Azərbaycanla təzyiq dilində danışmaq mərhələsi çoxdan keçib

 

"Human Rights Watsh", "Sərhədsiz Reportyorlar" və digər antimilli təşkilatların "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyaları fiaskoya uğradı

 

 Dövlət müstəqilliyinin bərpasından ötən 21 ildə Azərbaycan bir çox keçmiş sovet respublikalarından fərqli olaraq, daha böyük uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin beynəlxaq aləmdə nüfuzunu gücləndirmişdir. Azərbaycanın qüdrətli dövlət kimi dünya siyasi arenasında öz layiqli yerini tutması antiazərbaycan şəbəkə və onların daxildəki "beşinci kolon" missiyasını yerinə yetirən destruktiv qüvvələrdə böyük narahatlıq yaradıb. Buna görə də həmin qüvvələr respublikada baş verən hər hansı bir hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ağı qara göstərmək üçün çirkin üsullara əl atırlar.

Müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili standartları"  demokratik ideallara kölgə salır. Müstəqil Azərbaycan da ötən illərdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində  sübuta yetirmişdir.

Bununla belə, aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaqlarını" itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Ən müxtəlif vaxtlarda "Amnesty İnternational", "Fredoom House", "Article-19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların hesabatları ifrat qərəzli olmaları ilə diqqəti cəlb edib. Bu çirkin kampaniyaya qoşulan təşkilatların "demokratiya çətiri" altında pərdələnmələri sadəcə, təəssüf hissi doğurur.

Antiazərbaycan mövqeyi ilə tanınan "Human Rights Watsh", eləcə də "Sərhədsiz Reportyorlar" bu dəfə də ənənəvi ampluada çıxış ediblər. Məlum olduğu kimi, İsmayıllıda dağıdıcı qüvvələrin hüquqazidd hərəkətləri zamanı əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə, ictimai qayda kobud şəkildə pozulmuşdur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər dinc sakinlərin narahatlığına səbəb olmuşdur. İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlər nəticəsində ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinə yol verilmişdir.

İsmayıllıda bəzi təxribatçı qüvvələrin qeyri-qanuni əməllər törətməsinə haqq qazandıran həmin təşkilatlar dağıdıcılıq törədən şəxslərin istintaqa cəlb edilməsini "demokratiyaya" zidd hərəkət kimi qələmə veriblər. İctimai asayişin pozulmasında xüsusi "fəallıq" göstərmiş şəxslərin azadlığa buraxılmasını tələb kimi qoyan  "hüquq təşkilat"larının konkret məqsədlərinin nədən ibarət olduğu bəllidir. Onlar faktiki olaraq Azərbaycan dövlətçiliyinə qarşı mübarizə apardıqlarını sübuta yetirirlər.

"Human Rights Watsh", eləcə də "Sərhədsiz Reportyorlar" bəyanatlarında guya ölkəmizdə insan hüquqlarının pozulduğunu, vicdan azadlığına təhlükənin olduğunu iddia etsələr də, nədənsə, Amerika və Avropa ölkələrinin böyük əksəriyyətində baş verənlər barədə susurlar. Söhbət əgər qeyri-qanuni kütləvi aksiyaların qarşısının alınmasından gedirsə, bu gün həm ABŞ-da, həm də Avropada bunun üçün kifayət qədər sərt üsullardan istifadə olunur. Məsələn, NATO-nun Çikaqo sammitində antiqlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılmış, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilmiş, 60 nəfər saxlanılmışdı.

Son günlər Yunanıstanda hökumətin vergiləri artırmasına və büdcə xərclərini azaltmasına etiraz olaraq keçirilən kütləvi aksiyalarda hakimiyyət qüvvələri aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə edib. Eləcə də İtaliya, İspaniya, Portuqaliyada keçirilən irimiqyaslı aksiyalarda insanların dəyənəklərlə döyülməsi, gözyaşardıcı qaz və s. vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərlə qovulması, atların ayaqları altına salınması dünyanın gözü qarşısında baş verir. "Human Rights Watsh", eləcə də "Sərhədsiz Reportyorlar" həmin ölkələrdə baş verənlərin üzərindən sadəcə sükutla keçirlər. Bu isə ölkəmizə qarşı açıq "ikili standart"ların olduğunu bir daha təsdiqləyir.

Bir sıra Avropa ölkələrindən fərqli olaraq respublikamızda ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Azərbaycan hazırda elə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu gün iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik forma və metodlarla aparıla bilər. Bu isə dialoq, real şüarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi yoludur. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq göstərən məsuliyyətsiz, ifrat radikalizm və "inqilabi" ritorika yeniləşən ictimai prioritetlərə yad olmaqla onlarla uyuşmur. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Ancaq destruktiv qüvvələrin növbəti qara piar kampaniyaları əvvəllərdə olduğu kimi, bu dəfə də fiaskoya uğrayacaq.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 2 fevral.- S.3.