Monteneqro Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun ölkəmizdəki səfiri Ramo Braliç ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan-Monteneqro münasibətlərinin yüksək səviyyədə olduğunu deyən Elmar Məmmədyarov əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin və hər iki ölkənin iş adamları arasında təmasların intensivləşdirilməsinin vacibliyini vurğulamışdır.

Elmar Məmmədyarov siyasi və iqtisadi münasibətlərlə yanaşı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə müsbət töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

Səfir R.Braliç ölkəsinin Azərbaycan ilə müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, hava daşımaları, enerji, turizm sahələrində ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır.

Görüşdə, həmçinin regionda cərəyan edən proseslər, həyata keçirilən nəhəng enerji layihələri barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 1 fevral.- S.2.