Xətai şəxsiyyətinə obyektiv münasibət

 

"Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdır".

 

 Akademik Ramiz MEHDİYEV

 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "Şah  İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsini həvəslə oxudum. Əsər böyük vətəndaşlıq ruhunda yazılmışdır. Görkəmli filosofun mövqeyi, irəli sürdüyü fikirlər ürəyimdən oldu.

Həmişə dilimizdə və xəyalımızda canlanan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai haqqında məşhur rus tarixçisi İlya Petruşevski (1898-1977), eləcə də bir sıra elm adamları müxtəlif fikirlər söyləmişlər. Deyilənlər ümumiləşdirilərək belə bir nəticəyə gəlinmişdir ki, bu böyük şəxsiyyət, dövlət xadimi haqqında iki fikir mövcuddur. Bir qrup alimlər-tədqiqatçılar onun haqqında şövqlə danışır, digərləri isə ona mənfi münasibət bəsləyirlər.

Bəs həqiqət necədir? Hansı fikirlər həqiqətə daha uyğundur?

Tarix elmləri doktoru Fərid Ələkbərli 2012-ci il noyabrın 24-də "Zerkalo" qəzetində dərc etdirdiyi yazıda Səfəvi dövlətinin yaradıcısı Şah İsmayıl Xətainin xidmətlərini qaralayaraq onu təfriqəçi adlandırmışdır. Sual olunur: nə üçün, məgər buna ehtiyac varmı, bu, yadların xalqımıza qarşı mənfi fikrini dəstəkləmək deyilmi?

Hələ bu, azmış kimi, əslən Cənubi Azərbaycandan olan Güntay Gəncalp adlı birisi də cəmiyyətimizdə heç bir xidməti olmayan, keçmişimizə xor baxanların təsiri altına düşərək 2012-ci ildə Bakıda "Qanun" nəşriyyatında "Səfəvilər" adlı kitab nəşr etdirmişdir. Dəridən-qabıqdan çıxan müəllif Şah İsmayıl Xətainin tarixi rolunu heçə endirməyə çalışmış, cəfəng uydurmalar irəli sürmüşdür.

Akademik Ramiz Mehdiyev əsərində bu cür fikirlərə münasibətini belə bildirmişdir: "Zənnimcə, G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar arasında yaxşını pisdən seçə bilməmişdir. Buna görə də onun çıxardığı nəticələr görkəmli tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVII əsrlər tarixi sahəsində mütəxəssislərin elmi baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər, ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə uyğun olmayan faktlara müraciət edir".

Güntay Gəncalp əsərində göstərmişdir ki, guya Şah İsmayıl silah gücünə insanları öz etiqadından dönməyə və şiəliyi qəbul etdirməyə məcbur etmiş, eyni zamanda sünnilərə aidvarsa hamısını dağıtmışdır.

 Həmçinin müəllif yazmışdır ki, Şah İsmayıl özünün qızılbaş tərəfdarları ilə birləşərək türk mədəniyyətini məhv etmişdir. Səfəvilər dövründə Azərbaycan dili yox, rəsmi şəkildə fars dili işlədilmişdir.

Ümumiyyətlə, Güntay Şah İsmayılın Şirvanşahlar dövlətini qəddarcasına məhv etməsini və Osmanlı imperiyası ilə uğursuz müharibə aparmasını xüsusi vurğulamışdır.

Qədim Roma hüququndan da məlumdur ki, problemli məsələ araşdırıldıqda həmişə mənfi və müsbət hallar nəzərə alınır. Çox təəssüf ki, Güntay Şah İsmayılın tarixi rolunu azaltmaqda maraqlı olan şəxslərin fikirlərinə üstünlük vermişdir.

Təqdirəlayiq haldır ki, akademik Ramiz Mehdiyev əsərində məntiqi əsaslarla, arxiv materialları, tarixi sənədlər, elmi dəlillərlə həmin tədqiqatçıları və onların niyyətlərini ifşa etmişdir. Tarix sübut etmişdir ki,  Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirərək qüdrətli Azərbaycan dövləti yaratmışdır.

AMEA-nın Mərkəzi Kitabxanasında Firuz Mənsuri adında bir müəllifin "Razhayi dər dele-tarix" başlığı altında 118 səhifəlik kitabı da var. Bu kitabın məğzi ondan ibarətdir ki, Şah İsmayıl Xətai Azərbaycan dövləti yox, İran dövləti yaratmış, onun azərbaycanlı olması şübhə altına alınmış, şairliyi inkar edilmiş, Azərbaycan dilində "Divan"ının  olmadığı iddia edilmişdir. Klassik ədəbiyyatımızın gözəl bilicisi, akademik Həmid Araslı qeyd olunan kitabla tanış olduqdan sonra Firuz Mənsuriyə açıq məktub yazaraq onun əsərini kəskin tənqid etmiş, iddialarını tamamilə rədd etmişdir.

