"Orta ixtisas təhsili müəssisələrində kredit sistem

i ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 354                   Bakı şəhəri, 26 dekabr 2013-cü il

 

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"na, 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.

 

1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrinə şamil edilir.

 

1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

 

1.3.1. hər bir təhsilalanın (bundan sonra - tələbənin) fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı;

 

1.3.2. orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi;

 

1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;

 

1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;

 

1.3.5. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

 

1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;

 

1.3.7. hər bir fənn üzrə ayrıca jurnalın tərtibi;

 

1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;

 

1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;

 

1.3.10. şöbələrin, fənn birləşmə komissiyalarının, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.

 

1.4. Orta ixtisas təhsili müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır.

 

1.5. Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, şöbələr, fənn birləşmə komissiyaları, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri) tərəfindən tənzimlənir.

 

1.6. Bu Qaydalar orta ixtisas təhsilinin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.

 

 

 

2. Əsas anlayışlar

 

 

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

2.1.1. təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;

 

2.1.2. ixtisasın tədris planı - orta ixtisas təhsili müəssisəsinin ixtisas üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;

 

2.1.3. ixtisasın tədris qrafiki - ixtisasın tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;

 

2.1.4. tələbənin fərdi tədris planı - tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;

 

2.1.5. ixtisaslar üzrə illik işçi tədris planı - ixtisasın tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;

 

2.1.6. müəllimin illik işçi tədris planı - müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzə tələbələrin sayını özündə əks etdirən sənəddir;

 

2.1.7. tələbənin sərbəst işi - tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;

 

2.1.8. akademik məsləhətçi (tyutor) - orta ixtisas təhsili müəssisələrində tədris məsləhətçisidir;

 

2.1.9. akademik mobillik - tələbə və müəllim heyətinin ölkədaxili və xarici ölkələrin orta ixtisas təhsilini və ya orta ixtisas təhsili proqramını həyata keçirən digər müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;

 

2.1.10. Avropa Kredit Transfer Sistemi (AKTS) - təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;

 

2.1.11. prerekvizit fənlər - tədrisi ilk növbədə zəruri olan fənlərdir;

 

2.1.12. akademik transkript - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;

 

2.1.13. fənlər üzrə qeydiyyat - tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur;

 

2.1.14. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) - tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir;

 

2.1.15. akademik təqvim - orta ixtisas təhsili müəssisəsində tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;

 

2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd edilən bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;

 

2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd edilən fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.

 

 

 

3. Tədris prosesi

 

 

 

3.1. Tədris-metodiki təminat

 

 

 

3.1.1. Orta ixtisas təhsili müəssisələrində tələbələrin təhsili ixtisas üzrə təhsil proqramı əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"nın və 2011-ci il 14 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin tələblərinə əsasən həyata keçirilir.

 

3.1.2. Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir:

 

3.1.2.1. ixtisasın tədris planı;

 

3.1.2.2. ixtisasın tədris qrafiki;

 

3.1.2.3. ixtisas üzrə illik işçi tədris planı;

 

3.1.2.4. tələbənin fərdi tədris planı;

 

3.1.2.5. müəllimin illik işçi tədris planı.

 

 

 

3.2. Tədrisin təşkili

 

 

 

3.2.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.

 

3.2.2. Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir.

 

3.2.3. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.

 

3.2.4. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

 

3.2.5. İxtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

 

3.2.6. Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.12-ci yarımbəndinin tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.

 

3.2.7. Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil almaq məqsədi ilə bu Qaydaların 3.2.6-cı yarımbəndinin tələblərinə uyğun ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə subbakalavr dərəcəsi və müvafiq diplom verilir.

 

3.2.8. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:

 

3.2.8.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;

 

3.2.8.2. auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi);

 

3.2.8.3. təcrübələrdə iştirak etməsi;

 

3.2.8.4. laboratoriya işlərini yerinə yetirməsi;

 

3.2.8.5. kurs işini və layihələrini hazırlaması və müdafiəsi;

 

3.2.8.6. imtahanlara hazırlığı və imtahanları verməsi;

 

3.2.8.7. buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də yekun dövlət attestasiyasına hazırlığı və imtahan verməsi.

 

3.2.9. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

 

3.2.9.1. məcburi və ardıcıl öyrənilən fənlər;

 

3.2.9.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər;

 

3.2.9.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər.

 

3.2.10. Oxşar ixtisas üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.

 

3.2.11. Kredit sistemində orta ixtisas təhsili müəssisəsi tərəfindən hazırlanan ixtisasın təhsil proqramı, ixtisasın tədris planı və ixtisasın tədris qrafiki aidiyyəti qurumlara, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planı müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcə də orta ixtisas təhsili müəssisəsinin saytında yerləşdirilir.

 

3.2.12. Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, orta ixtisas təhsili müəssisəsi ona həm fənnin, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaranmadığı halda, bu tələb istisna edilir.

 

3.2.13. İxtisasın illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında orta ixtisas təhsili müəssisəsi tərəfindən hazırlanır.

 

3.2.14. Müəllimlərin illik işçi tədris planı ixtisasın illik işçi tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.

 

3.2.15. Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fəndən akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

 

3.2.16. Tələbə orta ixtisas təhsili müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olan bəzi peşə hazırlığı fənnindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.

