Gələcəyin yüksəliş və uğur yolu

 

"İnformasiya-kommunikasiya texnologiyaları ili"nin

 yekunları uğurlu nəticələrlə zəngindir

 

 

"İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq."

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

İnsan təbiəti məlumatlarla idarə edir. Ətraf aləmin sərt çılğınlıqlarının ram olunması, sadəcə, Adəm övladının fiziki imkanlarının qüdrəti ilə yanaşı, həm də bu şüurlu varlığın informasiya toplamaq, onlarla işləmək, öz addımlarını informasiyalardan çıxan nəticələrə uyğunlaşdırmaq ustalığının gücüdür. Bu mənada, daha çox informasiyaya sahib olmaq, həqiqətən, başqalarından üstün olmaq deməkdir.

Zaman keçdikcə, biz informasiyanın daha çox hakimlik etməyə başladığı başqa bir dünyada yaşamağa başlayırıq. Elə bir dünyada ki, dövlətlərin öz əsgərlərinin sayı, hərbi arsenalının qüdrəti ilə öyündüyü vaxtlar çoxdan onun keçmişində qalıb.

Zəmanəsinin görkəmli diplomatı olmuş Taleyran yüzilliklər bundan əvvəl deyirdi: "Kimin informasiyası çoxdursa, onun döyüş meydanında üstünlüyü də labüddür". İnformasiyalı cəmiyyət quruculuğu ta qədimdən bugünədək hər bir sivil və demokratik dövlətin əsas hədəflərindən biri kimi özünü göstərib.

Bəşər sivilizasiyasının hazırkı sosiomədəni mərhələsində hansısa dövlətin və ya xalqın inkişafını müasir informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir. Xüsusən də ictimai həyatın bütün sahələri üzrə operativ məlumatların "qəbulu" zərurəti müasir texnologiyalardan istifadəni insan cəmiyyətinin zəruri mənəvi-fizioloji və sosial tələbatlarından birinə çevirir. Bütün dünyada informasiya və kommunikasiya texnogiyalarının (İKT) - internet şəbəkəsinin, ənənəvi və rəqəmsal radio-televiziya sistemlərinin, eləcə də digər interaktiv audiovizual vasitələrin sürətli inkişafı "informasiya seli"nin insanın taleyində, onun yaşam tərzində mühüm rol oynadığını bir daha qabarıq göstərir.

Mahiyyət etibarilə informasiya cəmiyyəti yaşından, dilindən, dinindən, irqindən, sosial və  siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatının ödənməsini, onlar arasında sosial kommunikasiya mühitinin yaradılmasını, bilik və düşüncələrinin, istədikləri məlumatın ictimaiyyətə çatdırılmasını nəzərdə tutur.

 

 

 

İKT ilinə uğurlu "start"

 

 

 

XX əsrin sonlarına doğru ABŞ-ın sabiq dövlət katibi olan Albert Qorun belə bir fikri aforizmə çevrilmişdi: "İnterneti indidən qiymətləndirməyən ölkələr, bir neçə on ildən sonra, onu indidən qiymətləndirən ölkələrin nökərinə çevriləcəklər". Zamanının nüfuzlu dövlət xadiminin uzaqgörənliklə səsləndirdiyi bu fikir hələ illər əvvəl dünyanın qabaqcıl ölkələrinin təcrübəsi əsasında müəyyənləşən qlobal reallıqlara söykənirdi.

 

Bu təcrübə elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasətin bu gün hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısına çevrildiyini sübut edir. İKT-nin ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan yeni texnologiyalar üzrə dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir. Azərbaycan Respublikasında da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır. Təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan ən müasir infrastruktura kimi geniş bir spektri əhatə edən İKT-nin ən yeni nailiyyətlərinin Azərbaycanda tətbiqi və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.

 

Ümumiyyətlə, zəngin enerji resurslarına, bir neçə onillik boyu bəs edəcək böyük karbohidrogen yataqlarına malik olmasına rəğmən, Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri ilə əlamətdardır. Qeyd edilən sahə üzrə inkişaf dinamikası aydın göstərir ki, yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin miqyası neftdən qazanılan mənfəətə bərabər olacaq, daha sonra ilk əsas gəlirli sferaya çevriləcəkdir. Bu da öz növbəsində Azərbaycanda İKT sektorunun inkişaf dərəcəsinin kifayət qədər yüksək templərlə müşayiət olunduğunu aydın şəkildə nümayiş etdirir, ölkədə sözügedən istiqamətdə konkret hədəflərə hesablanmış məqsədyönlü siyasət həyata keçirildiyini sübuta yetirir.

