Səmimiyyət ən böyük sərvətdir

 

Əbəs demirlər ki, ağsaqqal yaşının çoxluğuna görə yox, səmimiyyətinə, səriştəsinə, səxavətinə görə tanınır. Xalqımızın ən böyük dəyərlərindən biribudur ki, hər yerdə həmişə ağsaqqala hörmət bəslənilir, onun sözü uca tutulur, ona inamla, ehtiramla yanaşılır. Bu, bizim milli mentalitetimizin ən ali keyfiyyətlərindən biri sayılır. Ağsaqqal məsləhətinin bir sıra hallarda inzibati tənbehlərdən, fiziki tədbirlərdən daha çox faydası olur. Belə nüfuzlu, sözübütöv insanlardan biri Zaqatala Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədovdur.

Mən onu çoxdan tanıyıram. Uzun müddət bir yerdə işləmişik. Həyat yoluna, xasiyyətinə, xarakterinə yaxından bələdəm. İsa müəllim Zaqatala rayonunun ən ucqar kəndlərindən birində, Suvagildə anadan olub. Təbiəti sərt, yaşayışı çətin bir məkan idi. Müharibə əlili Məhəmməd kişinin işgüzar, halal ocağının başında böyüyüb.

İsa Əhmədovun xarakteri məhz belə mürəkkəb mühitdə formalaşıb. Elə gənc yaşlarından insanlara xoş münasibəti, səmimi rəftarı ilə seçilirdi. Sonra əsgəri borcunu yerinə yetirdi. Elmə, biliyə olan sonsuz həvəsi sayəsində qədim yurd yerindən pərvazlanaraq Bakıya getdi. Ali təhsil alıb qayıdanda bir müddət Zaqatala internat məktəbində işlədi. Dərs deməklə yanaşı ictimai işlərdə də həvəslə çalışırdı. Fəallığına, işgüzarlığına görə onu rayon partiya komitəsinə dəvət etdilər. Sonra şəhər mətbəəsinin direktoru oldu. Onda mən də mətbəədə çapcı işləyirdim. İsa müəllim əməksevərliyi və səmimiyyəti ilə kollektivdə böyük hörmət qazandı. Xüsusən yaradıcı gənclərə yol göstərir, ehtiyacı olanlara  köməyini əsirgəmirdi.

Ötən əsrin 90-cı illərinin gərgin günlərində cəbhəçilər etnik qruplar arasında narazılıq yaratmağa çalışanda İ.Əhmədov hamıya doğru yol göstərir, insanları birliyə, mehribanlığa çağırırdı. Cəbhə bölgələrindən şəhidlər gələndə, yas mərasimlərində fəal iştirak edir, ailələrə təskinlik verir, cavanları erməni nankorlarından qisas almağa ruhlandırırdı.

Milli Məclisin deputatı Fəttah Heydərov respublika Ağsaqqallar Şurasının sədri seçiləndə Zaqatalada bu İsa Əhmədova həvalə olundu. İlk gündən əsaslı işlər görülməyə başlandı. Rayon Ağsaqqallar Şurasının binası təmir olundu, mebellə təmin edildi. Ahıllar üçün istirahət mərkəzi yaradıldı. 2012-ci ilin əvvəllərində ağsaqqalların Qəbələdə keçirilən konfransında İsa Əhmədov da çıxış etdi. Onun irəli sürdüyü təkliflər rəğbətlə qarşılandı. Hazırda rayon icra hakimiyyətinin köməyi ilə yerlərdə ağsaqqalların fəaliyyət dairəsinin daha da genişlənməsi üçün tədbirlər görülür. İsa Əhmədov həmişə nüfuzlu adamlara əsaslanır, onların məsləhətlərinə qulaq asır, təcrübələrindən istifadə etməyə çalışır. İsa müəllim deyir ki, Ağsaqqallar Şurasının tərkibində olanlar əsasən əmək cəbhəsində uzun müddət fəaliyyət göstərən insanlardır. Buna görə də onlar özlərini heç vaxt ictimai işlərdən kənarda görmürlər, yeni nəslin tərbiyəsində, dövlətin siyasətinin həyata keçirilməsində əllərindən gələni əsirgəmirlər.

Bəlli olduğu kimi, ötən ilin may ayında Zaqatalada baş verən zəlzələ yüzlərlə ailəni evsiz-eşiksiz qoymuşdu. Fəsadların aradan qaldırılması üçün dövlətin sistemli surətdə gördüyü tədbirlərə baxmayaraq, bəzi narahat, nigaran insanlar da yox deyildi. İsa Əhmədov onların hər biri ilə fərdi qaydada görüşür, hər kəsi səbirlə dinləyib onlara deyirdi ki, bu məsələ birbaşa dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir, heç kəsin ev-eşiyi yarımçıq qalmayacaq, bütün binalar bərpa ediləcək, əvvəlkindən də yaxşı olacaq.

Məhz bu keyfiyyətlərinə görə ömrünün 70 ilini haqlamış İsa Əhmədov  Zaqatala bölgəsində böyük hörmət qazanıb. Təkcə rayonun mərkəzində yox, yaxın və uzaq kəndlərdə də onu tanıyır, yanına məsləhətə gəlir, ondan qayğı, kömək umurlar.

Beləcə, ona olan el-oba hörməti doğma torpağa, elinə-obasına sədaqətindən, adamlara saf, sağlam münasibətindən gəlir. Əbəs demirlər ki, səmimiyyət ən böyük sərvətdir.

 

 

 

Qurban MƏMMƏDOV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Azərbaycan.-2013.- 30 dekabr.- S.7.