 

3.2.17. Tələbə bir orta ixtisas təhsili müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.16-cı yarımbəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

 

3.2.18. Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir.

 

3.2.19. Orta ixtisas təhsili müəssisələrində fənlərin və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi ilə dərs cədvəli fənlər üzrə (müəllimin adı və soyadı qeyd edilməklə) tərtib olunur.

 

3.2.20. Orta ixtisas təhsili müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planları əsasında hazırlanaraq təsdiq edilir.

 

3.2.21. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri bu Qaydaların 3.2.15-ci yarımbəndinin ikinci cümləsinin tələblərinə uyğun olaraq qazana bilər.

 

3.2.22. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir.

 

3.2.23. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrinin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir.

 

3.2.24. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

 

3.2.25. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü bərpa olunur.

 

 

 

3.3. Tələbənin fərdi tədris planının tərtibi

 

 

 

3.3.1. Orta ixtisas təhsili müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün şöbə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydaların 3.2.12-ci yarımbəndinin tələblərini gözləməklə, öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək şöbəyə təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə orta ixtisas təhsili müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır.

 

3.3.2. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.

 

3.3.3. Orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı"na uyğun olaraq tənzimlənir. Fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmadıqda, həmin fənn ixtisasın illik işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafiq qaydada dəyişikliklər edirlər.

 

3.3.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili orta ixtisas təhsili müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir.

 

 

 

3.4. Yay semestrinin təşkili

 

 

 

3.4.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:

 

3.4.1.1. akademik borcların ləğv edilməsi;

 

3.4.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;

 

3.4.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;

 

3.4.1.4. orta ixtisas təhsili müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər orta ixtisas təhsili müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.

 

3.4.2. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.

 

3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

 

3.4.4. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.

 

3.4.5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.

 

3.4.6. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək şöbəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər.

 

3.4.7. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək üçün tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda, onun əvvəl topladığı bal qüvvədə qalır.

 

3.4.8. Bu Qaydaların 3.2.24-cü yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizdən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.

 

3.4.9. Orta ixtisas təhsili müəssisələrində yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.

 

3.4.10. Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun olaraq müəyyən edilir.

 

3.4.11. Dövlət orta ixtisas təhsili müəssisələrində yay semestrinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin semestrdə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına həyata keçirilir.

 

3.4.12. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını orta ixtisas təhsili müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.

 

3.4.13. Yay semestrinə müəllimlər könüllü olaraq cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.

 

3.4.14. Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12-ci yarımbəndində göstərilənlər istisna olmaqla, direktorun əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənilir. Həmin ödənişin məbləği orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilir.

 

3.4.15. Özəl orta ixtisas təhsili müəssisələri yay semestrinin təşkilatçılarına və müəllimlərinə ödənişin məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.

 

 

 

4. Tələbələrin hüquq və vəzifələri

 

 

 

4.1. Tələbə öz fərdi tədris planını tərtib edərkən, bu Qaydalarla tanış olmalı və göstərilmiş tələblərə ciddi riayət etməlidir.

 

4.2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməlidir.

 

4.3. Tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir. Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Bu Qaydalar özəl orta ixtisas təhsili müəssisələrində təhsil alan şəxslərə də şamil edilir.

 

4.4. Tələbə bu Qaydaların 6.1-ci bəndinin tələblərinə uyğun olaraq digər orta ixtisas təhsili müəssisələrində də müvafiq fənlər üzrə kreditləri qazana bilər.

 

4.5. Tələbə öz transkriptini orta ixtisas təhsili müəssisəsindən təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.

 

 

 

5. Akademik məsləhətçi (tyutor) xidməti

 

 

 

5.1. Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə orta ixtisas təhsili müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.

 

5.2. Dövlət orta ixtisas təhsili müəssisələrində tyutorların sayı əlavə ştat vahidləri cəlb olunmamaqla, həmin müəssisələrin mövcud ştatlarının optimallaşdırılması hesabına tənzimlənir.

 

5.3. Tyutorlar ən azı bakalavr dərəcəsi və tədrisin təşkili sahəsində müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilirlər.

 

5.4. Tyutor bu vəzifəyə direktorun əmri ilə təyin edilir.

 

5.5. Tyutorlar:

 

5.5.1. tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;

 

5.5.2. tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;

 

5.5.3. tələbələrin fərdi planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;

 

5.5.4. bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;

 

5.5.5. tələbələrə fərdi tədris planlarında dəyişikliklər edilməsinə yardım göstərirlər;

 

5.5.6. yay semestrinin təşkilində iştirak edirlər.

 

 

 

6. Tələbə və müəllim mobilliyi

 

 

 

6.1. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

 

6.2. Tələbənin akademik mobilliyinin orta ixtisas təhsili müəssisələri, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələri arasında təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən aşağıdakı sənədlər olmalıdır:

 

6.2.1. akademik transkript;

 

6.2.2. tələbənin ərizə (təhsil alacağı dildə doldurulur) forması;

 

6.2.3. tədris razılığı;

 

6.2.4. məlumat paketi.

 

6.3. Müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların və praktik məşğələlərin aparılması) orta ixtisas təhsili müəssisələri arasında xüsusi razılıq əsasında həyata keçirilir.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 28 dekabr.- S.7.