Üzbəüz dayandığımız il Atdı - muraddı

 

Yenə də ilayrıcındayıq. Köhnə il missiyasını başa vuraraq tarixin arxivinə üz tutur. Onun varlığını təşkil edən günlərdə, aylarda əlamətdar və qeyri-adi hadisələr varsa, ömrünün izlərinə naxışlanan sevinclərin, elə kədərlərin də sayı qədər yad ediləcək.

Yeni ili həmişə ümidlə, səbirsizliklə gözləyirik. Ürəyimiz yeni arzularla, duyğularla çırpınır. Bu səbəbdən də pisliklər, ağrı-acılar köhnə ildə qalsın deyirik. Yeni il həyatımıza adı kimi təzəlik gətirsin. Doğrudur, ayrılıq həmişə kədərli olur. Maraqlıdır ki, köhnə illə Yeni ilin vidalaşdığı məqamda qəmdən əsər-əlamət olmaz. Qəlblərdə fərəh, üzlərdə sevinc duyular. Elə bu hisslərlə də onu ümidlə qarşılayırıq.

Yaşımızın üstünə yaş gətirən köhnə ili elə köhnə dost kimi də yola salırıq. Deyirlər "hər şeyin təzəsi, dostun köhnəsi". Amma ümidlə, inamla dolu olan Yeni ilə bu sözləri aid etmək olmaz. Elə ilin köhnəsi də, təzəsi də yaxşıdır. Təki onun varlığında uğurlarımız çox olsun. Beləliklə, sevinclə, müxtəlif maraqlı hadisələrlə, yeniliklərlə yaşanan 2013-cü il ömrünü başa vurdu. Lakin elə bir millət, elə bir xalq tapılmaz ki, ilin bütün günləri onlar üçün ancaq bayramdan, şadlıqdan ibarət olsun. Həyatın təzadları ilin günlərində öz əksini mütləq tapır. Bu elə  reallıqdır ki, insan heç zaman ondan qaça bilməz. İndi təzə - 2014-cü illə üzbəüz dayanmışıq. Astroloqların fikrincə, köhnə il mart ayında at üstündə təhvil olacaq. Deməli, Yeni ilimiz atdı - muraddı. Bütövlükdə millətimizin arzusu, dövlətimizin siyasəti, Prezidentimizin apardığı gərgin mübarizə yeni ildə həyata keçsin. Yəni, erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımız düşmən tapdağından azad edilsin!

Bütün xalqlarda belədir ki, köhnə ildə yarımçıq qalmış işlərin, qovuşmadığın arzuların məhz təzə ildə həyata keçəcəyinə inanırsan. Bəlkə də elə buna görə dünya dekabrın son gecəsini xüsusi şənliklə qeyd edir. O bayram, o əlamətdar hadisə əgər bəşəriyyətin diqqətindədirsə, bunun da öz mənası, öz gözəlliyi var. Təzə ili dünyada böyüklərdən çox  uşaqlar xüsusi intizarla gözləyir, qarşılayır, şənlik edirlər. Nə gizlədək... Çilçıraqlı yolkaların əlvanlığından adamın ovqatına qəribə sevinc süzülür. Bayram axşamı  bağışlanan hədiyyələr, bir-birinə qarışan təbriklər, hətta qapını döyən Şaxta baba, Qar qız... Vallah çox gözəldir! Məhz həmin axşam Yeni ilin ilk sevinci başlayır. Bəzən söyləyirlər ki, bu bayramın bizim millətə dəxli yoxdur. Bayramlar heç zaman insanla doğulmur ki, milliyyəti olsun. Xoş günü, şənliyi, təqvim yeniliyini qeyd etməyin nəyi pisdir, təki həmişə bayram olsun! Deyək ki, Azərbaycanda Yeni ili həmişə xüsusi istəklə qarşılayıb, yüksək ovqat ilə keçirməyə çalışıblar. Doğrudur, son illər bu bayramla bağlı bəzi təzadlı fikirlər də meydana çıxıb, fakt isə faktlığında qalır. Təqvim ili dəyişir. Köhnə il ömrünü başa vurur. Yeni il qədəmlərini torpaqlarımıza atır. Artıq yüz ili ötüb ki, Azərbaycanda bu bayramı böyük məhəbbətlə, sevinclə, ümidlə qarşılayıb qeyd edirlər. Əlbəttə bu bayram bizim əlamətdar günlərin sırasına sonradan gəlmədir. Lakin illərdir ki, təqvim ilinin dəyişməsini məmləkətimizdə təmtəraqla keçiririk, evlərdə yolka qururuq. Dekabrın son gecəsi bayram süfrəsi açılır, ailə üzvləri bir-birinə hədiyyələr bəxş edirlər. Həmin axşam süfrələr gözəlliyi, zənginliyi ilə diqqət çəkir. Üzlərdə, gözlərdə sevinc duyulur. Ailənin şənliyi bir də onda daha çox artır ki, döyülən qapını açanda Şaxta baba ilə üzləşəsən.

