Təməl möhkəm olanda...

 

Azərbaycanda neft sənayesinin inkişafını ayrı-ayrı mərhələlərə ayırmaq mümkündür. Bunların hər biri tarixə özünəməxsus nailiyyətlərlə, yaddaqalan hadisələrlə daxil olub. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkənin neft sənayesi özünün ayrı-ayrı mərhələlərini yaşayıb ki, bunların da hər birində çox mühüm tədbirlər həyata keçirilib, böyük işlər görülüb.

Bu qeydlərlə neft tariximizin ötən əsrin 70-ci və 80-ci illərinə aid səhifələrini vərəqləməq istərdik. Bu dövr iqtisadiyyatın bütün sahələri kimi, neft-qaz sənayesinin də dinamik inkişafı ilə səciyyələnir. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev bu sahənin görkəmli mütəxəssis və alimləri ilə, tanınmış neftçilərlə söhbətlər aparır, diqqəti neft və qaz hasilatının artırılmasına yönəldir. Yeni yataqların açılması, müasir neft infrastrukturunun yaradılması kimi vacib məsələlər birlikdə  çözülür.

Məhz 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi yaradılır. SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq  təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma və bir sıra digər işləri onlara tapşırır.

O vaxt Xəzərdə istifadə olunan  texniki vasitələr yalnız dənizin dərinliyinin 40 metrə qədər ərazilərində işləməyə imkan verirdi. Odur ki, Xəzərin Azərbaycan sektorunda bu dərinliyə malik perspektivli sahələrdəki  neft-qaz yataqlarının, demək olar ki, hamısı aşkar olunmuşdu. Hasilatın artırılması üçün daha dərinliklərə "enmək" lazım idi. Dərin yataqları kəşf etmək üçün isə bol vəsait, müasir texnologiyalar və güclü texnika tələb olunurdu.

Məqsədə çatmaq üçün 70-80-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi ilə  Azərbaycana 75 növdə 400-dən çox gəmi gətirildi. Bunlar ağır yük qaldıran,  borudüzən, seysmik tədqiqat aparan, eləcə də dəniz neftçilərinə xidmət edən sərnişin gəmiləri idi.

 Xəzər dənizində 2500 ton gücündə "Azərbaycan" kran gəmisi işə başladı. İlk vaxtlarda dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işlərinin aparılması üçün "Xəzər" tipli üzən qazma qurğuları alındı. Sonralar 200 metrə qədər dərinlikdə işləmək üçün "Şelf" tipli yarımdalma qazma qurğuları alınıb gətirildi. "Süleyman Vəzirov" borudüzən gəmisi isə Xəzərin daha böyük dərinliklərində zəngin neft və qaz yataqlarının kəşf edilməsinə imkan verdi. 80-ci illərdə bu qurğuların sayı 11-ə çatdı.

Bu dövrdə "Günəşli" yatağı kəşf olundu və ondan hasilat əldə edildi. Həmin "Günəşli" ki bu gün də ehtiyatları tükənməyib və ARDNŞ-in çıxardığı neftin  xeyli hissəsini yenə də o verir. Həmin "Günəşli" ki sonralar  "Azəri", "Çıraq", "Kəpəz", "Dərinsulu Günəşli" və  digər yataqların kəşfi və işlənməsi yollarına işıq saçdı.

M.Mirzəyev və C.Mirzəliyevin "Qara qızıl ağ səadət rəngində" kitabında oxuyuruq: "Günəşli" yatağı Bakı şəhərindən 130 kilometr şərqdə yerləşir və açıq dənizdə suyun dərinliyi 80-130 metr arasında dəyişən bir sahəni əhatə edir. Yatağın sınaq istismarına 1980-ci ilin aprel ayında 4 nömrəli quyunun istismara buraxılması ilə başlanmışdır. Sonrakı illərdə yatağın şimal-qərb hissəsində aparılmış intensiv qazma işləri nəticəsində məhsuldar qatın kəsilişində sənaye əhəmiyyətli neft və qaz-kondensat yataqları aşkar edilmişdir".