 

Praqmatik siyasətçi kimi yeni dövrün reallıqlarını düzgün dəyərləndirən Prezident İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli "2013-cü ilin Azərbğaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" Sərəncamı da məhz bu reallıqla şərtlənmiş, modernləşmənin keyfiyyətcə yeni mərhələsinə uğuru transformasiya etmiş respublikamızın hazırkı sosial-iqtisadi inkişaf tempindən, cəmiyyətin ictimai şüur səviyyəsindən irəli gələn subyektiv tələbat olmuşdur. Sərəncamla həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Prezidentə təqdim etmək, Nazirlər Kabinetinə bununla bağlı irəli gələn məsələləri həll etmək tapşırılmışdır.

 

Ölkə başçısının 29 mart 2013-cü il tarixli digər sərəncamı ilə "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmiş, sektorun inkişafı ilə bağlı 4 strateji istiqamət müəyyən olunmuşdur. Təşkilati tədbirlər sırasında 2013-cü ilin "İKT ili" elan edilməsi ilə bağlı saytın yaradılması və fəaliyyətinin təmin edilməsi; şəhər və rayonlarda ictimai yerlərdə "İKT ili" ilə əlaqədar təşviqat xarakterli məlumatların yerləşdirilməsi, görülən işlər haqqında məlumatların kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılması; informasiya təhlükəsizliyi problemləri üzrə I respublika elmi-praktiki konfransı mövzusunda konfransın keçirilməsi; "İKT ili"nin yekununa həsr olunmuş təntənəli tədbirin keçirilməsi məsələləri önə çəkilmişdir.

 

Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi tədbirləri sırasında sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi; beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması; İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması; az domenindən istifadənin genişləndirilməsi, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi; rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi tədbirlərinin vacibliyi əksini tapmışdır.

 

Tədbirlər Planında üçüncü strateji istiqamət kimi İKT potensialının gücləndirilməsi; İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili; "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin təşkili; Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təşkili; İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin təşkili; "Elektron hökumət"in formalaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, elektron xidmətlərdən istifadənin kütləviliyinin artırılması üzrə fəaliyyətin genişləndirilməsi; elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi; "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərin elektronlaşdırılması üzrə tədbirlərin görülməsi; seçki prosesində İKT-nin tətbiqinin genişləndirilməsi; regionlarda genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi üzrə tədbirlər görülməsi, pilot layihənin həyata keçirilməsi xüsusi qeyd olunmuşdur. 

 

Nəhayət, Tədbirlər Planında dördüncü istiqamət olaraq informasiya cəmiyyəti və insan potensialının inkişafı; əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi; regionlarda "elektron hökumət" imkanlarından istifadəsinin təmin olunması məqsədilə ictimai informasiya köşkləri şəbəkəsinin genişləndirilməsi; İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi; Azərbaycan həqiqətlərini virtual məkanda əks etdirən informasiya resurslarının yaradılması, təbliği və yayılması üzrə tədbirlərin görülməsi; xaricdə yaşayan azərbaycanlılara informasiya dəstəyi üzrə tədbirlərin görülməsi, birgə onlayn forumun keçirilməsi; virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi; ictimai yerlərdə ödənişsiz "WiFi" zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi; İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi; regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi; İKT üzrə kadr hazırlığı səviyyəsinin artırılması üzrə təkliflərin hazırlanması, təhsil müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi kimi məsələlərin həlli önə çəkilmişdir.

 

2013-cü ilin "İKT ili" elan olunması, bu sahənin Azərbaycanın hazırkı və perspektiv inkişafındakı müstəsna rolu, qeyri-neft sektorunda böyük istehsal və ixrac potensialı ilə şərtlənir. Yeni düşüncəli vətəndaşın, kreativ menecerlər sinfinin formalaşdırılması, "e-hökumət"in qurulması İKT-nin inkişafı ilə bağlı praktik məsələlərdir.