 

 

 

Dünya Yeni ili necə qarşılayır

 

 

 

Bu bayram ilk dəfə 1594-cü ildə Fransada qeyd olunub, IX Karlın fərmanı ilə Təzə il yanvarın 1-dən başlanıb. Bu yenilik bir ildırım sürətilə dünyaya yayılıb. Fransa əyalətlərində indi də köhnə ənənəyə əməl olunur. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi oraya həm də bayram süfrəsindən pay aparır. Bu da adətən qoğal və bulkadan ibarət olur. Bu bayram payını ertəsi gün başqa birisi götürür. Əvəzində öz gətirdiyini bulaq başına qoyur. Beləliklə, qadınlar gecə yarısına qədər bir-birilərini bu cür qonaq edirlər. Fransada şirin fətirlə bərabər qızardılmış şabalıd süfrəyə xüsusi gözəllik gətirir. Süfrədə mütləq göbələk supu, bal, kələm turşusu, süddə qızardılmış peçenyelər olmalıdır.

Əlbəttə, Yeni ili hər bir xalq mütləq öz ənənəsinə uyğun keçirir. Rusiyada, İtaliyada, eləcə də Avropanın bir çox ölkələrində, Amerikada Yeni ili müxtəlif adət-ənənələrə uyğun qarşılayırlar. Dekabrın 31-də evlərdə bayram süfrəsi açılır. Hər xalqın da özünəməxsus süfrə mədəniyyəti var. Yeni il süfrələri müxtəlif şərabların, cürbəcür içkilərin çoxluğu ilə seçilir. İtaliyada bu bayramı beş gün keçirirlər. Süfrəyə mütləq meyvə piroqu, balıq, bal, noxud düzülür. Hətta Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması adəti hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italiyalılar düşünürlər ki, nə qədər çox mebel atılsa, Yeni il öz gəlişi ilə həmin ailəyə bir o qədər də sərvət gətirə bilər.

Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir.

Avropanın çox ölkəsində Yeni ili xüsusi təmtəraq və ciddi qaydalarla qarşılayırlar. Elə ölkə var ki, orada Şaxta baba, elə yerlər də var ki, orada uşaqların Şaxta nənəsi olur. Şaxta babanın adı Noel ata, Şaxta nənənin ismi isə Befandır. Avropada belə bir fikir də dəbdədir ki, Yeni il axşamı ən yaxşısı evindən bayıra çıxmamaqdır. Bunun da bir səbəbi var: həm o axşam pəncərədən atılan köhnə mebellər sənin üstünə düşməz, həm də bayramı hansı ovqatla qarşılasan, elə o əhval-ruhiyyə ilə də sona çatdırarsan.

Almaniyada ilkin olaraq Yeni il tortu bişirilir, süfrəyə donuz əti qoyulur. Elə ki, saatlar gecə yarısını göstərir, müxtəlif yaş təbəqəsinə mənsub insanlar sanki balaca uşağa dönürlər. Masa, stul və kreslonu "at" kimi çapırlar. Beləliklə, onlar da Yeni ili bu şəkildə qeyd edirlər.

İngiltərədə də Yeni ilin özünəməxsus qarşılanma mərasimi var. Burada hər bir yerdə olduğu kimi ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə oyuncaqalar, maskalar, hava şarları satılır. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatla istifadə edirlər. Çünki onun içərisində yemək üçün qidalarla bərabər, yararsız əşyalar da olur. Odur ki, pudinq lotereya kimidir. Kimə yaxşısı, kimə də pisi düşə bilər. 

Böyük Britaniyada həm də evi iynəyarpaqlı və ağ bağamburc budaqları ilə bəzəyirlər. Adətə görə, milad ərəfəsində kişilərin bu bitkilərdən hazırlanmış, bəzəklərin altında dayanmış istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oyuncağıdır. Deyilənə görə, bu adəti İngiltərəyə vikinqlər gətirib.

