Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə

 əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti türkiyəli həmkarı İsmət Yılmazın dəvəti ilə Ankarada səfərdədir.

Azərbaycan nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etmişdir.

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və İsmət Yılmazın görüşündə iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Fəxri qonaqlar kitabını imzalamışdır.

Azərbaycan nümayəndə heyətini Türkiyə Prezidenti Abdullah Gül də qəbul etmişdir. Zakir Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə Prezidentinə çatdırmışdır. Prezident Abdullah Gülonun salamlarını dövlət başçısına çatdırmağı xahiş etmişdir.

Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da iştirak etmişdir.

Səfər çərçivəsində Zakir Həsənovun Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özəllə də görüşü olacaqdır.

Nümayəndə heyəti, həmçinin Türk Aviasiya və Kosmik Sənayesi şirkəti və ASELSAN şirkəti ilə tanış olacaqdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.- 25 dekabr.- S.4.