Etibar

 

Həyatda hər kəsə bir ad verilir. Dünyaya yeni  göz açan körpəni valideynləri, doğmaları öz arzularına, zövqlərinə uyğun fərqli bir adla çağırırlar. Əlbəttə, bu, təbiidir, həyatımızın reallığıdır. 1958-ci ilin ətirli yaz günündə Bərdə rayonunun Kətəlparaq kəndində doğulan qızcığaza Etibar adının qoyulması isə qohum-əqrəba arasında təəccüblə qarşılandı. Qıza kişi adının verilməsinə dodaq büzənlər də oldu...

Heç nəyə məhəl qoymayan zaman öz axarında idi. Fəsillər sürətlə bir-birini əvəz edir, quş qanadlı illər sanki bir göz qırpımında ötüb keçirdi. Etibar yaşa dolur, böyüdükcə xarakteri, bacarığı, həyata baxışları ilə tay-tuşlarından daha çox fərqlənirdi. Orta məktəbi əla qiymətlərlə bitirib instituta asanlıqla qəbul olunanda hələ bilmirdi ki, ona verilmiş adı həyat yollarında təsdiq etmək üçün qarşıda hansı sınaqlardan keçməli olacaq, hansı ağrı-acıları yaşayacaqdı...

...Yada düşəndə ürəyin tellərini sızladan tələbəlik illəri Etibar üçün başqa heç nə ilə müqayisə edilməyəcək dərəcədə əzizdir. Bunun öz səbəbləri var. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının sonuncu kursunda oxuyanda tələbə yoldaşı Sərhədlə ailə qurması o illərin ən şirin xatirəsidir. Toyun ən əziz qonaqları da elə tələbə yoldaşları idi. Müstəqil həyatın astanasında olan qayğısız tələbələr. Gənclərin təyinatında yeni qurulan ailənin böyük rolu oldu. Sərhəd Qusar rayonundan olsa da, Etibarın doğulub boya-başa çatdığı, o vaxt da, indi də respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdəyə təyinat aldı. O illərdə Bərdənin adı zirvələri bəzəyirdi. Yüz min ton pambıq istehsal edən bu rayonun adına şeirlər yazılır, nəğmələr qoşulurdu. Gənc və bacarıqlı ali təhsilli mütəxəssis olan Sərhəd Zöhrabbəyov tapşırılan işi yarıdır, göstərilən etimadı doğruldurdu. Yüksək mənəvi keyfiyyətləri, savadı, bacarığı, cəmiyyətdə tutduğu fəal vətəndaş mövqeyi ilə hamının diqqətini çəkirdi. Bütün bunlara görə idi ki, əmək meydanında, vəzifə pillələrində Sərhədin sürətli yüksəlişi heç kəsdə təəccüb doğurmurdu. Çox keçmədi ki, Bərdə rayonunun ən böyük təsərrüfatlarından olan C.Cabbarlı adına kolxozun idarə edilməsi Sərhədə etibar olundu. Tükənməz gənclik enerjisini, elmlə yoğrulmuş bacarığını əsirgəməyən, bu yolda gecəni gündüzə qatan Sərhəd çox qısa zaman ərzində kolxozu qabaqcıllar sırasına çıxardı, yavaş-yavaş böyük hörmət, nüfuz sahibinə çevrildi.

Bir axşam gənc ailə süfrə başında cəm olmuşdu. Çay içə-içə televiziyaya baxan Sərhəd eşitdiyi ağır xəbərdən sanki şoka düşdü. Diktor ermənilərin Xocalıda törətdikləri vəhşilikdən danışırdı. Ürəyində küt ağrı hiss etdi. Rəngi avazıdı. Heydən düşən əli, titrəyən barmaqları çay stəkanını saxlamağa tab gətirmədi. Yerə düşüb ciliklənən stəkanın cingiltisi sanki onu daldığı dərin xəyaldan oyatdı. Elə o andaca qərarını verdi. Başqasının eşidə bilməyəcəyi asta bir tonda pıçıldadı: "Daha bıçaq sümüyə dirənib. Dayanıb durmağa haqqımız yoxdur. Elə günü sabah..."

