Nizami adına Ədəbiyyat İnstitutu:
DAVAMLI
ƏNƏNƏLƏR VƏ MÜASİRLƏŞMƏ
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.
XX əsr boyu ədəbiyyatşünaslıq üzrə sistemli tədqiqatların aparılması işi bir neçə mərhələdə yerinə yetirilmişdir. İlk dəfə bu iş 1923-1929-cu illərdə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində təşkil olunmuşdur. Azərbaycanda elmi-tədqiqatçılıq işinin formalaşması sahəsində mühüm rolu olan Tədqiq və Tətəbbö Cəmiyyətində ədəbiyyatşünaslıq üzrə araşdırmaların təşkilinə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik etmişdir. Qısa vaxtda bu cəmiyyətin xətti ilə digər elm sahələriylə yanaşı, ədəbiyyatşünaslıq sahəsində, xüsusən də folklor materiallarının toplanması, ədəbi abidələrin çapa hazırlanması və nəşr edilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Az
sonra, yəni 9 oktyabr 1929-cu ildə Azərbaycan Dövlət
Elmi-Tədqiqat İnstitutunun yaradılması ilə əlaqədar
olaraq ədəbiyyatşünaslıq üzrə tədqiqatları
bu institutun nəzdində təsis edilmiş Dil, Ədəbiyyat
və İncəsənət Bölməsi həyata
keçirmişdir. Tanınmış
ictimai xadim və publisist Həbib Cəbiyevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda
Dil, Ədəbiyyat və İncəsənət Bölməsinə
əvvəlcə professor Bəkir Çobanzadə və
dosent Əli Nazim Mahmudzadə, daha sonra isə professor Vəli
Xuluflu başçılıq etmişlər. Cəmi üç il müddətində fəaliyyət
göstərən bu institutda Folklor şöbəsi ilə
yanaşı, Tənqid və ədəbiyyatşünaslıq,
Müasir ədəbiyyat şöbələri - seksiyaları
əsasında bütövlükdə milli ədəbiyyatın
geniş surətdə tədqiqinə ciddi şəkildə
diqqət yetirilmişdir.
Bütün bunlarla bərabər, Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ilin SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır. Qeyd edilən tarixdən etibarən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan Bölməsində əvvəlcə 13 fevral 1933-cü ildə Salman Mümtazın rəhbərliyi ilə "Ədəbi irs" seksiyası yaradılmış, 22 mart 1933-cü ildən isə Ədəbiyyat sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Beləliklə, 22 mart 1933-cü ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan Bölməsinin Ədəbiyyat sektoru Akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər.
Nəzərə almaq lazımdır ki, müstəqil elmi-tədqiqat institutları yaranana qədər digər elm sahələri də Az OZFAN-ın (elmi qurumun rus dilində qısaldılmış adı - İ.H.) tərkibində sektor səviyyəsində təmsil olunmuşlar. Az OZFAN-ın sektorları indiki mənada AMEA-nın elmi-tədqiqat institutlarının funksiyasını yerinə yetirmişdir. Nizami adına Ədəbiyyat İnstitutu da Az OZFAN-ın Ədəbiyyat sektorunun varisidir.
SSRİ Elmlər Akademiyası Azərbaycan filialı 19 iyun 1935-ci ildə təşkil olunduqdan sonra həmin akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Dövrün xüsusi ictimai-siyasi çətinlikləri Dil və Ədəbiyyat İnstitutunun rəhbərlərinin də tez-tez dəyişdirilməsində özünü qabarıq şəkildə büruzə vermişdir. 1936-1950-ci illərdə Dil və Ədəbiyyat İnstitutunda aşağıdakı şəxslər rəhbər vəzifədə çalışmışlar:
1. Artur
Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938) - 27 fevral 1936 - 1 iyun
1937-ci il
2. Əhməd
Əli oğlu Əhmədov (1903-1937) - 1 iyun 1937 - 11 iyul
1937-ci il
3.
