməsinin real göstəricisidir. Azərbaycan sammitlər məkanına çevrildi, "Eurovizion" tarixinin ən möhtəşəm müsabiqəsinə Bakı ev sahibliyi etdi, ilk Avropa Olimpiya Oyunlarının da məhz paytaxtımızda keçirilməsinə qərar verildi və s...

Prezident İlham Əliyev xalqa arxalanmaqla ucalmağı bacaran Liderdir. Hər bir azərbaycanlının Prezidenti həm də hər bir azərbaycanlının dostu, cəfakeşi, güvənci, qürur mənbəyidir. Bu gün hər birimiz bir də onunla qürur duyuruq ki, Mehriban xanım Əliyevanın fədakar xidmətləri həm Heydər Əliyevin ölməz ideyalarını davam etdirir, həm də Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstək və töhfə verən mükəmməl missiyaya çevrilir. İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olmasını təmin edən amillərdən biri də onun xeyirxahlıq, himayədarlıq siyasətində əsas yardımçısı olan Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətidir. Birinci şəxs-birinci xanım tandemi Azərbaycanda mərhəmətin və xeyirxahlığın ən ali səviyyəsini, xalqın inam və etimad ünvanını təşkil edir.

Prezident İlham Əliyevin genişmiqyaslı inkişaf və quruculuq fəaliyyətində Sumqayıt şəhəri də mühüm yer tutur. Əslində, son illərdə şəhərimizdə baş verən müsbət dəyişiklikləri, daha doğrusu inqilabi dəyişiklikləri mən "YENİ SUMQAYIT"ın zəmini sayıram.

Və yeni Sumqayıtın banisi də, müəllifi də, memarı da məhz cənab İlham Əliyevdir!

Son 2 il yarımda cənab Prezident 6 dəfə Sumqayıta səfər edib. Hər səfərdə yeni obyektlər istifadəyə verilməklə bərabər, ən müasir müəssisələrin yaranmasının da xeyir-duası verilib. Eyni zamanda möhtərəm Prezident fondundan dəfələrlə mühüm layihələrin icrası ilə bağlı iri maliyyə ayırmaları üçün sərəncamlar imzalayıb.

Prezidentin qoyduğu hədəf Bakı standartlarına yaxınlaşmaq, Yeni Sumqayıtı nəinki Cənubi Qafqazın, ümumilikdə Avropanın mühüm sənaye mərkəzlərindən birinə çevirməkdir!

Şübhəsiz ki, möhtərəm Prezidentin dəstəyi, nəzarəti, rəhbərliyi altında bu vəzifə də uğurla həyata keçiriləcəkdir. Bunun üçün mükəmməl təməl də var. Həqiqətən də, Sumqayıt bu gün iqtisadi potensialı ilə yanaşı, dünyanın ən müasir və modern şəhər quruculuğu standartlarına da uyğunlaşır. Sumqayıtda inkişafı indi 10 il, 5 il müqayisəsində aparmırıq. İnkişaf artıq aylar üzrə dinamik dəyişir. Məsələn, 2013-cü ilin 9 ayında şəhərimizdə ümumi daxili məhsul istehsalı 120 faiz, sənaye istehsalı 116 faiz təşkil etmişdir. Son dövrlərdə müxtəlif xarakterli obyektlərin - Sumqayıt Cümə məscidi, 1 saylı şəhər xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, Heydər parkı, Nəsimi parkı, Bismak Sağlam Qida Kompleksi, Metal-boru prokat zavodu və bir çox digər zavod, fabriklərin açılması Sumqayıtın mühüm uğurlarının bir qismidir. Bir sözlə, Sumqayıt hər gün inkişaf edir, böyüyür və yeni səviyyədə təqdim olunur. Buna görə biz daim cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Çünki bütün bu uğurlar Prezidentin  yüksək intellektinin, mükəmməl dünyagörüşünün nəticəsidir.

İlham Əliyev tarixin ən güclü, ən möhtəşəm, ən inkişaf edən Azərbaycanın şəriksiz lideri, xalqının taleyini onilliklər boyu etibar etməyə hazır olduğu rəhbərdir. Möhtərəm Prezidentin inauqurasiya zamanı çıxışında söylədiyi bu fikirlər - "Azərbaycan xalqı taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır" - sözləri əslində ötən 10 ili xarakterizə edən ən uğurlu faktdır. Həm də daha böyük inkişafa doğru gedilən yolda bizə yeni hədəflər müəyyənləşdirən məramdır.

Azərbaycan İlham Əliyevin rəhbərliyi altında tarixinin ən möhtəşəm 10 ilini böyük qürur və şərəflə yekunlaşdıraraq, növbəti yüksəliş onilliyinə qədəm qoyur. Qarşıda böyuk vəzifələr var. Onların tam gerçəkləşəcəyinə zərrə qədər də şübhə etmirik.

Çünki bu ölkənin rəhbəri İlham Əliyevdir!..

 

 

 

Eldar ƏZİZOV,

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan.-2013.- 24 dekabr.- S.6.