Qədim İçərişəhərlə tanışlıq Dağıstan Respublikasının Prezidenti

 Ramazan Abdulatipovda zəngin təəssürat yaratmışdır

 

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlamışdır. Hörmətli qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovda böyük maraq doğurmuşdur.

Elektromobillə gəzinti zamanı hörmətli qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Ramazan Abdulatipov təndir çörəyinə qonaq edilmişdir.

Dağıstan Respublikasının Prezidenti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq hörmətli qonağa hədiyyə təqdim edilmişdir.

İçərişəhərlə tanışlıq Ramazan Abdulatipovda xoş təəssürat yaratmışdır.

 

Azərbaycan.-2013.- 27 dekabr.- S.6.