İdris Zaman oğlu Həsənov (1897-1950) - 19 iyul 1937 - 17
fevral 1938-ci il
4. Aleksey
Alekseyeviç Klimov (1894-?) - 17 fevral 1938 - 31 dekabr 1938-ci il
5. Heydər
Hüseynov (1908-1950) - 1 yanvar 1939 - 25 sentyabr 1939-cu il
6. Yakov
Dmitriyeviç Kozin (1896-1973) - direktor v.i.e: 20 iyun 1939 - 1 avqust
1939-cu il
7. Fəzləddin
Babayev (1903-1939) - 1 avqust 1939 - 1 oktyabr 1939-cu il
8. Məmməd
Arif Dadaşzadə (10.06.1904 - 27.10.1975) - 25 sentyabr 1939 - 27 iyul
1950-ci il.
SSRİ
EA Azərbaycan filialının 2 yanvar 1939-cu il
tarixli qərarı ilə yanvarın 1-dən Tarix, Dil və
Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə
yaradılmışdır: Nizami adına Ədəbiyyat və
Dil İnstitutu və Tarix, Arxeologiya və Etnoqrafiya
İnstitutu. Nizami adına Ədəbiyyat və Dil
İnstitutunun müvəqqəti direktoru Heydər Hüseynov,
müavini Məmməd Arif Dadaşzadə, Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru Aleksey Alekseyeviç Klimov təyin
edilmişlər.
Nizami adına Ədəbiyyat və Dil İnstitutu
1939-cu ildə 4 şöbədən ibarət idi: Azərbaycan
ədəbiyyatı şöbəsi; Folklor şöbəsi;
Dilçilik şöbəsi; M.F.Axundzadə adına Azərbaycan
ədəbiyyatı tarixi muzeyi.
Qeyd olunan dövrdə institutda bir çox mühüm
elmi problemlər həll edilmiş, xüsusən Azərbaycan ədəbiyyatı
tarixinin mərhələlər üzrə problemlərinin tədqiq
olunması, görkəmli şair və
yazıçıların həyatı və
yaradıcılığının
araşdırılması, onların əsərlərinin nəşri
istiqamətində mühüm addımlar
atılmışdır. Bundan başqa, Azərbaycan şifahi xalq ədəbiyyatının
toplanılması, tədqiqi və nəşri sahəsində
də nəzərəçarpacaq nailiyyətlər əldə
olunmuşdur.
27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər
Akademiyası yaradılmış, bu tarixdən etibarən
ayrı-ayrı elm sahələri üzrə müstəqil
elmi-tədqiqat institutlarının
formalaşdırılması və inkişafına xüsusi
diqqət yetirilmişdir. Azərbaycan Elmlər Akademiyasının
təşkili xalqımızın həyatında mühüm
tarixi hadisədir. Azərbaycanda elmin
inkişafında, yüksək ixtisaslı elmi kadrların
hazırlanmasında Elmlər Akademiyasının böyük
rolu və xidmətləri vardır. Nizami adına
Ədəbiyyat İnstitutunun da ən yüksək inkişaf
dövrləri Elmlər Akademiyasının fəaliyyəti ilə
bağlıdır.
Beləliklə,
Elmlər Akademiyasının tərkibinə daxil olduqdan sonra
Nizami adına Ədəbiyyat İnstitutuna
müxtəlif illərdə aşağıdakı elm xadimləri
rəhbərlik etmişlər:
1. Akademik
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə
(10.06.1904-27.12.1975) - 25 sentyabr 1939 - 27 iyul 1950-ci illər; ikinci
dəfə: 7 dekabr 1957 - 17 sentyabr 1959-cu illər
2. Akademik
Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911-17.12.1993) -
15 avqust 1950-29 fevral 1952-ci illər
3.
Professor Mirzağa Yüzbaşi oğlu Quluzadə
(24.10.1907-1979) - 29 fevral 1952 - 7 dekabr 1957-ci illər; ikinci dəfə:
19 aprel 1968 - 9 aprel 1979-cu illər
4. Akademik
Məmmədağa Şirəli oğlu Şirəliyev
(13.09.1909-19.04.1991) - 1 iyun 1960 - 19 aprel 1968-ci illər
5. Akademik
Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923-2006) - direktor
v.i.e. - 19 aprel 1979 - 15 may 1980-ci illər
6. Akademik
Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov
(09.05.1909-09.05.1992) - direktor v.i.e. - 15 may 1980 - 10 aprel 1981-ci illər
7. AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla
oğlu Mirəhmədov (11.02.1920-28.08.2002) - 9 sentyabr 1985 - 25
avqust 2002-ci illər
8.
AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev
(05.03.1936-25.08.2002) - 9 sentyabr 1985-ci il - 25
avqust 2002-ci illər
9. Akademik
Bəkir Əhməd oğlu Nəbiyev (21.08.1930-15.03.2012) - 10
fevral 2003 - 15 mart 2012-ci illər
10.
AMEA-nın müxbir üzvü Teymur Həşim oğlu Kərimli
(1953, 2 oktyabr) direktor v.i.e. - 4 iyul 2002 - 10 fevral 2003-cü illər;
ikinci dəfə: 15 mart 2012 - 19 iyun 2013-cü illər
11.
Akademik İsa Həbibbəyli (1949, 16 oktyabr) - Nizami adına Ədəbiyyat İnstitutunun direktoru -
19 iyun 2013-cü il tarixdən İ.Həbibbəyli həm də
AMEA-nın Humanitar və İctimai elmlər üzrə
vitse-prezidenti, Milli Məclisin deputatıdır.
Nizami adına Ədəbiyyat İnstitutunda müxtəlif
dövrlərdə Azərbaycan ədəbiyyatı tarixinin
ayrı-ayrı mərhələlərinin tədqiq edilməsi
istiqamətində mühüm işlər həyata
keçirilmişdir. Hələ sovet hakimiyyəti illərində
mövcud rejimin yaratdığı çətinliklərə
baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixinin 3 cilddə
hazırlanıb nəşr edilməsi, görkəmli
yazıçılar haqqında çoxsaylı dissertasiya
işlərinin müdafiə olunması, monoqrafiyaların
çap olunub ictimaiyyətə çatdırılması,
klassik və müasir ədəbiyyat nümunələrinin
kitab halında təqdim edilməsi institutun ölkəmiz və
xalqımız qarşısında böyük xidmətidir.
Azərbaycan
ədəbiyyatşünaslıq elminin bir neçə nəsli
Nizami adına Ədəbiyyat
İnstitutunda formalaşıb inkişaf etmişdir. Azərbaycan
Elmlər Akademiyasının həqiqi üzvləri - Mirzə
İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər
Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, Bəkir
Nəbiyev, müxbir üzvlər - Əziz Mirəhmədov,
Yaşar Qarayev, Əlyar Səfərli, Azadə Rüstəmova,
Teymur Kərimli, elmlər doktorları - Mirzağa Quluzadə,
Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Qafar Kəndli,
Kamran Məmmədov, Yəhya Seyidov, Qasım Qasımzadə,
Dilarə Əliyeva, Əflatun Məmmədov, Şamil Salmanov,
Vəli Osmanlı, Bəhlul Abdulla, İslam Ağayev, Qəzənfər
Paşayev, Elməddin Əlibəyzadə, Nüşabə
Araslı və onlarla başqaları institutun ölkə elminə
bəxş etdiyi görkəmli simalardır. Hazırda da
tanınmış ədəbiyyatşünas alimlər Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlərini
uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda
çalışanların sıralarında 1 akademik, 2
müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən
çox fəlsəfə doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından
3 nəfəri Dövlət mükafatı laureatı, 2 nəfəri
isə əməkdar elm xadimidir.
Müstəqillik
dövründə Nizami adına Ədəbiyyat
İnstitutunun fəaliyyətinin yeni mərhələsi
başlanmışdır. Azərbaycançılıq
ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi,
dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin
genişləndirilməsi, açılmamış səhifələrin
tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun
müasir mərhələsinin əsas istiqamətlərini
müəyyən edir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il
tarixli "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında"kı Sərəncamının həyata
keçirilməsində institut əməkdaşlarının
özünəməxsus xidmətləri vardır. Ölkəmizdə
klassik və müasir ədəbiyyatın bir çox dəyərli
nümunələri institut əməkdaşlarının tərtibçiliyi
və müqəddiməsi əsasında latın
qrafikası ilə çap edilmişdir. Hazırda
Ədəbiyyat İnstitutunda yeddicildlik Azərbaycan ədəbiyyatı
tarixinin dörd cildinin nəşri başa
çatdırılmışdır. Beşinci,
altıncı və yeddinci cildlər üzərində isə
ciddi elmi-tədqiqat işləri aparılmaqda davam edir. Ədəbiyyat İnstitutunun çap etdirdiyi
böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin"
jurnalının səkkiz cilddə və Əli bəy
Hüseynzadənin "Füyuzat" jurnalının bir cilddə
transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi
hadisə sayılmağa layiqdir. Moskvada
"Xudojestvennaya literatura" nəşriyyatında "Azərbaycan
folkloru və ədəbi abidələri"
antologiyasının 4 cildinin kitab halında nəşr edilməsi
də mühüm əhəmiyyətə malikdir.