 

 

 

İnkişafın perspektiv lokomotivi

 

 

 

Prezident İlham Əliyev tərəfindən 2020-ci ilədək ümumi daxili məhsul istehsalının 2 dəfəyədək artırılması qarşıda mühüm hədəf kimi müəyyənləşdirilmiş, bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı xüsusilə yüksək dəyərləndirilmişdir. Ölkə başçısının 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikanın uzunmüddətli inkişafını təmin edəcək strateji əhəmiyyətli sənəd olaraq informasiyalı cəmiyyətinin qurulması üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini önə çəkir.  Konsepsiyaya əsasən, 2020-ci ilədək İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "e-dövlət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur.

 

Konsepsiyaya əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında 2020-ci ilə qədər İKT sektoru üzrə illik gəlirlərin həcminin 8-9 milyard dollara çatdırmaq vəzifəsi dayanır.  Bu məqsədlə sektorun həcmini 4,5-5 dəfə artırmaq, orta illik artım tempini təqribən 15-20 faiz civarında saxlamaq nəzərdə tutulur. Özəl sektorun Azərbaycanın İKT sahəsinə yatırdığı investisiyalar (yerli və xarici) növbəti 10 ildə 3-4 milyard dollar təşkil etməlidir. Konsepsiyada, həmçinin vurğulanır ki, Azərbaycanın regionda artan nüfuzu və nəhəng layihələrin təşəbbüskarı kimi liderliyini davam etdirməsi yeni nəqliyyat, infrastruktur, enerji, telekommunikasiya layihələrinin reallaşmasına zəmin yaratmaqdadır.

 

Respublikamızın son illər informasiya texnologiyaları sayəsində yüksək inkişaf mərhələsinə qədəm qoyması regionda trans-informasiya dəhlizlərinin reallaşmasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan hazırda region ölkələrinin və beynəlxalq təşkilatların diqqətini cəlb edən nəhəng layihənin - fiber optik informasiya dəhlizinin müəllifi kimi diqqəti cəlb etməkdədir. Trans-Avropa-Asiya dəhlizi adlanan bu layihə Xəzər dənizinin dibi ilə geniş zolaqla rabitə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Layihə Qərblə Şərq arasında super informasiya magistralının yaradılmasına xidmət edir. Kabel magistralı İran və Fars körfəzi regionunu şərq marşrutu vasitəsilə Hindistan və Uzaq Şərq ilə, Qərb marşrutu vasitəsilə Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın koordinatoru olduğu layihə çərçivəsində Avropa və Asiya regionunun bir çox dövlətləri İKT-nin imkanlarından birgə faydalanacaqdır. Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəstəklədiyi transmilli magistrala Türkiyənin də marağı böyükdür. Türkiyə Trans-Avropa-Asiya magistralının informasiya resurslarının perspektivlərini yüksək dəyərləndirir və layihənin başa çatdırılması üçün konsorsium yaradılmasını təklif edir.

 

Azərbaycan, həmçinin İKT sahəsində bir çox layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin EPEG layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olmuşdur.

 

Ümumilikdə, yekunlaşmaq üzrə olan 2013-cü ildə həm "İKT ili"nin elan edilməsi ilə bağlı Tədbirlər Planında, həm də  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş bir çox strateji məqsədlər uğurla reallaşdırılmışdır.

 

Hər hansı sahənin inkişafı, ilk növbədə, onun mükəmməl qanunvericilik bazasının olması ilə şərtlənir. İKT-ni neftdən sonrakı inkişafın prioritet sahəsi elan etmiş dövlət başçısı İlham Əliyev son ildə sektorun dinamik inkişafını təmin edən bir sıra mühüm fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır.

 

Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" Azərbaycanda bu istiqamətdə dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olmuşdur. Bununla ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında qərarlaşmış, Cənubi Qafqazda isə birinci olmuşdur. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətə və bütün dünyaya bəyan etmişdir. İlk dəfə olaraq bu sənəddə dövlətin innovasiya inkişafında elmin rolu önə çəkilmiş, elmtutumlu yeni texnologiyalarının inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilmişdir.