Akademik Həmid Araslı həmin məktubda yazmışdı: "...Sizana dilinə, ana yurduna, ana südünə xain çıxan şöhrətpərəstlərdən birisiniz. Azərbaycan xalqının ədəbiyyat, dil və mədəniyyət tarixini daha saxta yollarla inkar və təhrif etməyə cəsarət göstərirsiniz..."

Daha sonra məktubda şərh olunmuşdur: "Şah İsmayıl Xətai Azərbaycan dövləti olan Səfəvi dövlətinin banisidir. O, eyni zamanda Azərbaycan ədəbi dilinin inkişafı tarixində mühüm rol oynamış görkəmli bir sənətkardır. Hökmdar-şairin mükəmməl bir "Divan"ı, "Dəhnamə" adlı poeması, "Nəsihətnamə" adlı məsnəvisi hələ XVI əsrdən elm aləminə məlumdur. XVI əsrin başlanğıcında siyasət aləmində mühüm rol oynamış Şah İsmayıl Xətai eyni zamanda öz bədii əsərləri ilə siyasi fikirlərini təbliğ etmiş, qılıncı ilə qurduğu Səfəvi dövlətini qələmi ilə qorumuşdur. Səfəvilər sülaləsinin ilk hökmdarı, Səfəvi dövlətinin qurucusu olan Şah İsmayıl özünün 24 illik (1501-1524) hakimiyyəti dövründə Azərbaycan mədəniyyətini ən yüksək səviyyəyə qaldırmışdır. ...Səfəvilər dövründə Azərbaycan dili təkcə ədəbiyyat dili yox, həm də dövlət və siyasət dili olmuşdur. Şah İsmayıl və onun xələflərinin dövründə sarayda Azərbaycan dili işlənmiş, dövlət idarələrinin bütün yazı-pozusu da azərbaycanca olmuşdur.

Bu həqiqət bütün dünya şərqşünasları, o cümlədən görkəmli alimlər Bartold, Krımski, Minorski tərəfindən də araşdırılmış, bu əsrlərdə Təbrizə gəlmiş Qərb səyyahları da bu haqda geniş bəhs etmişlər. Səfəvilər dövründə fars dilinə daxil olmuş yüzlərlə Azərbaycan sözləri haqqında doktorluq dissertasiyası yazılmış, Şah İsmayıl Xətainin siyasi fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyəti, dil xüsusiyyətləri də istər Şərq, istərsə də Qərb alimləri tərəfindən geniş tədqiq edilmişdiri.

Bu mövzu ətrafında araşdırmalar aparan akademik Ziya Bünyadovun, hüquq elmləri doktoru, uzun illər inzibati orqanlarda rəhbər vəzifələrdə çalışmış professor Ağababa Rzayevin, xalq şairi Bəxtiyar Vahabzadənin, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun, "Azərbaycan Səfəvilər Dövləti" kitabının müəllifi Oqtay Əfəndiyevin dəyərli tədqiqatları da hər bir azərbaycanlının ürəyincədir.

Bu da həqiqətdir ki, Fərid Ələkbərlinin, Güntay Gəncalpın və onun diletant dostu İsgəndər Palanın və qeyrilərinin keçmişimizə daş atmaları, tarixən bir-biri ilə qardaş, qonşu, dost olan, qanı bir, dini bir olan ölkələri qarşı-qarşıya qoymaq yalnız təhrikçilik və düşmənçilik niyyətlərindən irəli gəlir.

Oxuduğumuz kitablardan, ali məktəblər üçün dərsliklərdən, o cümlədən "Azərbaycan tarixi"ndən, eyni zamanda akademik Ramiz Mehdiyevin çox zəngin, mənalı, məntiqli və elmi faktlar əsasında yazdığı irihəcmli dəyərli əsərindən aşağıdakı nəticəyə gəlirik:

Qədirbilən xalqımız Şah İsmayıl Xətainin xatirəsini həmişə uca tutur. Bu böyük şəxsiyyət "Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yer tutur. Heç də təsadüfi deyildir ki, Şah İsmayıl Xətai indiyədək yeddi böyük ələvi şairlərindən biri sayılır".