Mətbəxdən gətirdiyi şam yeməyini süfrəyə düzən Etibarın sualı Sərhədin pıçıltısını yarımçıq kəsdi:

- Noolub, yenə özün-özünlə danışırsan?

- Əyləş Etibar, əyləş, bir az söhbət edək. İndicə televiziyadan bəd xəbər eşitdim. Ermənilər Xocalıda qətliam törədiblər. Uşaq, qoca, qadın, kişi demədən süngüdən keçiriblər. Televizor qarşısında oturub xəbər dinləməyi qeyrətimə sığışdıra bilmərəm. İndi əli silah tutan hər kəs döyüşə getməlidir. Mənim kolxozda gördüyüm işləri bir qadın da bacarar. Bu gün mənim yerim səngər olmalıdır. Dədə Qorqud babamızın dediyi sözlərin indi əsl zamanıdır: "Torpağı qorumasan, əkib-becərməyə dəyməz. Əkib-becərmirsənsə, qorumağın mənası yoxdur".

Sərhəd dərindən nəfəs alıb üzünü Etibara tutdu. Başladığı qeyri-adi söhbəti aramla davam etdirdi:

 

- Mən artıq qərarımı vermişəm. Sabah kolxoza yox, birbaşa cəbhəyə, döyüşə gedirəm. Uşaqlar sənə əmanətdir. Başıma bir iş gəlsə, sarsılma! Qoy uşaqlarımız fəxr etsinlər ki, vətən yolunda getmişəm! Amma səndən bir xahişim var. Əgər düşmən gülləsinə tuş gəlsəm, taleyinlə barış. Uşaqların yanında ağlayıb-sıtqama. Onları qürurlu böyüt. Həmişə yazıqlara ürəyim yansa da, yazıqlığa nifrət eləmişəm. Çalış ki, Zöhraba da, Reyhanəyə də ali təhsil verəsən. Əgər onlar xalq üçün, vətən üçün yararlı övladlar olsalar, bil ki, mən rahatam.

Sanki o gecə qor dolmuşdu Etibarın yatağına. Aranı dağa, dağı arana köçürür, Sərhədi fikrindən daşındırmaq üçün yollar axtarsa da, sonda bunun əhəmiyyətsiz olacağının fərqinə varırdı. Bilirdi ki, Sərhəd həmişə dilindən çıxan sözün ağası olub. Deyirsə ki, sabah müharibəyə gedəcəyəm, deməli, gedəcək. Onu bu yoldan nə ömür-gün yoldaşının göz yaşları saxlaya bilər, nə də canından artıq sevdiyi balaları Zöhrabın, Reyhanənin həsrət dolu baxışları...

Sərhəd dediyi kimi də etdi. Səhəri gün kolxoza yox, cəbhəyə yola düşdü. Vətən haray çəkib çağırırdı. Bu müqəddəs haray qarşısında susa bilməzdi Sərhəd. Susmadı da. Tərtər bölgəsində bölük komandiri kimi döyüşlərə başladı. Döyüş yolu qısa olsa da, qəhrəmanlıqlarla naxışlanmışdı. Altı aylıq bu zaman kəsiyi torpağına, millətinə, elinə-obasına sonsuz məhəbbət mücəssəməsi olan bir ömrün şərəf dolu tərcümeyi-halı idi. Sərhəd Zöhrabbəyov 36 yaşında, polkun qərargah rəisi vəzifəsində çalışarkən qəhrəmanlıqla şəhid oldu. Ölümündən sonra ulu öndər Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.