 

Cənab İlham Əliyev Prezident seçildikdən sonra ilk xarici səfərinə BMT-nin mandatı altında 2003-cü ilin dekabr ayında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla başlamışdır. Azərbaycan Prezidenti həmin sammitdə bəyan etmişdir ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahələrdən biri kimi nəzərdən keçirilir. Ölkəmizin Cənubi Qafqaz bölgəsində bu sahədə liderlik etməsi real zəminə əsaslanır. Azərbaycan neftin əldə etdiyi gəlirlərin qeyri-neft sektoruna, yüksək texnologiyaların, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə yönəltməyi davamlı və tarazlı inkişaf baxımından son dərəcə vacib sayır. Ölkə başçısının "Qara qızılı insan qızılına, intellektual potensiala çevirək" tezisi Azərbaycan cəmiyyətində İKT-nin inkişafını stimullaşdıran başlıca amilə çevrilmişdir.

 

"Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya" (2003-2012-ci illər) əsasında son 10 ildə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında" və "Telekommunikasiya haqqında", "Poçt rabitəsi haqqında" kimi mühüm qanunlar, "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında", "Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı", "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və s. sənədlər qəbul edilmişdir.

 

Bu sahədə islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı  (Elektron Azərbaycan) təsdiq edilmişdir.

 

 

 

Daimi inkişaf üçün - bilikyönümlü İKT iqtisadiyyatının inkişafı

 

 

 

Ölkə iqtisadiyyatının daimi və sürətli inkişafının təmin edilməsi istiqamətində informasiya texnologiyalarına, təhsilə, ümumi texnoloji inkişafa, elmə böyük ümidlər bəslənilir. Bilikyönümlü İKT iqtisadiyyatının qurulmasında əsas inkişaf sütunları - elm və təhsilin və insan resurslarının inkişafı, informasiya texnologiyaları inkişafı və həmçinin də İKT sahəsi üzrə istehsalın artırılması və İKT biznesinin inkişafıdır. Hər üç inkişaf sütunları ölkə iqtisadiyyatının davamlı inkişafı üçün mühümdür və "Azərbaycan 2020: gələcəyə baxış" - İnkişaf Konsepsiyasında da öz əksini tapmışdır. Konsepsiyanın əsas hədəfləri ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi, neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, innovasiyalı iqtisadiyyatın yaradılması, iqtisadiyyatımızın rəqabətqabiliyyətliyinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer tutması və bu məqsədlərə çatmaq üçün insan resurslarının inkişafıdır.

 

Bu baxımdan hazırda rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsi  qarşımızda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə ölkədə Prezident İlham Əliyevin 2012-ci il 15 mart tarixli "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında" Sərəncamı da informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılmasına, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir. "İKT ili" ilə bağlı Tədbirlər Planına müvafiq olaraq informasiya texnologiyaları sahəsində istehsalyönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun tam fəaliyyəti təşkil edilmiş və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2013-cü il tarixli 853 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Fond İKT sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət adından maliyyə dəstəyi göstərəcək və bu sahədə şirkətlərə qrantlar, kreditlər və investisiyalar vasitəsilə dəstək olacaq. 

 

Azərbaycanda İKT-nin iqtisadi sektor kimi inkişafında ixrac potensialının genişləndirilməsi istiqamətində digər mühüm addımlardan biri  Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkıdır. Park isə informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir. Yüksək Texnologiyalar Parkının əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır. "Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir. Sənayeləşmə siyasətinin davamı olaraq hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir. Hazırda rezident şirkətlərin gömrük rüsumlarından da azad olunması istiqamətində işlər aparılır.

 

Qeyd edildiyi kimi, İKT iqtisadiyyatının əsas inkişaf sütunlarından biri elmin, təhsilin və insan kapitalının inkişafıdır. İKT sektorunun gələcəyi üçün insan resurslarının inkişafı da zəruridir. Sektor üzrə ixtisaslı kadr hazırlığı məqsədilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr qurulmuş, eyni zamanda 2013-cü ildə ölkəmizdə İnformasiya Texnologiyaları Universiteti yaradılmış və ilk tələbələrini qəbul etmişdir.

