Azərbaycanın Rusiyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar təntənəli qəbul təşkil etmişdir

 

Dekabrın 24-də Azərbaycanın Rusiyadakı səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar təntənəli qəbul təşkil etmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirə gələnləri salamlamışdır. O, toplaşanları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik etmişdir. Səfir demişdir ki, dekabrın 24-ü həm də Azərbaycanın görkəmli oğlu, Prezident İlham Əliyevin anadan olduğu gündür. P.Bülbüloğlu Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafından danışmışdır. O, xüsusilə qeyd etmişdir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət xəttini 10 ildir ki, müvəffəqiyyətlə həyata keçirir. Polad Bülbüloğlu demişdir: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Prezidentimizin BMT Təhlükəsizlik Şurasının - dünyanın əsas təşkilatının iclasını necə apardığını görmək hər bir azərbaycanlı üçün ən böyük fəxrdir. Mən bütün toplaşanlar adından İlham Əliyevi təbrik etmək, ona yeni ildə və qarşıdakı illərdə Azərbaycanın rifahı naminə böyük uğurlar arzulamaq istəyirəm".

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti, akademik Məmməd Əliyev konqresin 2013-cü ildəki fəaliyyətindən, nailiyyətlərindən və növbəti 2014-cü il üçün planlarından danışmışdır. Qeyd etmişdir ki, bu yaxınlarda Azərbaycanda keçən seçkilərdə ÜAK birmənalı şəkildə öz seçimini etmişdir. ÜAK-ın prezidenti həmçinin Azərbaycan dövlətinin başçısı İlham Əliyevi ad günü münasibətilə təbrik etmişdir. Məmməd Əliyev demişdir: "İlham Əliyev harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının prezidentidir".

Moskva hökumətinin Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyux öz çıxışında qeyd etmişdir ki, bütün sınaqlara baxmayaraq, Azərbaycan ilə Rusiya arasında dostluq imtahandan uğurla çıxmışdır. Y.Artyux demişdir: "Moskva hökuməti Azərbaycan təşkilatları və bizim hamımız üçün nümunə olan bir insanın başçılıq etdiyi bu ölkənin səfirliyi ilə birlikdə bu il çox görmüşdür. Bu ilin payızında baş vermiş məlum dramatik hadisələrdən sonra biz qərara aldıq ki, Azərbaycan xalqının bütün gözəlliyini, qüdrətini, alicənablığını bir daha nümayiş etdirəcək parlaq, maraqlı bir tədbir keçirək və biz Tofiq Bəhramovun xatirəsinə futbol turniri keçirdik. Bu, Azərbaycan ilə Rusiya arasında əsl dostluq  bayramı idi".

Azərbaycan diasporunun regional təşkilatlarının nümayəndələri öz çıxışlarında vətənindən kənarda yaşayan azərbaycanlılara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. Hər bir diasporun gücünün  onun birliyində olması fikri xüsusi vurğulanmışdır.

Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə töhfəsinə görə Rusiyadakı Azərbaycan diasporunun ən fəal nümayəndələri Azərbaycan səfirliyinin fəxri fərmanları ilə təltif edilmişlər. Onların arasında ÜAK-ın Moskva regional bölməsinin icraçı direktoru Araz Mürsəliyev, N.A.Semaşko adına Mərkəzi Klinik Xəstəxananın şöbə müdiri Fazil Qurbanov, Profilaktik Pediatriya və Bərpaedici Müalicə Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Ayaz Məmmədyarov, "Mədəniyyətlərin dialoqu - vahid dünya" Fondunun prezidenti, "Etnomir" layihəsinin rəhbəri Ruslan Bayramov və başqaları vardır.

 Təltifetmə mərasimindən sonra təntənəli qəbul olmuşdur.

Tədbirdə Rusiyanın görkəmli ictimai və siyasi xadimləri, Azərbaycan diasporunun Rusiyanın müxtəlif şəhərlərindən və regionlarından gəlmiş rəhbərləri və fəalları iştirak etmişlər.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 26 dekabr.- S.5.