Azərbaycan-Dağıstan əlaqələri tarixi və mədəni köklərə əsaslanır

 

Dekabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Oqtay Əsədov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək səviyyədə olduğunu demişdir. Bildirilmişdir ki, Azərbaycan ilə Rusiya, o cümlədən Dağıstan arasında dostluğa, mehriban qonşuluğa əsaslanan hərtərəfli əlaqələr, xüsusilə iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir.

Azərbaycan-Rusiya münasibətlərindən danışan Milli Məclisin Sədri ölkələrimizin qanunverici orqanları arasında da qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Sədr əmin olduğunu bildirmişdir ki, xalqlarımızı birləşdirən, zəngin həyat təcrübəsinə söykənən mehriban dostluq, qonşuluq və əməkdaşlıq ənənələri bundan sonra da möhkəmlənəcəkdir.

Ramazan Abdulatipov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərindən, eləcə də Dağıstan Respublikası ilə tarixi və mədəni köklərə əsaslanan dostluq əlaqələrindən danışmışdır.

Dağıstan Prezidenti yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 27 dekabr.- S.2.