 

Ölkəmizin regionun əsas informasiya xidmətləri ixracatçısına çevrilməsi istiqamətində -  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" bu sahənin inkişafına geniş imkanlar açmışdır. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu il 3 may tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Qurum ötən illərdə telekommunikasiya peykinin, o cümlədən məsafədən distansion zondlama peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi sahəsində tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamı üzrə görülən ardıcıl işlərin nəticəsi kimi isə 8 fevral 2013-cü il tarixində ölkəmizin müasir tarixinin ən önəmli hadisələrindən biri baş vermişdir. Bu tarixdə müstəqil Azərbaycan dövlətinin ilk peyki orbitə buraxılmışdır.

 

RİTN bir müddət əvvəl daha bir telekommunikasiya peykinin hazırlanması və  orbitə çıxarılması üzrə tender elan etmişdir. Bunlar isə respublikamıza informasiya-kommunikasiya sahəsində daha böyük layihələri  gerçəkləşdirmək imkanı qazandıracaqdır.

 

 

 

Təhsilin elektronlaşdırılması prioritet məqsədlərdəndir

 

 

 

Respublikamızda İKT sahəsində həyata keçirilən siyasətin məqsədi həm də yeni əsrin tələblərinə cavab verə bilən müasir informasiya infrastukturunun, habelə iqtisadiyyatda əsaslı və prioritet yer tutan İKT məhsulları sektorunun yaradılmasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmtutumlu sahələrin inkişafı bilavasitə insan kapitalının formalaşmasını təmin edir. İntellektual kapital məhz təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. Bu baxımdan son zamanlar beynəlxalq qurumlar bir çox ölkələrdə insan kapitalını həmin parametrlərə görə ölçərək, milli sərvətin tərkibində istehsal və təbii resurslarla yanaşı, insan kapitalını da hesablayırlar.

 

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə elm və təhsilin inkişafı istiqamətində həyata keçirdiyi mühüm addımlardan biri də təhsil müəsisələrinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi proqramının qəbuludur. Dövlət başçısının hələ 2004-cü il 21 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)" ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşımışdır.

 

Proqram çərçivəsində ümumtəhsil məktəblərinin müasir tipli kompyuter avadanlıqları ilə təchizatı; ümumtəhsil məktəbləri müəllimlərinin, inzibati və texniki işçilərinin yeni informasiya və kommunikasiya texnologiyalarından istifadəni mənsəməsi; təhsildə İKT-dən istifadə üzrə normativ və metodiki bazanın inkişafı; tədris prosesində Azərbaycan dilində istifadə edilən müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənilib hazırlanması, yayılması və tətbiqi; təhsil sisteminin informasiya infrastrukturunun yaradılması, informasiya texnologiyaları əsasında müasir təhsilin metodologiyasının işlənib hazırlanması və digər vacib məsələlər müsbət həllini tapmışdır.

 

2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. 2012-ci ilin yekununa görə, məktəblərin 90 faizi kompyuterlə təchiz olunmuşdur. Hər iki proqramın uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 20 şagirdə 1 kompyuter düşür.

 

Hazırda RİTN qarşısında müəyyənləşdirilmiş vəzifələrdən biri də məktəblərin internetlə təmin olunmasıdır. Ümumilikdə, Azərbaycanın orta məktəblərində internetin yayılma səviyyəsi təqribən 35-40  faiz təşkil edir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, prioritet vəzifə qoşulmaların sayının artırılması, eləcə də məktəblərin keyfiyyətli internetlə, başlıca olaraq internetə optik çıxışla təmin edilməsidir. Bu məsələdə 2014-cü ilin yanvarından Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək genişzolaqlı internetin inkişafı layihəsi mühüm rol oynayacaqdır. Layihənin həyata keçirilməsi üçün hazırlıq işləri artıq çatmışdır. 2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələrini internetə yüksək sürətli çıxışla təmin etmək planlaşdırılır. Üçillik layihə yüksək rentabelli hesab edilir: ikinci ildən başlayaraq onun ümumi dəyərinin 30-35 faizi təkrar investisiya qoyuluşları hesabına maliyyələşdiriləcəkdir.

 

Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisini 30-100 meqabit saniyə həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcəkdir.

