Qayğınızdan qürur duyuruq

 

Redaksiyamıza Kamran Hüseynovun ailəsindən dövlət başçısına ünvanlanan minnətdarlıq məktubu daxil olmuşdur. Xatırladaq ki,  K.Hüseynov  uzun müddət Azərbaycan Respublikasında müxtəlif vəzifələrdə çalışmış, onun fəaliyyəti ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, bir sıra ordenmedallara layiq görülmüşdür. Bu il isə 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Məktubda deyilir: 

 

"Möhtərəm cənab Prezident!

 

Sizin sərəncamınızla respublikamızda atamız Kamran Əsəd oğlu Hüseynovun 100 illik yubileyi qeyd edilmişdir. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq respublika  ictimaiyyətinin  iştirakı ilə yüksək səviyyəli tədbirlər keçirilmişdir. Kamran Hüseynov xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük zəkasını və parlaq şəxsiyyətini ətrafındakı insanlara daim nümunə göstərər, Azərbaycanın yeni, möhtəşəm uğurlarının məhz Sizin rəhbərliyiniz altında əldə olunacağına bütün varlığı ilə inanardı.

On ildən çoxdur ki, vətənimiz Azərbaycan Sizin uğurlu rəhbərliyinizlə həqiqətən də parlaq və heyrətamiz qələbələrə imza atır. Şübhəsiz ki, əldə olunmuş nailiyyətlərin əsasında qəbul etdiyiniz qərarlar, imzaladığınız fərman və sərəncamlar, gördüyünüz tədbirlər, ümumi məqsədlər naminə xalqın qüvvəsini səfərbər etmək bacarığınız dayanır. Bununla bərabər, indi bütün dünyanı heyrətə salan Azərbaycan intibahında ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi dövlət siyasətinə sədaqətinizi, o böyük dahidən miras qalan ənənələrin və möhtəşəm rəhbərlik irsinin yaşadılmasında oynadığınız mühüm rolu vurğulamağa borcluyuq.

Böyük bir həyəcanla atamızın irsinə verdiyiniz yüksək dəyərə, onun 100 illik yubileyinin Azərbaycan ictimaiyyəti tərəfindən geniş qeyd olunmasına hərtərəfli kömək göstərdiyinizə görə Hüseynovlar ailəsi adından ən dərin təşəkkürlərimizi bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın çiçəklənməsi üçün gördüyünüz böyük işlərinizdə uğurlar  arzulayırıq".

 

Azərbaycan.-2013.- 26 dekabr.- S.1.