Şotlandiyada Yeni il qəribə hay-küylə qarşılanır. Çəlləkdə qətran yandırılır və onu küçə boyu diyirləyirlər. Bu da şotland inancına görə, köhnə ilin yandırılması deməkdir. Güya bundan sonra Yeni ilə yol açılır. Bu ölkədə hələ qədimdən hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam ya xoşbəxtlik, ya da bədbəxtlik gətirər. Ona görə də evə ilk dəfə qədəm atmağa hər kəs tərəddüd edir. Deyirlər ki, şotland evinə ilk dəfə hədiyyə ilə tünd saçlı kişi daxil olsa, bu, xoşbəxtlik əlamətidir.

İrlandiyada isə həmin gecə evlərin qapıları taybatay açıq qalmalıdır. Kimin ürəyi hansı evi istəsə, daxil ola bilər. Çünki onu həmin evdə əziz qonaq kimi qarşılayaraq bayram süfrəsi ətrafında ən şərəfli yerdə əyləşdirəcək və şirin şəraba qonaq edəcəklər. İrlandlar bayram axşamı badə qaldırarkən belə söyləyirlər: "Bu evdə və bütün dünyada sülh naminə".

Macarıstanda Yeni il günü oyuncaq tütəklər, fit hədiyyə etmək dəbdədir. Xalq inancına görə, bu musiqi alətlərinin təsirli səsi evdəki cinləri qovar, əvəzində sevinc, firavanlıq gətirə bilər.

Rumıniyada Yeni il axşamı süfrəyə içərisində sürprizlər - qəpiklər, farfor fiqurlar, acı bibər qabığı olan qoğal qoyulur. Kiminsə qoğalında üzük tapılsa, bu o deməkdir ki, Yeni il onun üçün xoşbəxtlik gətirəcək, acı bibər qabığı isə sadəcə gülüş doğurmaq məqsədilə qoyulur.

Hindistanda da bu bayramı özlərinə məxsus şəkildə qeyd edirlər. Əyalətlərdən asılı olaraq bu qarşılanma müxtəlif cür həyata keçirilir. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, çəhrayı və bənövşəyi çiçəklərlə bəzəyir. Hindistanın mərkəzində evlər bənövşəyi bayraqlarla diqqəti çəkir. Bu ölkənin qərbində isə evlərin damında mütləq od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün aldıqları hədiyyələri, şirniyyatları, gülləri düzürlər. Yeni ilin ilk günü ertədən uşaqları gözü bağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar öz hədiyyələrini seçsinlər. Kimin qismətinə nə düşərsə...

Qəribədir ki, İndoneziyada Yeni ili on gün qeyd edirlər. Allahların şərəfinə rənglənmiş düyüdən "yeməli sütun" düzəldirlər. Əlbəttə, bu yeməli sütundan allahlara bir şey qalmır. Bayramdan sonra onlar sökülür, düyünü isə hər kəs öz evinə aparır. Düyü demişkən, Vyetnamda da Yeni ili düyü yeməyi ilə qarşılayırlar. Yeni il axşamı hər kəs akvariumda saxladığı balığı çaya və ya gölməçəyə buraxır. Vyetnamlılara görə, balığın belində Allah üzür. Ulu Tanrı Yeni il günü səmalara çəkilir və oradan Yer üzündə insanların necə yaşamasından asılı olaraq hər bir ailəyə sovqat göndəirir.

Monqolustanda isə Yeni il bir növ heyvandarlıq bayramı kimi qeyd edilir. Bu ölkədə Şaxta babanı çoban və ya maldar əvəz edir. Həmin gün monqollar müxtəlif idman yarışları, xüsusən də cəldlik və mətinlik üzrə yarışmalar keçirirlər. Həmin gün cıdır da olur.

Yeni il axşamı Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var. Rəvayətə görə Norveç kralı II Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir, heyvanı saraya gətirir və sağaldaraq sonra gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam öz xilaskarına şəfalı otlar gətirirmiş.

Kubada Yeni il gecəsi saat on bir dəfə vurur. On ikinci zəng Yeni ilə düşür. Cəmi bir saat ərzində insanlar bayramı sakitcə qeyd etməli, gecəyarı pəncərədən küçəyə su atmalıdırlar. Yeni ildə atılan su insanların həyatına aydınlıq gətirər, - deyirlər.

Meksikada isə saatın on ikini vurması ilə həmahəng fişənglər atılır, karnaval yürüşləri başlanır. Burada meyvə, su və digər hədiyyələrlə doldurulmuş gil qabların sındırılması adəti mövcuddur.