 

 

 

İKT təhlükəsizliyi təmin edilir

 

 

 

Ölkədə İKT-nin dinamik inkişaf tempi bu sahədə təhzlükəsizliyin təmini ilə bağlı kompdeks tədbirlərin həyata keçirilməsini də zəruri edir. Ölkə başçısının 19 iyun 2012-ci il tarixli "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında", habelə 26 sentyabr 2012-ci il tarixli "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanlar bu baxımdan müstəsna əhəmiyyətə malikdir.  "Elektron hökumət" proqramının uğurla həyata keçirilməsi, dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlər çeşidinin genişləndirilməsi, ödəniş sistemlərinin inkişafı, nağdsız dövriyyənin həcminin artması İKT resurslarının təhlükəsizliyi ilə bağlı kompleks  tədbirlərin görülməsini zəruri edir

 

"İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanla ölkədə informasiya dövriyyəsinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, həmçinin digər tədbirlərin gücləndirilməsi ilə bağlı mühüm müddəalar əksini tapmışdır. Fərmanla respublikada informasiya təhlükəsizliyi siyasətinin təmin olunması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yeni qurumlar - Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, habelə RİTN -nin tabeliyində Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması müasir dövrdə kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi baxımından vacib əhəmiyyətə malik qurumlardır. Agentlik xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, təhlükəsizliyini və inkişafını təmin edir, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirir.

 

Sonuncu fərmanla ölkədə informasiya dövriyyəsinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, həmçinin digər tədbirlərin gücləndirilməsi ilə bağlı mühüm müddəalar əksini tapmışdır.

 

 

 

Elektron xidmətlər genişləndirilir

 

 

 

Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanı Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması prosesinə əlavə təkan vermişdir. Bu fərman İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi ilə vətəndaş-dövlət münasibətlərinin yeni müstəvidə qurulmasında, şəffaflığın təmin olunmasında, korrupsiya və bürokratik amillərin aradan qaldırılmasında mühüm rol oynayır. Fərman İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi ilə vətəndaş-dövlət münasibətlərinin yeni müstəvidə qurulmasında, şəffaflığın təmin olunmasında, korrupsiya və bürokratik amillərin aradan qaldırılmasında mühüm rol oynamışdır.

 

"Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərmiş və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirmişdir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "Elektron hökumət" portalı (www.e-gov.az) tətbiq edilmişdir.

 

"Elektron hökumət" saytında təqdim edilən xidmətlərdən ayda təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıdakı 425 xidmətdən 275-i "Elektron hökumət" və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilmişdir. Bu müddət ərzində təxminən 500 minə yaxın xidmət elektron formada əhaliyə göstərilmişdir.

 

Statistika göstərir ki, vətəndaşlar bu xidmətlərə çox böyük maraq göstərirlər. Azərbaycanda elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumu isə məhz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Bu elektron xidmətlər qanunvericiliyə müvafiq olaraq ümumilikdə 11 fəaliyyət növünə (telekommunikasiya və poçt xidmətləri, biometrik texnologiyaların yaradılması, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və s.) lisenziyanın, habelə nömrə resurslarının ayrılması, təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin ölkədə yayılmasına, ixrac nəzarətinə düşən mallar üzrə və müəyyən əşyaların dövriyyəsinə xüsusi icazələr verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini nəzərdə tutur.

 

Hüquqi və fizik şəxslər nazirliyin www.mincom.gov.az internet saytının "Elektron xidmətlər" bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq müvafiq fəaliyyət növünü seçir və həmin fəaliyyət növünə uyğun olaraq açılan müraciət formasına elektron imzaları ilə təsdiq etdikləri ərizələri və müvafiq sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərirlər. Bundan sonra onların e-poçtlarına müraciətlərinin statusu, təqdim edilmiş sənədlərdəki çatışmazlıqlar, qəbul edilən qərarlar və s. barədə bildiriş göndərilir. Bu elektron xidmətlərlə inzibati prosedurlar elektron formada həyata keçirilir və yalnız yekunda qanunvericiliyə uyğun olaraq lisenziyalar və icazələr fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir. Fərmanın tələblərindən irəli gələrək, xidmətlərin göstərilməsi zamanı bəzi zəruri sənədlər müraciət edən şəxslərdən istənilmir və həmin sənədlər barədə məlumat elektron sorğular əsasında aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatından əldə edilir.

