Qubadlılı gənclər ölkənin inkişafına öz töhfələrini verirlər

 

2 fevral Gənclər Günüdür

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti prioritet təşkil edir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və digər sahələrdə həyata keçirilən tədbirlərdə mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə artıq cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Qubadlı gəncləri də Azərbaycan cəmiyyətinin inkişafında ön sıradadır və ölkəmizin daha da çiçəklənməsində əvəzsiz xidmətlərini əsirgəmirlər. Ermənilər tərəfindən rayon işğal edildikdən sonra qubadlılıların böyük hissəsi Sumqayıta pənah gətirdi. Min illərlə yaşadıqları yurd yerlərini tərk edən insanların müsibətlərini, iztirablarını göz önündə canlandırmaq çətindir. 1993-cü il avqustun 30-da 30 mindən çox sakin öz el-obasından didərgin düşdü. Rayonun ərazisi - bərəkətli düzləri, dağları, kəndləri, yaşayış evləri, səhiyyə, ticarət, mədəniyyət, idman obyektləri bu gün də düşmən tapdağı altındadır.

Gənclik böyük enerji, axtarış, həyata yeni baxış  deməkdir. Onların hər biri   adət-ənənələrimizin daşıyıcısı, milli-mənəvi dəyərlərimizin gələcəyə nizamlanmış yaşam  qüvvəsidir. Gələcəyin missiyası gənclərin çiyninə düşdüyü üçün sözün əsl mənasında onlara diqqət və qayğı ilə yanaşılması tələb olunur.

Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq Qubadlı Rayon Gənclər və İdman İdarəsi onların problemləri ilə maraqlanır və həlli yollarını axtarır. Rayonda gənclərə diqqət və qayğıdan söhbət açarkən öncə onların təhsil almaları üçün yaradılan şərait göz önünə gəlir. Qubadlılıların əksəriyyətinin Bakı və Sumqayıtda məskunlaşması ilə bağlı məktəblər də məhz həmin ərazilərdə fəaliyyət göstərir. Həmin məktəblərin maddi-texniki bazası son dövrlər gücləndirilib.

Qubadlı şəhər 1 saylı, Çaytumas, Xələc, Çərəli, Aşağı Mollu və digər  kənd orta məktəblərində, Xanılıq 2 və 3 saylı tədris müəssisələrində, Binəqədi rayonu Motodrom ərazisində  fəaliyyət göstərən Muradxanlı və Abşeron rayonundakı Qəzyan kənd orta məktəblərində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı çərçivəsində tariximiz, milli qəhrəmanlarımız, ərazi bütövlüyümüz uğrunda döyüşən igid gənclərimiz barədə xüsusi tədbirlər planı işlənib hazırlanıb. Artıq Qubadlı məktəblərində bir ənənə formalaşıb. Həftədə iki gün dərsin əvvəlində şagirdlərə işğal tariximiz barədə geniş məlumat verilir. Çünki hərbi vətənpərvərlik hissi öncə ailədən, daha sonra təhsil müəssisəsindən aşılanmalıdır. Hazırda rayon gənclər və idman idarəsi vaxtaşırı respublikanın müxtəlif bölgələrinə səfərlər təşkil edir. Qobustan, Quba məzarlığı, tarixi qalaların yerləşdiyi ərazilərə turnelər, qədim şəhərlərimizə səfərlər nəticəsində gənclərin düşüncə tərzinin möhkəmlənməsi və tariximizə maraq hissi güclənir. Keçmişindən xəbəri olmayan gəncliyin sabahının necə olduğunu düşünmək çətindir.    

Rayonda istedadlı gənclərin aşkara çıxarılması, onlara göstərilən qayğını daha da təkmilləşdirmək məqsədilə  Sumqayıt şəhər 28 May mədəniyyət evində Mahmudlu kənd musiqi məktəbinin yenidən qurulması da son illərdə əldə edilən uğurlardandır. İstedadların aşkarlanmasında, üzə çıxarılmasında bu məktəbin xüsusi əhəmiyyəti var. Bu gün qubadlılı gənclər məskunlaşdıqları bölgələrin elə bir tədbiri yoxdur ki, orada fəal iştirak etməsinlər.

Müasir dövrdə ən mühüm məsələlərdən biri müalicə, insanların sağlamlığıdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda bu sahəyə geniş yer verilmişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanasının yaradılması və fəaliyyət göstərməsi sakinlərin sağlamlıqlarının davamlı müalicəsində əhəmiyyətli məna kəsb edir.

 

Qubadlı Rayon Gənclər və İdman İdarəsinin diqqətlə izlədiyi və daim həyata keçirdiyi əsas məsələlər gənclərin idmana olan marağının yüksəldilməsi, onların sağlamlığının qorunmasıdır. Respublikanın müxtəlif bölgələrində keçirilən yarışlarda iştirak edən qubadlılılar qələbə ilə rayon ictimaiyyətini sevindirmişlər. "Cəsurlar", "Şahin" hərbi-idman yarışlarında qubadlılılar fəalıqlarıyla seçilmiş, digər turnirlərin qalibi olmuş, Siyəzən, Quba, Göyçay, Masallıda keçirilən birinciliklərdən qələbə ilə qayıtmışlar.

Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş əldə edilib. Gənclərimiz vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Ölkə vətəndaşlarının hər biri Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səslənəcək əmrinə hazırdır. Vətənə, torpağa, sabahın işıqlı gələcəyinə inamdan məmnun olan qubadlılılar ölkəmizin inkişafının bütün mərhələlərində yaxından iştirak edir və bundan sonra da  edəcəklər.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2013.- 2 fevral.- S.5.