Kərkicahanlılar sonadək döyüşdülər

 

Bu gün Kərkicahanın işğal günüdür. İşğaldan əvvəl Xocalı rayonunun tərkibinə qatılan, uzun illər Xankəndinin inzibati ərazisinin bir hissəsini təşkil edən Kərkicahanın işğalı 1991-ci ilin bu gününə - 28 dekabra təsadüf edir. Əslində, bu işğal lap çoxdan başlamışdı...

 

 

 

Unudulmaz tarix

 

 

 

Kərkilərdən danışanda ilk yada düşən Naxçıvandakı Kərki kəndi və Qarabağdakı Kərkicahan qəsəbəsidir. Elmi araşdırmalarda, tarixi mənbələrdə "Kərkican" və ya "Kirkican" kimi qeyd olunan Kərkicahan "kərki" tayfa adından və yer, məkan bildirən - "can" topoformantından ibarətdir, yəni "kərkilərin məskəni". İndi Kərki də, Kərkicahan da işğal altındadır. Amma onların minillərə gedib çıxan şanlı-şərəfli tarixi başqa həqiqətlərdən xəbər verir.

Azərbaycan xalqının formalaşmasında digər türk boyları kimi kərki tayfalarının da rolu böyükdür. Məşhur tarixçi Q.Qeybullayevin əsərlərində qədim Albaniya ərazilərində tərtər, savdey, aran, macar tayfaları ilə yanaşı, kərkilərin də yaşadığı qeyd olunur. Onun yazdığına görə, "eradan əvvəlki və sonrakı yüzilliklərdə Albaniya ərazisində türk tayfaları göylərə səpələnmiş ulduzlar kimi sayrışırlar. Bunların bir qismi avtoxton tayfalardan ibarətdir. Təbii ki, albanlar, qarqarlar, saklar və kaspilər bu cür tayfalardandır. Kimmerlər, saklar, skiflər, katuklar e.ə. I minilliyin əvvəllərinin gəlmələri hesab olunurlar. Keçmiş eranın son əsrlərində, yeni eranın ilk illərində gələn tayfalar hunlar, savarlar, bolqarlar, dondarlar, kəngərlər, kerqillər, kollar, çullar, şamaklar, peçeneqlər, aranlar, xurslar, xəzərlər, macarlar, barsillər və başqalarından ibarət olmuşdur. Türk xaqanlığının, xəzərlərin və qismən savarların VI-VIII əsrlərdəki gəlişi sonrakı böyük dalğa hesab olunur".

Tarixi məlumatlara görə, bütün gəlmə tayfalar Şimaldan Cənubi Qafqaza endiyi halda yalnız səlcuq-oğuzların 24 boydan ibarət kayı, bayandur, iva, salor, avşar, bəydili, bayat, eymur, tuker, çuvaldar, çapni, xalac və başqa tayfa birlikləri XI-XII əsrlərdə Xəzərin cənubu ilə hərəkət edib Atropatena və Albaniya ərazilərinə daxil olublar. Oğuzların XI-XII əsrlərdə gələrək birdən-birə yerli əhalini türkləşdirməsi fikirləri isə həqiqəti əks etdirmir. Q.Qeybullayevin haqlı olaraq qeyd etdiyi kimi: "...Oğuzlar Azərbaycan ərazisinə qatı müsəlman kimi gəlmişdilər. Bu faktın böyük tarixi əhəmiyyəti ondadır ki, əvvələn, oğuzların yerli türkdilli əhali ilə konsolidasiyası sürətləndi; ikincisi, döyüşkən oğuzlar tərəfindən Azərbaycan ərazisinin yadellilərdən müdafiəsi təmin olundu. ...Onlar gəldikdə Azərbaycan xalqı və onun türk dili vardı. Səlcuq oğuzları Azərbaycan xalqının etnogenezində həlledici rol oynamamışlar. Bu rol onlardan qabaqkı yerli türk etnoslarına məxsusdur".

Min illər boyu "Azərbaycan ərazilərinin yadellilərdən müdafiəsini təmin edən" kərkilərin bu dəfə özünün müdafiəyə ehtiyacı vardı...

 

 

 

Cahan Kərkicahanın dərdlərini nə vaxt görəcək

 

 

Hələ 1960-cı illərdə ermənilərin təşəbbüsü ilə az qala "şəhər içində şəhər"ə çevrilən Kərkicahanın adı yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarılaraq Xankəndiyə birləşdirildi. Taleyin qəribə ironiyası var - vaxtilə Xankəndi şəhərini Qarabağ xanları məhz Kərkicahan yaxınlığında salarkən nə düşünürdülər, ermənilər nə etdilər? Məsələ təkcə bununla bitmədi - sovet dövründə Qarabağa yenidən erməni əhali yerləşdiriləndə onlardan 700 nəfəri Kərkicahanın "payı"na düşmüşdü...

