«İlham Əliyev 10 il hakimiyyətdə» kitabının təqdimatı keçirildi

 

Dekabrın 23-də Sumqayıt Tarix Muzeyində "İlham Əliyev 10 il hakimiyyətdə" adlı kitabın təqdimat mərasimi keçirildi.

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri A.İmaməliyev tədbiri açaraq bildirdi ki, "İlham Əliyev 10 il hakimiyyətdə" adlı elmi-praktik konfransın materialları kitab halında çap edilib.

Milli Məclisin deputatı, əməkdar elm xadimi Yaqub Mahmudov kitabın  nəşrinin mühüm əhəmiyyət kəsb etdiyini dedi. Ölkənin uğurlarını sadalayan natiq bu illərin quruculuq illəri olduğunu bildirdi.

Ölkəmizin inkişafından söz açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərin xronologiyası mühüm siyasi, sosial-iqtisadi uğurlarla çox zəngindir. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində təkcə paytaxt deyil,  respublikamızın regionları da sürətlə inkişaf edir. İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir.

Milli Məclisin deputatı Musa Qasımlı kitabın nəşrinin təqdirəlayiq hal olduğunu qeyd etdi. Əmin olduğunu bildirdi ki, bu kitab dünya kitabxanalarında ən çox oxunan vəsaitlərdən biri olacaq. Milli Məclisin deputatı Elmira Axundova isə ölkəmizin uğurlarından söz açaraq qeyd etdi ki, Azərbaycanın mötəbər siyasi, iqtisadi, humanitar, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin yüksəlişinin təsdiqidir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Əlikram Abdullayevin sözlərinə görə Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrini ümummilli lider Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev yazmışlar. Müstəqillik dövrünü şərəflə yaşayan ölkəmizdə əldə edilən nailiyyətlərin fövqündə hər iki siyasətçinin zəkası dayanır.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, Prezident İlham Əliyevin fəaliyyətinin hər ili ölkə həyatında mühüm hadisədir. Cənab İlham Əliyevin respublikaya rəhbərlik illəri tam mənada bütöv bir epoxadır. Dövlət başçısı ölkəmizin dünya birliyinə inteqrasiyasını genişləndirərək qətiyyətli və ardıcıl siyasət yürüdür. Bu gün Azərbaycan dünyada sayılıb-seçilən qüdrətli, öz sözünü deyən sabit dövlət kimi tanınır.

Son illər ölkəmizin sürətli inkişafı Sumqayıtın da timsalında açıq-aydın görünməkdədir. Abadlıq işləri nəticəsində Sumqayıtın siması dəyişib. Bakı standartlarına yaxınlaşan Sumqayıt, sözün həqiqi mənasında, xarüqələr diyarına, inkişafın vüsət aldığı məkana çevrilib. Sakinlərin sosial rifah halı kökündən dəyişib.

Eldar Əzizov qeyd etdi ki, Azərbaycanın tərəqqisi ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının təntənəsidir. Yüksək dinamizmə əsaslanan bu tərəqqinin diqqət çəkən əsas tərəfi Azərbaycanın yeni və möhtəşəm nailiyyətləri sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilməsidir. Bu gün Cənubi Qafqazda həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan istənilən transmilli layihə ölkəmizin iştirak və razılığı olmadan reallaşa bilməz.

"Şərq-Qərb" nəşriyyatında Sumqayıt Şəhər İcra Hakimiyyətinin və YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə çapdan çıxmış "İlham Əliyev 10 il hakimiyyətdə" kitabı toplantı iştirakçılarına paylandı.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2013.- 24 dekabr.- S.13.