Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası

 

Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilmişdir.  AzərTAc xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəlikdəki məsələlər haqqında məlumat vermişdir.

Azərbaycanda birincili sümük şişlərinin müalicəsində yeni texnologiyaların tətbiq edildiyini bildirən A.Əlizadə iclasda "Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi" mövzusunda təqdim olunacaq  məruzənin əhəmiyyətindən danışmışdır.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın BiologiyaTibb Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov bildirmişdir ki, sümük şişləri diaqnostika və müalicə baxımından kliniki onkologiyanın mühüm və çətin sahələrindəndir. İnsanlarda daha çox uşaq, yeniyetmə və gənc yaşlarında təsadüf edilən bədxassəli sümük şişləri aqressiv gedişi və erkən metastaz verməsinə görə fərqlənir. Sümük şişlərinin müalicəsi prioritet məsələ kimi daim mütəxəssislərin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycanda aparılan tədqiqatlar olduqca böyük əhəmiyyət kəsb edir.

Sonra akademik Ə.Əmiraslanovun və tibb üzrə elmlər doktoru Abuzər Qazıyevin "Birincili sümük şişlərinin müalicəsinə baxışı dəyişən yeni texnologiyaların kliniki praktikaya tətbiqi" mövzusunda məruzələri dinlənilmişdir. Sümük şişlərinin müalicəsindən bəhs edən A.Qazıyev demişdir ki, müalicə cərrahi, şüa, kimyəvi terapiya, kombinə edilmiş və müxtəlif kompleks metodlarla aparılır. Yaxın keçmişədək bədxassəli sümük şişlərinin müalicəsinin nəticələri qeyri-qənaətbəxş olmuş, xəstələrin 5 illik yaşama göstəricisi 12-18 faiz təşkil etmişdir.

Diqqətə çatdırılmışdır ki, son 40 ilə yaxın müddətdə akademik Əhliman Əmiraslanovun elmi rəhbərliyi və iştirakı ilə sümük sarkomalarının müalicəsi istiqamətində aparılan elmi-tədqiqat işləri bu xəstəliklərin müalicəsinə baxışı kökündən dəyişmişdir. Osteogen sarkomanın yeni kompleks müalicə texnologiyası işlənib hazırlanmış, bu istiqamətdə əldə edilmiş uğurlar bir sıra xariciyerli mütəxəssislər tərəfindən sümük onkologiyasında inqilabi dəyişiklik kimi xarakterizə edilmişdir. Yüzlərlə sümük şişi olan xəstədə endoprotezləşdirilmə əməliyyatları aparılmışdır.

Məruzə AMEA-nın rəyasət heyəti tərəfindən bəyənilmiş, aparılan elmi tədqiqatların daha da genişləndirilməsi, respublikada bu istiqamətdə yüksək ixtisaslı kadrların  hazırlanması tövsiyə edilmişdir.

İclasda akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı üzrə AMEA-nın Fəaliyyət Planının icrası haqqında" hesabatı dinlənilmişdir.

R.Əliquliyev AMEA-da "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində görülmüş işlərdən ətraflı söhbət açmışdır. Natiq bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rolunu xüsusilə vurğulamışdır.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində akademiyada həyata keçirilmiş işlərdən söhbət açmış, AMEA-nın son bir ildə bu sahədə fəaliyyətini yüksək qiymətləndirmişdir.

Nazir Əli Abbasov müxtəlif dövlət qurumları və elmi müəssisələrlə birgə İKT-nin inkişafına təkan verəcək konfransların, seminarların keçirilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır.

Tədbirdə AMEA-nın İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi təsdiq olunmuşdur.

Şura bu il noyabrın 6-da yaradılmışdır. Əsasnaməyə görə, qurum innovasiya sahəsində yerli və beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək, innovativ layihələrin elmi ekspertizasını keçirmək, elmi-texniki nailiyyətlərin tətbiqində iştirakçı olmaq və digər vəzifələr daşıyır.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılmışdır.

 

Azərbaycan.-2013.- 26 dekabr.- S.3.