Polşanın Azərbaycandakı fövqəladə və

səlahiyyətli səfiri BANM-da olmuşdur

 

Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Bakı Ali Neft Məktəbində (BANM) olmuşdur.

Qonağı BANM-da görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov ARDNŞ-in son illərdə keçdiyi inkişaf yolundan danışmış, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır. O, bir neçə gün əvvəl Bakıda imzalanan "Şahdəniz-2" üzrə yekun investisiya sazişinin Azərbaycan və Avropa üçün önəmindən danışmış, bildirmişdir ki, bu, dünyanın ən iri enerji layihələrindən biridir. Neft-qaz layihələrində işləyə biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinin də dövlətin qarşısında duran vacib məsələlərdən biri olduğu qeyd edilmişdir. Bu məqsədlə ölkədə aparılan təhsil islahatlarından danışan E.Qasımov həmçinin vurğulamışdır ki, BANM da məhz müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılmışdır.

Tədbirdə Azərbaycan və Polşa respublikaları arasında tarixən isti münasibətlərin olduğu, Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neftin çıxarılmasında və dənizin qurudulması üsulunun tətbiq olunmasında polşalı mühəndislərin yaxından iştirakı qeyd olunmuşdur. Ümumiyyətlə, Polşada mühəndislik ixtisasına önəm verildiyi diqqətə çatdırılmışdır.

Daha sonra ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyi  qeyd edilmiş, qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verilmişdir. Rektor E.Qasımov Şərqi Avropanın ən qədim ali məktəblərindən olan Polşanın ElmTexnologiyalar Akademiyası ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini demişdir.

Səfir Mixal Labenda bildirmişdir ki, Azərbaycan və Polşa dost dövlətlər olmaqla yanaşı, eyni zamanda bir çox sahələrdə yaxın müttəfiq dövlətlərdir. O, günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının əhəmiyyətini qeyd etmiş, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşanın müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün lazımi dəstək verməyə hazır olduğunu bildirmişdir.

 

Azərbaycan.-2013.- 25 dekabr.- S.5.