Tanınmış ingiltərəli jurnalist Pol Stil

 Azərbaycan mədəniyyətindən və mətbəxindən yazır

 

 

Böyük Britaniyanın "baldhiker.com" saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını əks etdirən daha iki məqaləsi yerləşdirilmişdir. Məqalələrdən birində ingiltərəli jurnalist Bakının mərkəzində yerləşən OperaBalet Teatrının binasının möhtəşəm memarlığından bəhs edir. Pol Stil qeyd edir ki, Azərbaycanda üç dəfə səfərdə olmuşdur, bu ölkənin gözəlliyinə və xalqına heyrandır.

Pol Stil yazır: "Azərbaycan dəfələrlə səfər etdiyim az sayda ölkələrdən biridir. Amma hələ də burada çoxlu görməli və gəzməli yerlər vardır. Bakı müxtəlif mədəni irsləri özündə birləşdirir. Şəhərin hər yerində maraqlı binalar vardır. Bakının mərkəzində OperaBalet Teatrının qədim binası yerləşir".

Azərbaycanın operabalet teatrının yaradıldığı ilk müsəlman ölkəsi olduğunu vurğulayan müəllif bildirir ki, bina XX əsr memarlığı ilə xalqın opera sahəsinə olan sevgisini özündə birləşdirir. 1911-ci ildə təxminən 10 aya tikilən teatrın tarixinə toxunan jurnalist binanın inşasının Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşdirildiyini qeyd edir. Teatr binasının ötən əsr ərzində dəfələrlə təmir edilməsinə baxmayaraq, öz tarixiliyini qoruyub saxladığını bildirən Pol Stil Bakını "xəzinələr şəhəri" adlandırır.

İngiltərəli jurnalistin ikinci məqaləsi Azərbaycan mətbəxi haqqındadır. Pol Stil yazır: "Azərbaycan mətbəxi ən sevdiyim mətbəxlər sırasındadır. Bu ölkəyə hər səfərimdə mənə tanış olan yeməklərdən dadmağa çalışsam da hələ dadmadığım yeni təamlar axtarıram. Dünyanın 11 iqlim qurşağının doqquzunun yerləşdiyi Azərbaycan çeşid, rəng və dad baxımından olduqca zəngindir. Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşən Azərbaycanın mətbəxi də hər iki mədəniyyətin təsirinə məruz qalaraq xeyli zənginləşmişdir".

Quzu kababı, dolma, qutab, paxlava kimi Azərbaycan mətbəxinin dadlı təamlarından bəhs edən yazıda müəllif bildirir ki, bu mətbəxin yeməklərindən bircə dəfə dadmaq kifayətdir ki, onu heç vaxt unutmayasan.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 26 dekabr.- S.10.