Böyük sərkərdə, dövlət xadimi Şah İsmayıl Səfəvi 17 avqust 1487-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. Ata tərəfdən Səfəvilər nəslinə mənsubdur. Ana tərəfdən isə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsidir. Gənclikdə qoçaqlığı, mübarizliyi, cəsarəti ilə seçilmişdir. Səfəvi əmirlərinin və türk tayfalarının nümayəndələri ilə məsləhətləşmələr aparmış, Azərbaycanı birləşdirmək planını hazırlamışdır. AğqoyunluŞirvanşahlar qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra 1501-ci ildə Təbrizə daxil olaraq orada özünü Azərbaycanın və İranın hökmdarı elan etmişdir. O zamandan da Səfəvilər dövləti məhz gənc hökmdarın gücü və qüdrəti sayəsində yaradılmışdır.

Aparılan tədqiqatlar və tarixi mənbələr göstərir ki, Şah İsmayıl Xətai nə millətçi, nə də məzhəbpərəst olmuşdur. O, güclü ordu yaratmış, müxtəlif dini cərəyanları məharətlə birləşdirib onlardan dövlətin mənafeyi naminə ustalıqla istifadə etmişdir. Bu da öz müsbət nəticəsini vermişdir.

Böyük şəxsiyyət Heydər Əliyev də 1992-1993-cü illərdə Yeni Azərbaycan Partiyasını yaradarkən ətrafına sadiq insanları cəlb etmişdi. Bununla da ulu öndər gözümüzün önündə dağılmaqda olan Azərbaycanı xaosdan, hərc-mərclikdən, pərakəndəlikdən xilas etmişdir. XVI əsrdə Şah İsmayıl da Səfəvilər dövlətini yaradaraq ölkəni dağılmaq təhlükəsindən qurtarmışdı. Göründüyü kimi, hər iki dahi şəxsiyyəti müqayisə etdikdə oxşar cəhətlər ortaya çıxır.

Şah İsmayıl Xətainin xidmətləri təkcə ondan ibarət deyil ki, o, Səfəvilər dövlətinin əsasını qoymuşdur. Diqqəti cəlb edən ən mühüm məqamlardan biri də odur ki, Şah İsmayıl hakimiyyəti ələ aldıqdan sonra sarayda və orduda dövlət dilinin Azərbaycan dili olmasını təsbit etmişdir. Onun fərmanları və əmrləri Azərbaycan dilində yazılmışdır. Başqa millətlərlə qarşılıqlı hörmət, tolerantlıq məsələləri bacarıqla nizama salınmışdır. Xalqının maddi vəziyyəti yaxşılaşmışdır. Mədəni quruculuq sahəsində ciddi işlər həyata keçirmişdir. Şah İsmayıl 1259-cu ildə böyük alim Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa rəsədxanasını əsaslı təmir etdirmişdir. 1501-1524-cü illərdə 24 illik hakimiyyəti dövründə Azərbaycan ərazisini 2 milyon 800 min kvadratmetrə çatdırmışdır.

Səfəvilər dövlətinə və müasir Azərbaycana böyük səadət üz vermişdir ki, ağır illərdə bu dövlətlərin başında Şah İsmayıl Xətai və Heydər Əliyev kimi fenomen rəhbərlər dayanmışdılar. Onların hər ikisində vətən məhəbbəti, müdriklik güclü olmuşdur. Vəziyyəti ölçüb-biçməkdə və çətinliklərdən çıxmaq üçün lazımi yol axtarıb tapmaqda misilsiz məharət göstərmişlər.

Şah İsmayıl Xətai hökmdar olduğu illərdə nəhəng Səfəvilər imperiyasını yaratmış və onun yüksəlişinə nail olmuşdur. Onun hökmdarlığı dövründə beş savaş aparılmışdır. Şah İsmayıl  1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yassar, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd, 1503-cü ildə Alma Qulağı yaxınlığında Sultan Murad, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani və 1514-cü ildə Çaldıranda

I Sultan Səlim ilə vuruşmuşdur. Sonuncu müharibə istisna olmaqla, dörd savaşdan Şah İsmayıl qalib çıxmışdır.

Heç təsadüfi deyildir ki, Şah İsmayılın yüksək hərbi istedadı döyüş qabiliyyəti haqqında Karl Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, 24 illik hakimiyyəti dövründə 14 əyalət fəth etmişdi".

Şah İsmayılın hərbi səfərlərə çıxmaqda məqsədi vahid Azərbaycan dövləti yaratmaq idi. Tarixçilərin yazdıqlarına görə, o öz təşəbbüsü ilə Osmanlı imperiyası ilə müharibə aparmamışdır. Bu müharibənin Şah İsmayılın məğlub olmasının səbəbləri vardı.

Hazırda türk dünyasının güclənməsi bir çox dövlətləri narahat etdiyi kimi, XVI-XVII əsrlərdə Osmanlı imperiyasının Səfəvilər dövlətinin varlığı, geniş əraziyə malik olması, nüfuz dairələrini genişləndirməsi dünya dövlətlərini düşündürürdü. Ona görə bu iki müsəlman dövlətini nəyin bahasına olursa-olsun zəiflətməyə can atırdılar.

