Gənclərin inkişafını və fəaliyyətini stimullaşdırmaq

 üçün münbit şərait yaradılıb

 

Bir dövlətin və millətin xoşbəxt gələcəyi üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu baxımdan gənclərin cəmiyyət həyatının bütün sferalarında fəal iştirakının təmin edilməsi yeni nəslin sağlam inkişafının əsas şərtlərindən biridir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Ayıq, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində, ölkə rəhbəri olduğu dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Hələ ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi o dövrdə dövlət orqanlarının fəaliyyətində gənclərlə işə daha çox önəm verilib, bu, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Həmin illər ərzində SSRİ-nin müxtəlif respublikalarının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilən azərbaycanlıların sayı 1969-cu ildə cəmi 47 nəfər olduğu halda, 1980-ci illərin əvvəllərində 1000 nəfərə çatmışdı.

1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyini təmin edən ulu öndər Heydər Əliyev ilk günlərdən gənclərin problem və qayğıları ilə maraqlandı. 1993-cü ilin sentyabrında Ali Sovetdə gənclərin nümayəndələrini qəbul edərək onları dinləyən, 1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət idarəetmə orqanını - Gənclər və İdman Nazirliyini yaradan, bir qədər sonra bütün şəhər və rayonlarda bu nazirliyin yerli idarələrinin təşkilinə sərəncam verən, hər il büdcədən gənclər siyasəti üçün ayırmaların artırılmasını təmin edən Heydər Əliyev gənclərə böyük ümidlər bəsləyirdi. Bu da özünü doğruldurdu.

1996-cı il fevralın 2-də keçirilən müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu respublikanın hər yerində gənclərlə aparılan işin canlanmasına təkan verdi. Forumdan sonra gənc istedadların "Qızıl kitab"ının təsis edilməsi, fevralın 2-nin təqvimə Azərbaycan Gəncləri Günü kimi daxil edilməsi, 1997-ci ildə gənc yazıçılarla görüşlərin keçirilməsi, onlar üçün fərdi təqaüdlərin ayrılması və digər tədbirlər gənclərin təşkilatlanmaya olan meyillərinin artmasına, müasir gənclər hərəkatının formalaşmasına şərait yaratdı.

Ötən 10 ildə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan məhz Heydər Əliyevin müəllifi olduğu siyasətin nəticəsində tarixdə olmadığı qədər güclü dövlətə çevrilib. Bu siyasəti yaşadan, inamla davam etdirən, dövrün tələblərinə uyğunlaşdıran isə Prezident İlham Əliyevdir. Ölkəmizdə bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Gördüyü işlərin miqyası ilə bütün xalqımızın rəğbətini qazanan Prezident İlham Əliyevin son 10 ildəki fəaliyyətini ümumiləşdirilmiş şəkildə belə xarakterizə etmək olar: güclü hakimiyyət, güclü iqtisadiyyat, güclü xalq. Bir-biri ilə sıx bağlı olan bu məsələlər məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son on ildə həllini taparaq Azərbaycanın inamlı tərəqqi yoluna çıxmasını təmin edib.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti də müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Ötən 10 ildə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram", - deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. 2005-ci ildə "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009) təsdiq edilməsi haqqında" imzalanmış sərəncam gənclərə olan dövlət qayğısının davamı idi. "Neft gəlirlərini insan kapitalına" çevirən Prezident İlham Əliyev bu işdə də gənclərin üzərinə böyük məsuliyyət qoydu və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiqlədi.

2007-ci ili ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi isə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimadının və yüksək münasibətinin əyani təzahürü oldu. Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Proqramın həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlir.

Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondunun və Gənclər Evinin yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.

Beləliklə, ötən 10 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər bu kimi məsələlər layiqincə həyata keçirilib.

Dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Hər il xarici ölkələrdə təhsil almağa göndərilən gənclərin sayı artır. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm göstəricisidir. Elmi müəssisələrin, məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına  şərait yaradıb.

Bu gün gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq üçün onların hazırladıqları layihələrə xüsusi diqqətlə yanaşılır, gənclərə öz fikirlərini daha aydın bildirmək imkanı yaradılır. Bu məqsədlə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tərkib hissəsi kimi yaradılan Gənclər Fondu tərəfindən mütəmadi olaraq qrant müsabiqələri elan olunur, gənclərin maraqlarına cavab verən, onların inkişafına xidmət edənictimai fəallığını artıran layihələr dövlət tərəfindən dəstəklənir.

Gənclər tərəfindən həyata keçirilmiş uğurlu layihələr sırasında Azərbaycan Respublikasının ilk ensiklopedik saytının (Azens.az) yaradılması mühüm yer tutur. "Azens.az" 2012-ci ilin iyul ayında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin dəstəyi ilə yaradılıb.

Elmin inkişafı, informasiya cəmiyyətinin formalaşması  və digər bu kimi aktual məsələlər Azərbaycanda inkişaf strategiyasının mühüm prioritetləridir. Çünki dövlətin sosial-iqtisadi qüdrəti, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişafı və cəmiyyətin informasiya ilə təminatının  səviyyəsi ilə birbaşa əlaqəlidir. İnformasiya cəmiyyətinin də əsas fəlsəfəsi bütün insanların məlumat tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və fikirləri, arzulanan məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. "Azens.az" özlüyündə bütün bu xüsusiyyətləri birləşdirərək cəmiyyətimizin tərəqqisinə xidmət etməyi qarşısına məqsəd qoyub.

"Azens.az"ın əsas məqsədlərindən biriana dilimizin inkişafıdır. Saytda yerləşdirilən mətnlər müxtəlif xarici dillərdən tərcümə edilirbu zaman ana dilimizin zənginləşdirilməsinə xidmət edən məqamlara xüsusi diqqət yetirilir. Bu mənada saytın oxucu kütləsini yalnız Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlılar əhatə edir. Xaricdə təhsil alan və almış gənclərlə mütəmadi ünsiyyətdə olduğumdan onların problemləri ilə də yaxından tanışam. Onların ən çox gileyləndikləri mövzu istədikləri məlumatı Azərbaycan dilində əldə edə bilməmələridir. "Azens.az"  bu problemlərin yoluna qoyulması üçün əzmlə çalışır. Gələcəkdə isə saytımız tərəfindən bu qəbildən olan digər layihələr də həyata keçiriləcək.

Gənclik yalnız ölkənin gələcəyi deyil, həm də bugünüdür. Bu səbəbdən Azərbaycanda gənclərin inkişafını və fəaliyyətini stimullaşdırmaq üçün dövlət tərəfindən münbit şərait yaradılıb. Prezident İlham Əliyev gənc nəslin intellektual, kreativ, vətənpərvər formalaşmasına  xüsusi diqqət ayırır. Bütün bunlar isə gənclərin məsuliyyətini daha da artırır, onları dövlətin etimadını layiqincə doğrultmağa səsləyir.

 

 

 

Jalə ORUCOVA,

Azərbaycan Respublikasının ilk

 ensiklopedik saytının (Azens.az) rəhbəri

Azərbaycan.-2013.- 24 dekabr.- S.15.