Ədəbiyyat İnstitutunun əməkdaşlarının
imzası ilə minlərlə məqalə elmi dövriyyəyə
daxil edilmişdir. Ümumiyyətlə, Nizami adına
Ədəbiyyat İnstitutunda hazırlanıb nəşr edilən
əsərlərdən böyük bir kitabxana yaratmaq
mümkündür. Bu mənada Nizami adına
Ədəbiyyat İnstitutu alimlərinin əsərlərindən
ibarət kitabxana Azərbaycanda ədəbiyyatşünas
alimlərin səksən ildən çox bir dövrdəki
ardıcıl, sistemli və yorulmaz fəaliyyətlərinin
real nəticəsidir. Bu möhtəşəm
kitabxananı təşkil edən qiymətli monoqrafiyalar,
jurnallar və məqalələr Azərbaycan elminə
böyük töhfədir. Müasir
dövrdə ölkə elminin inkişafında Azərbaycan ədəbiyyatşünaslarının
böyük rolu vardır. Ədəbiyyat
İnstitutunun qədim dövr, orta əsrlər, yeni dövr,
XX əsr Azərbaycan ədəbiyyatı şöbələrində
Azərbaycan ədəbiyyatının çoxillik tarixinin
bütün mərhələləri elmi cəhətdən
sistemli şəkildə tədqiq edilir. "Ədəbiyyat
nəzəriyyəsi" şöbəsinin əməkdaşları
milli ədəbiyyatın inkişaf
qanunauyğunluqlarını dünya ədəbiyyatında gedən
proseslərlə əlaqəli şəkildə
araşdırır, sənətkarlıq məsələlərini
öyrənib ümumiləşdirirlər. İnstitutda şifahi xalq ədəbiyyatı abidələrinin
tədqiqi sahəsində də mühüm nailiyyətlər
əldə olunur.
Dünya ədəbiyyatının öyrənilməsi
istiqamətində də institutun əməkdaşları
mühüm nailiyyətlər qazanmışlar. İnstitutun
Xarici ölkələr ədəbiyyatı və ədəbi
əlaqələr, Türk xalqları ədəbiyyatı
şöbələrində Azərbaycan ədəbiyyatının
dünya xalqlarının ədəbiyyatları ilə
qarşılıqlı əlaqələri ardıcıl
olaraq öyrənilir. Nizami adına
Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası yüksək
ixtisaslı yeni elmi kadrların hazırlanmasında
mühüm rol oynayır.
Ölkə
elmi qarşısında xidmətləri nəzərə
alınaraq Azərbaycan KP MK Nizami adına
Ədəbiyyat İnstitutunun 50 illiyinin qeyd edilməsi
haqqında 7 oktyabr 1982-ci ildə qərar qəbul etmişdir.
Nizami adına Ədəbiyyat
İnstitutunun 1982-ci ildə "Xalqlar dostluğu" ordeni ilə
təltif edilməsi Azərbaycan ədəbiyyatşünaslarının
zamanına görə qazandığı böyük nailiyyət
sayılmağa layiqdir. Səmərəli fəaliyyətləri
nəzərə alınaraq Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 29 dekabr 1982-ci ildə Nizami adına Ədəbiyyat
İnstitutunun görkəmli alimlərindən bir qrupunu
"Əməkdar elm xadimi" fəxri adı və Ali
Sovetin fəxri fərmanları ilə təltif etməsi
ölkəmizdə alim adının ucalığına
ehtiramın ifadəsidir. Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin Nizami adına
Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi
haqqındakı 17 oktyabr 2013-cü il tarixli qərarı elmə
göstərilən diqqətin daha bir təzahürüdür.
Ədəbiyyatşünaslıq elmi müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının və
ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini
məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq
ideyasının formalaşması və inkişafında milli
ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq
elminin də özünəməxsus xidmətləri
vardır. Geniş mənada Azərbaycanşünaslıq
elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq
elmi xüsusi çəkiyə malikdir.