 

Azərbaycanda  elektron hökumətin formalaşdırılmasında əsas mərhələlərdən biri də elektron imzadan istifadənin təşkilinə xidmət edən Açıq Açar İnfrastrukturunun qurulması və Milli Sertifikat Xidmətləri Mərkəzinin istifadəyə verilməsidir. Elektron imzanın əldə edilməsi üçün respublikanın poçt şöbələrində qeydiyyat mərkəzləri yaradılmışdır. Elektron imza əhalinin elektron hökumət xidmətlərindən geniş istifadəsinə şərait yaradacaq, ölkədə elektron ticarətin və bütövlükdə informasiya texnologiyalarının inkişafını yeni mərhələyə çıxaracaqdır.

 

Prezident İlham Əliyevin ölkədə ən yeni texnologiyaların tətbiqi üzrə reallaşdırdığı tədbirlərin nəticəsidir ki, bu gün rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların, dövlət sosial sığortası üzrə hesabatların, sığortaolunanlar barədə məlumatların elektron şəkildə təqdim olunması, fərdi sahibkarların qeydiyyatı, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak, ünvanlı sosial yardım almaq üçün elektron ərizələrin qəbulu, əmlak üzərində yüklülük arayışının alınması və s. elektron formada tətbiq edilir.

 

 

 

Sektor üzrə nəticələr uğurludur

 

 

 

İKT sahəsində tətbiq olunan yeniliklərin son məqsədi, ilk növbədə respublikamızı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Azərbaycanın fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşməsi respublikanın Şərqlə-Qərb arasında informasiya tranziti məkanına çevrilməsi imkanlarını genişləndirir. Məhz buna görə də son zamanlar dünyanın ən böyük kommunikasiya şirkətləri Azərbaycana maraq göstərirlər. Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan iqtisadi forumlar çərçivəsində dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin ("Microsoft", "Cisco" və "İntel" və s.) rəhbərlərinin Prezident İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru üzrə yüksək potensialı əcnəbi sərmayədarların da diqqətini cəlb edir.

 

Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Ümumilikdə, ötən 10 ildə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoruna 3 milyard dollar sərmayə yatırılmışdır. 1993-2013-cü illər ərzində İKT sektorunun dəstəklənməsi sayəsində bazarda yeni stasionar və mobil operatorlar, İKT məhsulları istehsalçıları meydana gəlmiş, sağlam rəqabət mühitinin yaradılması üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu müddətdə İKT üzrə özəl sektorun həcmi 80 faizə çatmışdır.

 

Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisi, 50 faizi isə genişzolaqlı xidmət istifadəçisidir.

 

Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır. Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.

 

Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun (World Economic Forum -WEF) "Qlobal informasiya texnologiyaları 2013" ("Global İnformation Technology Report 2013") adlı hesabatına görə, Azərbaycan mobil rabitənin əhatə dairəsinə görə dünyanın 144 ölkəsi arasında birincilər sırasındadır, İKT sektoruna verdiyi dəstəyə görə isə səkkizinci sıradadır. Ölkəmiz bu sahədə Koreya, Norveç, ABŞ, Almaniya və Böyük Britaniya kimi inkişaf etmiş ölkələri qabaqlayır. Halbuki, 2011-ci ildə Azərbaycan mobil rabitənin əhatə dairəsinə görə 138 ölkə arasında 40-cı yerdə qərarlaşmışdı. Bundan başqa, Azərbaycan mobil rabitənin tarifinə görə 144 ölkə arasında 28-ci, internet tariflərinə görə 16-cı, İKT-ni ölkədə prioritet sahə hesab edən dövlətlər arasında 9-cu, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşır. İnternet istifadəçilərinin sayına görə də Azərbaycan regionda liderdir. İnternet istifadəçilərinin sayına görə tərtib edilən siyahıda Azərbaycan 56-cı sırada yer aldığı halda, region ölkələrindən Rusiya 57-ci, Qazaxıstan 62-ci, Türkiyə 69-cu, Gürcüstan 71-ci, Ermənistan 83-cü, İran isə 96-cı yerdə qərarlaşmışdır.

