Azərbaycan gəncliyi özünü arxayın, güvənli hiss edir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət və qayğı göstərilməsidir. Məhz bunun nəticəsidir ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, mədəni təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Azərbaycan gəncləri təkcə ölkəmizdə deyil, dünyanın dörd bir yanında sözünü deyir, Azərbaycan Bayrağını zirvələrə qaldırır.

Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Düşünürəm ki, bu sözlər hər bir Azərbaycan gəncinə stimul verir, dövlətimizin, ölkəmizin inkişafına, rifahına dair işlər görməkdə daha da ruhlandırır. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq dövlətimizin parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan əhalisinin 2,8 milyonuya 31 faizi gənclərdir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Bütün bu amillər biz gəncləri bundan sonra daha böyük nailiyyətlər qazanmağa stimullaşdırır. Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər də bu qayğının parlaq ifadəsidir. Dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli yararlanırlar.

Gənclərin dostu və himayədarı Prezident İlham Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi özünü arxayın, güvənli hiss edir.

 

Azərbaycan.-2013.- 24 dekabr.- S.11.