Hazırda
bütövlüklə Azərbaycan Milli Elmlər
Akademiyasında olduğu kimi, Nizami adına
Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü
yaşayır. Bu elmi-tədqiqat institutunda
aparılan yeniləşmə və dəyişikliklər
müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq
elminin daha dərindən və əsaslı şəkildə,
ölkənin milli maraqlarına və dünya elmi-ədəbi
mühitində gedən proseslərlə əlaqəli şəkildə
öyrənilməsinə geniş şərait yaradır.
Bu mənada 2013-cü idə
yaradılmış Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı,
Ədəbi tənqid şöbələri,
Nizamişünaslıq və Füzulişünaslıq
sektorları ədəbiyyatşünaslıq elminin
nüfuzunun genişləndirilməsinə yeni imkanlar
açır. Bundan başqa, Elmi informasiya və tərcümə,
Elmi nəşrlər və proqnozlaşdırma köməkçi
şöbələri, Mətbuat xidməti qrupu ədəbiyyatşünaslıq
elmi sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə
çatdırılması, tərcüməsi, nəşrə
hazırlanması istiqamətlərində səmərəli
iş aparır.
Nizami adına Ədəbiyyat İnstitutunda
1946-cı ildən çıxan "Ədəbiyyat məcmuəsi"
jurnalı respublikada filologiya üzrə əsas elmi nəşrlərdən
biri kimi qəbul olunur. İnstitutda yeni təsis
olunmuş "Poetika. izm",
"Ədəbi əlaqələr" jurnalları
aparılan yeni tədqiqatların elmi dövriyyədə yer
alması imkanlarını genişləndirir. "Ədəbiyyat
məcmuəsi" jurnalının 2013-cü ildə
çıxan və 282 səhifədən ibarət olan
24-cü sayı bütövlükdə Nizami adına
Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr
edilmişdir. Xüsusi buraxılış şəklində
hazırlanmış yubiley nəşrində müxtəlif
tarixi mərhələlərdə Nizami adına
Ədəbiyyat İnstitutunun qurucuları olmuş görkəmli
elm xadimləri və Azərbaycan ədəbiyyatşünaslıq
elmi ailəsinə bu elmi-tədqiqat müəssisəsinin bəxş
etdiyi görkəmli alimlər haqqında oçerklər əhatə
olunmuşdur. Bundan başqa, Nizami adına Ədəbiyyat
İnstitutunun keçdiyi inkişaf yolu, ənənələri,
görkəmli yetirmələri, müasir səviyyəsi və
inkişaf istiqamətləri haqqında Azərbaycan, ingilis və
rus dillərində çap olunan tanıtma kitabı bu
böyük elm ocağının tarixinə və gələcəyinə
işıq salır.
Son
vaxtlarda Nizami adına Ədəbiyyat
İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi
sahəsində də mühüm addımlar
atılmışdır. İnstitutun tarixində ilk dəfə
olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə
yaradılan əlaqələr Nizami adına
Ədəbiyyat İnstitutunun ölkə hüdudlarından kənarda
da iş aparmasına, qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsində yaxından iştirak etməsinə
imkan yaradır. Almaniyanın Humbold Universitetinin "Azərbaycan
tarixi kafedrası" (2 noyabr 2013-cü il), Qazaxıstanın
paytaxtı Astana şəhərində fəaliyyət
göstərən "Türk Akademiyası" ilə (6
noyabr 2013-cü il) imzalanan müqavilələr, Türkiyənin
Yunus Əmrə Vəqfi, Polşa Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutu, Ukrayna Elmlər
Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat
İnstitutu, Gürcüstanın Şota Rustaveli adına
Ədəbiyyat İnstitutu (19 dekabr 2013-cü il) ilə əldə
olunan razılaşmalar elmi-tədqiqat institutları
arasında əlaqələrin inkişaf etdirilməsinə
böyük meydan açır.
Ədəbiyyat İnstitutunda 9 dekabr 2013-cü ildə
keçirilmiş "Yaşayan Yunus Əmrə" Beynəlxalq
simpoziumu bu elmi-tədqiqat institutunun türk dünyası ilə
əlaqələrinin daha da möhkəmləndirilməsinə
təkan vermişdir. 2013-cü ildə Nizami adına Ədəbiyyat
İnstitutunun əməkdaşlarının Türkiyədə,
Rusiyada, İran İslam Respublikasında, Polşada, Ukraynada,
Yunanıstanda, Qazaxıstanda və Türkmənistanda
keçirilmiş konfranslarda elmi məruzələrlə
çıxış etmələri Azərbaycan ədəbiyyatşünaslıq
elminin hüdudlarının genişləndirilməsində
yeni addımlardır.