...Dünya zaman adlı köhlənini dördnala çapmaqdadır. Bu zaman axarında Etibar məşəqqətlər yaşasa da, adına layiq olduğunu təsdiq edə bildi. Sərhəd kimi qəhrəman, vətənpərvər, ləyaqətli oğula sədaqətli ömür-gün yoldaşı olduğunu sübut etdi. Sərhədin yoxluğuna dözə bilməyib kirpiklərini sıxanda göz yaşlarını kimsə görməsin deyə yanaqlarına yox, zaman-zaman ürəyinə axıtdı. Sərhədin yadigarlarını sozalmağa qoymadı, Qadın olsa da, hünəriylə, təpəriylə kişilərdən geri qalmadı. İki balasını ehtiyacsız böyütmək üçün kimsədən sədəqə ummadı. Əl-qolunu çırmayıb təsərrüfat işləri ilə məşğul oldu. Dövlətin yaratdığı imkanlardan ağılla, bacarıqla bəhrələnib torpaq sahəsi götürdü. "Zöhrabbəyov" adlı fermer təsərrüfatı yaratdı. Ali təhsilli aqronom kimi mehrini, məhəbbətini torpağa saldı. Neçə şəhid ailəsini, Qarabağ müharibəsi veteranını başına yığıb taxıl əkdi, pambıq becərdi, bostan-tərəvəz məhsulları yetişdirdi. Ətrafındakılara da, elə övladlarına da öz qüruru ilə, ləyaqəti ilə, malik olduğu yüksək əxlaqi dəyərləri ilə təlqin edirdi ki, ələbaxımlıqdan uzaq olun. Yaşam tərzilə, seçdiyi yolla, bütün şüurlu fəaliyyətilə bəyan edirdi ki, insan olan kəs özünə güvənməlidir, əlinin zəhməti ilə, alnının tərilə dolanmağa üstünlük verməlidir.

Etibar tək qalanda çox vaxt könül dünyasına qapanır, səssiz-səmirsiz Sərhədin ruhuyla danışır. Gördüyü işlər barədə ona hesabat verir. Çətinə düşəndə ondan məsləhət alır. Kövrəlsə də, qəhərlənsə də, övladlarını Sərhədin arzuladığı kimi böyütdüyü üçün qürurlanır, yeni açılan sabahlara ümidlə baxır. Atasını itirəndə doqquz yaşı olan Zöhrab Azərbaycan İqtisad Universitetini müvəffəqiyyətlə bitirib. Hazırda Bərdə Rayon İcra Hakimiyyəti Aparatında işləyir. Zöhrabın iki övladı var. Babasının adını daşıyan balaca Sərhəd ikinci sinifdə oxuyur. Dərs əlaçısıdır. Leylanın isə hələ beş yaşı var.

Sərhədin Etibara bir qiymətli əmanəti isə Reyhanədir. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Reyhanə Bərdə Rayon Məhkəməsində çalışır. Həyat yoldaşı Cahangir də ali hüquq təhsili alıb, icra məmurudur.

Etibar Hüseynova rayonun ictimai-siyasi həyatında da fəal iştirakçıdır. Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının idarə heyətinin üzvüdür. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon şöbəsinin sədridir. Dövlətə sədaqəti, vətənə, xalqa layiqli xidməti yüksək qiymətləndirilib. 2011-ci ildə respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Etibarın ömür yolu milli-mənəvi dəyərlərimizi özündə yaşadan Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır. O, öz fədakarlığı ilə həyatda çox şeyə nail olub, çox maneələrdən keçib. Təsəlli tapır ki, həyatından qopan qiymətli itkinin yeri boş deyil. Nəvəsinin simasında Sərhəd yenidən qayıdıb bu dünyaya. Dünya zaman adlı köhlənini hey dördnala çapmaqda, quş qanadlı illər yenə sürətlə ötüb keçməkdədir. Balaca Sərhəd yavaş-yavaş böyüyür. Onun tez yaşa dolmasını bəlkə də hamıdan çox nənəsi Etibar istəyir. Bir vaxtlar Sərhədin sürdüyü yaşıl rəngli "Niva" indi qarajda saxlanılır. Etibar xanım deyir ki, o maşınla bağlı çoxlu şirin xatirələrim var. İndi çox istəyirəm ki, Sərhəd tez böyüyüb o maşını sürə bilsin. Mən də əyləşim yanında.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2013.- 26 dekabr.- S.10.