 

Ümumiyyətlə, mütəxəssislər hesab edirlər ki, Azərbaycanda "qızıl üçbucağ"-ın (invesitisiya, insan kapitalı və biznes fəaliyyəti üçün iqtisadi mühit) əsaslarının formalaşdırılması üçün mühüm addımlar atılmışdır. Belə ki, ölkədə İKT-nin İnkişafı üzrə Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyaları Universitetinin yaradılması sözügedən üçbucağın daha da təkmil formada fəaliyyət göstərməsi üçün təkanverici rola malik olacaqdır və ümumi nəticədə ölkəmiz yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi prosesi daha da sürətlənəcəkdir.

 

 

 

"BakuTel" sərgisi - İKT-nin dinamik inkişaf göstəricisi

 

 

 

Bir neçə gün əvvəl Bakıda təşkil olunmuş 19-cu "Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgi-konfransı ("BakuTel-2013") respublikamızın İKT sahəsində böyük inkişaf potensialına malik olduğunu, region əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına uğurla reallaşdırdığını bir daha təsdiqləmişdir.

 

BakuTel-2013" yalnız yeniliklərin nümayişi və müqavilələrin imzalanması üçün işgüzar meydan deyil, həm də İKT sektorunun və ümumən internet idarəçiliyinin inkişafı sahəsində fəal müzakirələrin aparılması baxımından platforma rolunu oynayır. Hər il təşkil olunan "BakuTel" sərgiləri ölkəmizin telekommunikasiya və informasiya texnologiyaları sektorunun nailiyyətlərini dünyaya nümayiş etdirmək, bu sahədə innovativ layihələri stimullaşdırmaq, müzakirələr, danışıqlar aparmaq, biznes münasibətləri qurmaq baxımından əhəmiyyətlidir. Builki sərgi də yerli İKT müəssisələrinin inkişafına nəzərəçarpacaq töhfə verməklə, onları dünya standartlarına cavab verən rəqabətədavamlı məhsullar istehsal etməyə istiqamətləndirirdi.

 

Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması respublika Prezidenti İlham Əliyevin himayəsi ilə hər il təşkil olunan "BakuTel" sərgi-konfransında Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyini rəhbər şəxslərinin mütəmadi iştirakı bu qlobal tədbirin nüfuzunu sübut edən amillərdir. Builki sərgi və konfransın "İKT ili" çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması tədbirin əhəmiyyətini daha da artırmışdır. Sərgiyə marağın artmasını təsdiq edən digər amillər isə builki ekspozisiya meydançasının 35 faiz genişləndirilməsi və "BakuTel-2013"də dünyanın 28 ölkəsindən 300 şirkətin iştirak etməsi olmuşdur. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır. "BakuTel" sərgisində ilk dəfə olaraq "İnnovativ məhsullar və həllər" adlı Azərbaycan milli pavilyonu yaradılmış və maraqla qarşılanmışdır.

 

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture sərgi iştirakçılarına göndərdiyi təbrik məktubunda demişdir: "Biz Prezident İlham Əliyevin 2003-cü ildə Cenevrədə bəyan etdiyi "Qara qızılı insan qızılına çevirək!" tezisini xatırlayırıq. Artıq Azərbaycanda İKT sektoru ötən səkkiz illə müqayisədə beş qat inkişaf edib. Mən İKT sektorunun enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ikinci sürətlə inkişaf edən sektoru olacağına əminəm. İnanıram ki, Azərbaycan böyük rəqəmsal ölkəyə çevriləcək".

 

"İKT ili"nin yekunları göstərir ki, respublikamızda bu sahənin inkişafı təkcə sosial-iqtisadi amillərlə şərtlənmir. Azərbaycan bu sektorun inkişafına həm də ölkənin elmi-intellektual, mədəni yüksəlişi, insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vasitəsi kimi baxır. Əminliklə demək olar ki, ölkədə İKT-nin inkişafı sahəsində həyata keçirilən strategiya respublikamızın yaxın perspektivdə bu sahədə daha öncül mövqelərə çıxmasını təmin edəcəkdir.

 

 

 

Bəxtiyar ƏZİZLİ,

Azərbaycan.-2013.- 24 dekabr.- S.8-9.