"Günəşli"nin əsas fərqi ondan ibarətdir ki, burada keçmiş SSRİ-də ilk dəfə olaraq kontinental şelfin dərin hissəsində neftin və qazın çıxarılması texnika və texnologiyanın nailiyyətlərindən istifadə edilməklə stasionar özüllər vasitəsilə həyata keçirilib.                  

"Günəşli" üçün stasionar özüllər də Azərbaycanda tikilirdi. Bakı Dərin Özüllər Zavodunda! Bu zavod da yeni idi. Sovet dövlətinin planında inşası Həştərxan şəhərində nəzərdə tutulan bu misilsiz müəssisənin məhz Bakıda olması ümummilli lider Heydər Əliyevin təşəbbüsü və məqsədi idi. Və ulu öndər buna nail oldu. İndi bu müəssisə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu adlanır.

ARDNŞ-in birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə "Ömrümün illəri və izləri" kitabında yazır: "Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün SSRİ rəhbərliyinin razılığının alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması məhz Heydər Əliyev əməyinin, Heydər Əliyev iradəsi və prinsipiallığının nəticəsidir. Bircə rəqəmə diqqət yetirin:  450 milyon ABŞ dolları! Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdi? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi".

Bu dövrdə 60-cı illərin sonu ilə müqayisədə neft və qazın sənaye ehtiyatları 2-3 dəfə artdı. 1975-ci ildə ümumi hasilatın həcmi 27,1 milyon tona (şərti yanacaqla) çatdı.

Həmin dövrdə Azərbaycanın neft emalı müəssisələri də tamamilə yenidən quruldu. Neftçilərin maddi rifahı yüksəldi. Onlar üçün saysız-hesabsız yaşayış evləri tikildi. 70-ci illərin sonlarında neftçilərin mənzilə olan ehtiyacı 95 faizdən çox ödənilmişdi.

Bu fədakar peşə sahiblərinin əməyi öz yüksək qiymətini aldı. O dövrdə 5 neftçiyə Sosialist Əməyi Qəhrəmanı adı verildi, bir nəfər "Əmək şöhrəti" ordeninin hər üç dərəcəsinə layiq görüldü. Yüzlərlə neftçi orden və medal, fəxri ad aldı. Neft Daşlarının 25 illik yubileyi təntənə ilə qeyd edildi.

Prezident İlham Əliyev həmin dövrü belə səciyyələndirir: "1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda neft sənayesinin inkişafı istiqamətində çox əlamətdar və tarixi əhəmiyyət daşıyan addımlar atıldı... Əgər dərin özüllər zavodu tikilməsəydi, "Əsrin kontraktı"nın icrası bir neçə il yubana bilərdi. Yaxud da "Əsrin kontraktı"nda təsdiq edilmiş şərtlər bizim üçün daha da ağır ola bilərdi. Əgər bizim çox inkişaf etmiş  neft infrastrukturumuz, xüsusilə gəmilərimiz və platformalarımız olmasaydı, "Əsrin kontraktı"nın imzalanması, hesab edirəm ki, bizə o qədər böyük səmərə verməzdi, ümumiyyətlə, xarici şirkətlər 1994-cü ildə Azərbaycana sərmayə qoyacaqdı, qoymayacaqdı, - bu, hələ sual doğururdu".

Sonrakı dövrdə, yəni 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəllərində Azərbaycanda məlum səbəblərdən iqtisadiyyat tənəzzülə uğradı və neft-qaz hasilatı da kəskin surətdə aşağı düşdü. Lakin ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra neft sənayemizin çoxillik möhkəm təməli, o cümlədən XX əsrin 70-80-ci illərində görülmüş böyük işlər gələcək inkişafa təkan verdi.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 1 fevral.- S.6.