«Azərbaycanın iqtisadi inkişaf potensialı və onun reallaşdırılması istiqamətləri: Qaradağ rayonunun töhfəsi» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Azərbaycanın iqtisadi inkişaf potensialı və onun reallaşdırılması istiqamətləri: Qaradağ rayonunun töhfəsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

İcra hakimiyyətindən AzərTAc-a bildirilmişdir ki, əvvəlcə tədbir iştirakçıları qəsəbədə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsinin önünə güllər düzmüşlər.

Tədbirdə ölkəmizin iqtisadi inkişafını əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək Azərbaycanın hazırkı inkişaf yolunun əsas istiqamətlərindən danışmışdır. O bildirmişdir ki, bu inkişaf, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.

Vurğulanmışdır ki, Heydər Əliyevin təməlini qoyduğu və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasiiqtisadi inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni ideyalarla zənginləşdirilərək tətbiq edilir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti sayəsində ölkəmiz aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirmişdir. Fəttah Heydərov demişdir ki, Azərbaycan təkcə regionda deyil, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.

Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyası ilə nəticələndiyini demişdir.

Milli Məclisin deputatı Hadi Rəcəbli demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi sosial-iqtisadisiyasi problemlərdən danışmışdır. O demişdir ki, bu problemlərin həll olunması Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli maraqlara cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır.

Bildirilmişdir ki, son on il ərzində Azərbaycan sürətli inkişaf dövrünü yaşamış, mövcud problemlərin böyük hissəsi öz həllini tapmış, müxtəlif istiqamətlər üzrə konkret proqramlar icra edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov 2003-2013-cü illərin Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratikmüasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır və bu uğurlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır.

Milli Məclisin deputatı Mixail Zabelin "Azərbaycanın iqtisadi tərəqqisində rus icmasının yeri və rolu", professor İsa Alıyev "Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində: perspektiv hədəf və istiqamətlər", iqtisad üzrə fəlsəfə doktoru Roza Əliyeva "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti və onun icrasında Qaradağ rayonunun təcrübəsi", iqtisad üzrə fəlsəfə doktoru Elşən Səmədzadə "Azərbaycanın iqtisadi inkişafı: tarixi baxış və gələcək haqqında düşüncələr" mövzularında məruzələrlə çıxış etmişlər.

 

Azərbaycan.-2013.- 30 dekabr.- S.6.