Belə ağır şərtlərlə kərkicahanlılar növbəti Qarabağ savaşına başladılar. Bu döyüşlərdə 150-dən çox azərbaycanlı - 40 qadın və 110 kişi şəhid oldu. Onların arasında 1 yaşlı körpədən ahıllara qədər hər yaşda insan vardı. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranan Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunurdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının ağır hərbi texnikası qarşısında dayana bilməyib geri çəkilməyə məcbur oldular. Bununla belə onlar bir müddət erməni hücumlarının qarşısını alaraq dinc əhalinin qəsəbədən çıxmasına kömək etdilər. Apara bilmədikləri məktəblər, bağçalar, klublar, suqaz idarələri, stadionlar, parklar, hotellər, pansionatlar erməni tapdağında qaldı. Hətta İkinci Dünya müharibəsində Kərkicahan bu qədər itki verməmişdi - 79 şəhid, 20 itkin və 44 əlil. O vaxt Dünya müharibələrindən salamat çıxan kərkicahanlıları qarşıda ermənilərin fitvası ilə təşkil olunan repressiyalar gözləyirdi. Təkcə 30-cu illərin repressiya aparatı Kərkicahanın axundu da daxil olmaqla, onlarla insanın həyatına son qoydu...

 

1937-ci ilin ardınca 80-ci illərin qırğınları gəlirdi...

 

Ermənilər növbəti dəfə Qarabağa diş qıcayanda başqa yaşayış məskənlərimiz kimi Kərkicahanın tarixinin, mədəniyyətinin, abidələrinin öyrənilməsi aktuallaşdı. 1988-ci ildə burada aparılan qazıntılar zamanı III əsrdən qalma yazılı daşlar, qoç fiqurlu kiçik daşlar, küplər, xəzinələr, XII əsrə aid qəbirlər, 8 guşəli minarələr, kurqanlar, abidələr, müxtəlif heykəllər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, Alban pir-ocaqları və s. vardı. Kərkicahanın yaxın tarixindən xəbər verən binaların biri - İbrahim xanın böyük oğlu Məhəmmədhəsən xanın evlərindən biri burada idio, ev 1940-1950-ci illərdə məktəb, sonralar muzey kimi fəaliyyət göstərirdi. Həmçinin Kərkicahan ərazisində siklopik tikililər də vardır ki, onlar da eramızdan əvvəlki dövrləri əhatə edir. Təəssüf ki, indi onların çoxunu ermənilər məhv ediblər.

Kərkicahanda həm də Dağlıq, Kərkicahan, İbrahimxəlil xan, Bakı küçəsi, Koroğlu prospekti vardı. Burada tarixi əhəmiyyətə malik olan qədim küçələr də çox idi: Pir yolu, Aşağı və Yuxarı küçə, Kərki küçəsi və s. İndi adları dəyişdirilən həmin yollarda, küçələrdə başqaları gəzir.

 

 

 

Bir əsirin taleyində görünən Kərkicahan

 

 

Yaxınlarda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1970-ci il təvəllüdlü Kərkicahan sakini Atakişiyev Fərhad Rəhman oğlu əsirlikdə olarkən xüsusi qəddarlıqla qətlə yetirilib. Bunun əsas səbəbi onun Kərkicahanda 1991-ci ilin dekabrında döyüşçülərimizə bələdçilik etməsi olub. Həmin vaxt erməni hərbçiləri çoxsaylı itkilərə məruz qalmışdılar. Ermənilər F.Atakişiyevə işgəncələr verərək "Qarabağ ermənilərindir" ifadəsini deməyə məcbur etmək istəyiblər. Lakin o, işgəncələrdən və ölümdən qorxmayaraq "Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq" deyib. Onun meyitinin ekspertizası zamanı bədənində hər biri ayrı-ayrılıqda insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə izi aşkar edilib. Azərbaycan Prezidentinin 28 iyul 2009-cu il tarixli Sərəncamı ilə Atakişiyev Fərhad Rəhman oğlu "Azərbaycan bayrağı" ordeni (ölümündən sonra) ilə təltif olunub.

Bu, təkcə şəhid olan kərkicahanlılardan birinin taleyidir...

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 28 dekabr.- S.9.