İki din dil qardaşının döyüşünün ilkin səbəbi isə ondan ibarət olmuşdur ki, həmin dövrdə Avropa dövlətləri osmanlıların Cənub-Şərqi Avropada irəliləməsinin qarşısını almaq üçün təhrikçilik işlərini ön plana çəkmişdilər. Belə bir şəraitdə Osmanlı imperiyasında Sultan II Bəyazidin oğlu I Səlim hakimiyyətə gəlmək məqsədilə atasını, qardaşlarını, gözəçarpan insanları qəddarlıqla aradan götürmüşdü. I Səlim 1512-ci ildə taxta çıxmışdır. Bir sıra dövlət başçıları I Səlimi təbrik etmişlər. Lakin Şah İsmayıl onun hakimiyyətə necə gəldiyindən xəbərdar olduğundan onu təbrik etməkdən imtina etmişdir.

I Səlim Şah İsmayılın onu təbrik etməməsindən qəzəblənərək 23 avqust 1514-cü ildə 100 minlik qoşunla Çaldıran adlı yerdə onunla üz-üzə gəlmişdir. Bu vuruşmada Şah İsmayıl məğlubiyyətə uğrasa da, I Səlimin qoşunları da geriyə dönməyə məcbur olmuşdu.

Şah İsmayıl ruhdan düşməmiş ölkədə quruculuq işlərini genişləndirmişdir. Saray alimi Fəxri Hərəviyə, Azərbaycan dilində divan yaratmış göyçaylı şair Həbibiyə, İbrahim Cahiyə, Süruriyə, Tüfeyliyə, Şahiyə, rəssam-xəttat Şah Mahmud Nişapuriyə İmdad Qəzviniyə yüksək səviyyədə qayğı göstərmişdir.

Heç təsadüfi deyil ki, dahi Məhəmməd Füzuli Şah İsmayıl Xətaiyə yüksək qiymət verərək "Bəngü-Badə" əsərini ona ithaf etmişdir.

Akademik Ramiz Mehdiyevin əsərində xüsusi qeyd olunur ki, "Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır". Qüdrətli imperiya yaradan dövlət xadimi həm Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya s. ilə səmərəli münasibətlərin bünövrəsini qoymuşdur.

Şah İsmayıl Xətainin qoyub getdiyi zəngin dövlətçilik irsi bir neçə əsr Səfəvi dövləti tərəfindən qorunub saxlanmışdır. Yalnız XIX əsrdə baş vermiş Rusiya-İran müharibələri nəticəsində Şah İsmayıl Xətainin yaratdığı Azərbaycan dövləti iki yerə parçalanmışdır. Şah İsmayılın hakimiyyəti dövründə qazanılmış torpaqların hissə-hissə əldən çıxması tendensiyası Şimali Azərbaycanda da baş vermişdir.

Çox təəssüf ki, Güntay Gəncalplar, İskəndər Palalar göstərilən tarixi faktlardan yan keçirlər. Bu cür başabəla tədqiqatçılar 500 il bundan qabaq Azərbaycan torpaqlarını genişləndirən, Səfəvilər dövlətini yaradan, Azərbaycan dilini dövlət dili səviyyəsinə çatdıran görkəmli sərkərdə, böyük şəxsiyyət Şah İsmayıl Səfəvi haqqında uydurma ittihamlar yaymaqla ictimaiyyət qarşısında özlərini biabır etmişlər.

Xalqımız Şah İsmayıl Xətainin fəaliyyətini, dövlət idarəçiliyini, ideal dövlət başçısı olmasını yüksək qiymətləndirir. Onun 500 illik yubileyi 1988-ci ildə təntənəli şəkildə qeyd edilmişdir. Bakı Xaçmazda onun möhtəşəm heykəlləri ucaldılmışdır. Paytaxtımızın rayonlarından biri Şah İsmayıl Xətainin adını daşıyır.

Qoy gənc nəsil bilsin ki, bizim dahi şəxsiyyətlərimiz həmişə olmuşlar müasir dövrdə var. Onların xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün müqəddəs əzizdir.

Tariximizi, mədəniyyətimizi, müdrik rəhbərlərimizi sevənlər üçün akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi misilsiz əhəmiyyətə malikdir.

 

 

Cahangir NƏSİROV,

prokurorluq orqanlarının fəxri işçisi,

 baş ədliyyə müşaviri, Azərbaycan

 Respublikası Vəkillər Kollegiyasının üzvü

 

Azərbaycan.-2013.- 1 fevral.- S.7.