Hazırda
Nizami adına Ədəbiyyat
İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq
elmi aşağıdakı şöbələr üzrə
araşdırılıb inkişaf etdirilir:
1. Azərbaycan
şifahi xalq ədəbiyyatı və yazılı abidələr
(Filologiya elmləri doktoru, professor M.Qasımlı)
2. Qədim
dövr Azərbaycan ədəbiyyatı (Filologiya elmləri
doktoru, professor İ.Həmidov)
3. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (müxbir üzv Ə.Səfərli)
4.
Nizamişünaslıq sektoru (Filologiya elmləri doktoru,
professor N.Araslı)
5.
Füzulişünaslıq sektoru (müxbir üzv T.Kərimli)
6. Yeni
dövr Azərbaycan ədəbiyyatı (Filologiya elmləri
doktoru Z.Əsgərli)
7. XX əsr
Azərbaycan ədəbiyyatı (Filologiya elmləri doktoru,
professor Ş.Alışanlı)
8. Azərbaycan
mühacirət ədəbiyyatı (Filologiya üzrə fəlsəfə
doktoru, dosent N.Cabbarlı)
9.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
(Filologiya üzrə fəlsəfə doktoru E.Mehrəliyev)
10. Cənubi
Azərbaycan ədəbiyyatı (Filologiya elmləri doktoru,
professor T.Əhmədov)
11. Ədəbiyyat
nəzəriyyəsi (Filologiya elmləri doktoru, professor T.Məmməd)
12. Ədəbi
tənqid (Filologiya elmləri doktoru V.Yusifli)
13.
Türk xalqları ədəbiyyatı (Filologiya elmləri
doktoru, professor M.Əliyev)
14. Xarici
ölkələr ədəbiyyatı və ədəbi əlaqələr
(Filologiya elmləri doktoru, professor V.Arzumanlı).
Nizami adına Ədəbiyyat İnstitutunda XXI əsrdə
Azərbaycan ədəbiyyatşünaslıq elminin milli və
bəşəri dəyərləri əsasında inkişaf
etdirilməsinə xüsusi diqqət yetirilir. Ədəbiyyat
İnstitutunun böyük elmi ənənələri və
mühüm elmi nailiyyətləri bu elmi-tədqiqat
ocağının nüfuzunu daha da artırır.
Ölkənin müasir inkişaf prinsiplərinə və
istiqamətlərinə uyğun olaraq Nizami adına
Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq
elmini irəli aparan əsas elmi mərkəz funksiyasını
layiqincə və daha məsuliyyətlə yerinə yetirməyə
ciddi səy göstərir. Nizami adına
Ədəbiyyat İnstitutu əməkdaşlarının
biblioqrafiyası "Kitablar" adlı biblioqrafik göstərici
institutun əməkdaşlarının uzun illər ərzindəki
ardıcıl elmi fəaliyyətinin layiqli salnaməsidir.
2013-cü ilin nəticələrinə görə, Azərbaycan
Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər
Bölməsinin əhatə etdiyi 11 elmi-tədqiqat institutu
arasında Nizami adına Ədəbiyyat İnstitutunun
dördüncü yeri tutması mühüm irəliləyişlərdən
biri sayıla bilər. Müəyyən olunan parametrlər
üzrə reytinq göstəriciləri humanitar və ictimai
elmlər sahəsində mövcud mənzərəni obyektiv təsəvvür
etməyə imkan yaradır, eyni zamanda, hər bir elmi-tədqiqat
müəssisəsinin, o cümlədən Nizami adına
Ədəbiyyat İnstitutunun gələcək inkişaf
prosesində hansı məsələlərə xüsusi diqqət
yetirməli olduğunu nəzərə çarpdırır.
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına
Ədəbiyyat İnstitutunun kollektivi müstəqillik
dövrünün işığında elmi-ədəbi və
ictimai fikrin inkişafı yollarında irəliyə doğru
addımlamaqda davam edir.
İsa
HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik
Azərbaycan.-2013.- 26 dekabr.- S.8.