Enerji siyasətinin Azərbaycan modeli

 

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması ulu öndər Heydər Əliyevin müəllifi olduğu enerji strategiyasının növbəti təntənəsi, Prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir

 

 Əsrlər boyu zəngin təbii sərvətləri ilə dünyada tanınan, müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləyib. Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olub.

 

 

 

"Əsrin müqaviləsi" ilə başlanan yol

 

 

Heydər Əliyevin neft strategiyasının mühüm hissəsini təşkil edən "Əsrin müqaviləsi"nin Azəbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var. Bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, xüsusən, sənayenin və neft sektorunun müasirləşməsinə rəvac verdi. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasiiqtisadi sınaqlarla qarşılaşmış Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx inteqrasiyasını təmin etdi.  Qərbin bir sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan "Əsrin müqaviləsi" regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnın başlanğıcını qoydu.

Bu barədə Prezidenti İlham Əliyev çox dəqiq deyib: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ ki, tənəzzül yaşanırdı, iqtisadiyyat demək olar ki, çökmüşdü. Müstəqil ölkə üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz demək olar ki, şübhə altında idi. Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı bölgədə birmənalı qarşılanmırdı. "Əsrin kontraktı"nın imzalanması böyük siyasi cəsarət tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola bilmişik".

 

 

 

Strateji tərəfdaşlığa doğru

 

 

Ötən 10 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin edib. Dövlət başçısı neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin praktik şəkildə gerçəkləşməsinə nail olub. Beləliklə, 2005-ci ildə əfsanədən həqiqətə çevrilən BTC neft kəməri müəllifi Heydər Əliyev olandünyaya səs salan "Əsrin müqaviləsi"nin qanunauyğun məntiqi nəticəsi idi. 2005-ci il mayın 25-də boru kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə bağlı təntənəli mərasimlər keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatması isə respublikamız üçün rəmzi səciyyə daşıyan hadisəyə çevrildi. Xəzər neftinin Ceyhan limanına çatdırılması, Ceyhandan isə dünya bazarlarına ünvanlanması həmişə çətin sınaqlardan böyük uğurla çıxmış, özünü təsdiqləmiş Heydər Əliyev siyasi kursunun realparlaq qələbəsi kimi tarixə düşdü. Bu, sadəcə, qələbə olmayıb, Heydər Əliyevin müdrik siyasətinin təntənəsi səviyyəsində ümumiləşən tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz nailiyyət idi.

Qloballaşan dünyada hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz və əsas tərkib hissələrindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan dost və tərəfdaş ölkələrin, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdi. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, indiyədək keçirilən enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.

 

 

 

Müstəqil enerji siyasəti

 

 

 

Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dövlətlərin diqqətini cəlb edib.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol birinci növbədə özünün neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Belə ki, hazırda Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edilir. Lakin bu hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.

Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.

 

 

 

Xəzər təbii qazla da zəngindir

 

 

 

Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. İndiyədək neft sahəsində bütün iri layihələr icra edildiyi üçün son illərdə Azərbaycan özünün enerji siyasətini daha çox qaz amili üzərində qurur. Bunun nəticəsi olaraq son bir neçə ildə respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. "Şahdəniz" qaz yatağının kəşfi və hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi.

 2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən aşkarlanan "Ümid" yatağı ölkəmizin  zəngin enerji potensialını bir daha dünyaya göstərdi. "Ümid" yatağının kəşf olunması Azərbaycanın dünyada təkcə neft yox, eyni zamanda, təbii qazla zəngin dövlət imicini də yaratdı. Digər tərəfdən bu yataq ölkəmizi istəməyənlər tərəfindən Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunan informasiyalara son qoydu. Yataqda kəşf edilən qaz ehtiyatları Azərbaycanın enerji potensialına böyük dəstək verir. Gələcəkdə buradan hasilatın başlaması nəticəsində respubikamızın qaz ixracı daha da artacaq.

Respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində Xəzərdən gələn bir xoş xəbər hər bir azərbaycanlını dərindən sevindirdi, qürurlandırdı. Dənizin Azərbaycan sektorundakı "Abşeron" blokunda Fransanın "Total" şirkəti tərəfindən aparılan qazma və kəşfiyyat işləri nəticəsində burada böyük qaz yatağı aşkar edildi. "Abşeron" blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə Prezident İlham Əliyev deyib: "Bu, bizə imkan verəcək ki, qaz strategiyamızı daha da inamla irəliyə aparaq,  Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və ölkə kimi əhəmiyyətimiz, şübhəsiz, daha da artacaqdır".

 

 

 

Azərbaycanın enerji siyasətinə qızıl hərflərlə yazılan növbəti hadisə

 

 

Bu günlərdə Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan növbəti möhtəşəm hadisə baş verdi. Bakıda "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarı imzalandı. Xatırladaq ki, 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

İmzalanma mərasimində Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: "Bu gün müasir Azərbaycanın tarixində tarixi bir gündür. "Şahdəniz-2" enerji layihəsinin icrasına başlanılacaqdır. Bu isə ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə  TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşəcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. Layihə bu günə qədər kəşf edilmiş 3 trilyon kubmetrə yaxın Azərbaycan qazının ən az 100 il birbaşa satışı üçün Avropada vasitəçisiz bazar yaradır, bununla da, Azərbaycan dünyada həm neft, həm də qlobal qaz ixracatçısına çevrilir. Bu isə uzun illər Azərbaycanın milli gəlirlərinin formalaşmasının diversifikasiyası deməkdir.

Azərbaycanın enerji siyasətinin növbəti mərhələyə qədəm qoyduğunu göstərən "Şahdəniz-2" üzrə yekun investisiya qərarı, sadəcə, iqtisadikommersiya deyil, Azərbaycanın siyasiiqtisadi müstəqilliyinə xidmət edən çox mühüm sənəddir. Bu layihənin reallaşması Azərbaycanın gələcək inkişafı üçün zəmin yaradan çox mühüm amillərdən biri olmaqla yanaşı, ölkəmizin dünyadakı mövqelərini, regionalqlobal miqyasda rolunuyerini daha da gücləndirəcək.

"Əsrin müqaviləsi" ilə müqayisə olunan "Şahdəniz-2" üzrə yekun investisiya qərarı ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin enerji siyasətinin uğurlu nəticəsidir.  Bu möhtəşəm hadisə və buna qədər ölkəmizin nail olduğu digər uğurlar neft və qazın hasilatında və nəqlində Azərbaycanın öz modelini formalaşdırıb. Azərbaycanın təşəbbüsləri nəticəsində regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında çox ciddi korrektələrin baş verməsi, neft gəlirlərinin istifadəsində, strateji tərəfdaşlıqda və beynəlxalq əməkdaşlıqda ölkəmizin ortaya mükəmməl nümunələr qoyması bu modelin həyata vəsiqə almasının göstəricisidir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 30 dekabr.- S.1.