Finlandiyada Yeni il hədiyyələrini stola düzür və üstünü kasa ilə örtürlər. Subay qızlar ayaqqabılarını çiyinlərinin üzərindən qapıya tərəf atırlar. Ayaqqabı üzü qapıya tərəf düşsə, bu o deməkdir ki, Yeni ildə toy gözlənilir.

 

Çexiya və Slovakiyada hamı bir-birinə hədiyyə verir. Xoşa gəlməyən hədiyyəni bayramın ilk günlərində mağazaya qaytarmaq, ya da dəyişdirmək olar. İsveçdə Yeni il ərəfəsində qonşunun qapısında qabları sındırmaq adəti var.

Ekvadorda Yeni il ərəfəsində köhnə paltarlardan hazırlanmış müqəvvanı küləşə bürüyürlər. Bu ötən ilin simvoludur. Onu evin qarşısında oturdurlar. Gecənin yarısı köhnə ilin vəsiyyətləri sadalanır və burada ailənin bütün qayğıları səsləndirilir. Sonra kağız müqəvvaya od vuraraq yandırırlar. Beləliklə, ailənin ötənilki uğursuzluqları da külə dönür.

Yaponiyada Yeni il ən böyük bayram hesab olunur. O bir neçə gün davam edir. Yeni il ərəfəsi "qızıl həftə" adlanır. Bu vaxt bir çox müəssisələr, firmalar, böyük univermaqlar işləmirlər. Yeni ilin başlanması anında yaponlar gülməyə başlayırlar. İnanca görə gülüş Yeni ildə onlara uğur gətirəcək. Yeni ilin birinci gecəsi məbədə gedirlər. Burada məbəd zənginə 108 dəfə zərbə vururlar. İnanırlar ki, hər zərbəyə bütün pisliklər məhv olur. Evlərdə gözəgəlimli yerlərdə düyü kökələri, xoşbəxtlik, sağlamlıq və uzun ömrün simvolu olan narıncı, evlərin yanına isə səadət rəmzi olan bambuq və şam ağacı qoyurlar. Yeni ildə hər bir yaponun evində üç ağacın budağını görmək mümkündür: bambuq, gavalı və şam. Bu ağacların da hər birinin öz mənası var. Yeni il axşamında yaponlar ancaq yaxşı sözlər işlədirlər. Yaponiyada Yeni il gecəyarısı yox, səhər günəş çıxanda qarşılanır.    

Dünyanın çox yerində qurulan yolkanın başına mütləq ulduz taxırlar. Bunun da mənası var. Ulduz mələklərlə ünsiyyətə işarədir. O gecə mələklər evlərə baş çəkir, insanların arzu və istəklərini eşidib Tanrıya çatdırırlar. Bu səbəbdən də yolkaların üzərindəki ulduz mələkləri qarşılamaq mənasını daşıyır.

Azərbaycanda isə Yeni il axşamının bir özəlliyi və gözəlliyi də var. Bu da Dünya Azərbaycanlılarının Həmrəylik Gününün həmin axşama düşməsidir. Doğrudur, Yeni ilin gəlişini biz adətən Novruz bayramında  qeyd edirik. Amma illərdir ki, Yeni ili də eyni məhəbbətlə qarşılayırıq. Süfrəmizdə ləziz yeməklərlə bərabər milli mətbəximizin gözəl təamları da qoyulacaq. Şəhərimizin küçələrində, mədəniyyət ocaqlarında Yeni ilin simvolu olan Şaxta baba və Qar qız yenə də öz missiyasını yerinə yetirəcək. Bu il Bakı daha da gözəlləşib, paytaxtımız dünyanın əsrarəngiz şəhərlərindən birinə çevrilib. Xüsusilə də gecələri daha aydın və işıqlı olub. Şəhərimizin küçə və meydanlarında qurulmuş nəhəng yolkalar hər birimizə yeni duyğular bəxş edir, fərəh və sevinc içindəyik. Arzumuz budur ki, həmişə sülh olsun, müharibələr dayansın, insanlar doğma ocaqlarında, dədə-baba yurdlarında bəxtəvər yaşasınlar. Tanrıdan arzumuz budur ki, 2014-cü il Azərbaycana uğur gətirsin. Üzbəüz dayandığımız bu il axı atdı - muraddı. Atla döyüşə gedən babalarımız həmişə qələbə çalıblar. İndi ilimiz at üstündədir...

 

Azərbaycan.-2013.- 31 dekabr.- S.15.