Ədliyyə Nazirliyində 2012-ci ilin yekunları müzakirə olunmuşdur

 

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Bildirilmişdir ki, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası daim diqqət mərkəzində saxlanılmış,  nazirliyə həvalə edilmiş funksiya və vəzifələrin layiqincə yerinə yetirilməsi üçün 2012-ci ildə xeyli işlər görülmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunmuşdur. Bu işdə fəal iştirak edən Ədliyyə Nazirliyi tərəfindən 2011-ci illə müqayisədə 2 dəfə çox - 721 normativ hüquqi aktın layihəsi hazırlanmış, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2500-dən artıq akt hüquqi ekspertizadan keçirilmişdir. İctimaiyyət üçün açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin (huquqiaktlar.gov.az) fəaliyyəti daim işlək vəziyyətdə saxlanılmış, o cümlədən reyestrin Naxçıvan Muxtar Respublikası  üzrə elektron variantı (huquqiaktlar.nakhchivan.az) yaradılaraq fəaliyyətə başlamışdır. Ötən ildə milli qanunvericiliyin elektron bazası (e-qanun.az) daha da zənginləşdirilmiş və hazırda bu bazadakı sənədlərin sayı 25 minə çatmışdır.

Ölkəmizin sürətli sosial-iqtisadi yüksəlişinin vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün yaratdığı geniş imkanlar nəticəsində notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı son illər kəskin artaraq 4,4 milyona çatmışdır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə yaxın əməliyyat aparılmışdır. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının artması ötən ildə də davam etmiş, 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınmış, 182 mətbu nəşr uçota götürülmüşdür. Hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3800-ü, KİV-nın sayı isə 4700-ü ötmüşdür.

BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində son 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng sayəsində elektron formata keçirilərək "Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi tam formalaşdırılmışdır.

Ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən yeni şəffaf xidmətlərin, müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində xeyli görülmüş, vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə notariat kontorlarında elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılır.

Eyni zamanda, nazirliyin internet saytında elektron xidmətlər bölməsi interaktiv rejimdə fəaliyyət göstərmiş və 2012-ci ildə nazirliyin "Adın mənası" e-xidməti əhali tərəfindən respublikamızda ən çox istifadə olunanlardan biri olmuşdur.

İstehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (www.yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilmiş, istifadəçilərin rahatlığı üçün reyestrdəki informasiyanın əldə edilməsi məqsədilə "1650" qısa nömrə üzərindən telefon məlumat və mobil rabitə vasitəsilə qısa mesaj xidmətləri təşkil olunmuşdur.

Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası daim diqqət mərkəzində saxlanılaraq, səmərəliliyin artırılması, mexanizmlərin təkmilləşdirilməsi, icra məmurlarının məsuliyyət hissinin yüksəldilməsi üzrə və digər əsaslı tədbirlər həyata keçirilir. Həyata keçirilən məqsədyönlü tədbirlər bu sahədə həcminin ilbəil xeyli artması ilə müşayiət olunur. Belə ki, 2012-ci ildə icra işlərinin sayı 14 faiz artaraq 185.500-ə çatmış, onlardan 75 faizinin icrası təmin edilmiş, hüquqifiziki şəxslərə 115,5 milyon manata yaxın vəsaitin ödətdirilməsinə nail olunmuşdur.

Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2325 şəxs barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilmiş, onlardan 80 faizi üzrə borclu şəxs inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 700 şəxs barəsində inzibati həbs tətbiq edilmişdir. Məhkəmə qərarını qərəzli olaraq icra etməyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə verilmiş təqdimatlar əsasında 219 cinayət işi başlanmış, 3419 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

Ötən il inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 60 faiz artaraq 52 mindən çox olmuş və 1100-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilmiş və ya ləğv edilmişdir. Pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunmuş, cinayət xarakterli faktlarla bağlı materiallar prokurorluğa göndərilmişdir.

Hesabat dövründə məhkəmə ekspertizası sahəsində nazirliyə 34 ekspert ixtisası üzrə 21 mindən çox daxil olmuş, ekspertlər 245 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,5 faizini həll etmişlər.

Nazirliyin mühüm istiqamətlərindən olan penitensiar sistemin inkişafı, infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin və tibbi təminatının yaxşılaşdırılması üzrə ötən il ərzində xeyli işlər görülmüş, o cümlədən Şəkidə yeni penitensiar kompleksin inşası başa çatdırılmışdır. Bu sahədə tətbiq edilən səmərəli ictimai nəzarət mexanizmi olan İctimai Komitənin üzvləri, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi, ATƏT, Avropa İttifaqı və digər qurumların nümayəndələri penitensiar müəssisələrə 200-dən çox başçəkmə həyata keçirmiş və bu zaman yüzlərlə məhkuma hüquqi yardım göstərilmişdir. Həmçinin penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübəmizin öyrənilməsinə maraq göstərilərək bu məqsədlə 2012-ci il ərzində bir çox ölkələrin, o cümlədən İngiltərə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Filippin və İraqın nümayəndələri ölkəmizə tanışlıq səfərinə gəlmişlər.

Ötən il həm də Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən islahatlar nəticəsində müasir ədliyyə və məhkəmə infrastrukturunun yaradılması ilə yadda qalmışdır. Belə ki, ötən il ərzində Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələri üçün yüksək informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni müasir inzibati binalar istifadəyə verilmiş, Şəkidə 4 məhkəmənin (regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadirayon məhkəməsinin) yerləşəcəyi ilk məhkəmə kompleksinin inşasına başlanılmışdır. Qeyd olunmalıdır ki, adı çəkilən layihə Dünya Bankı tərəfindən bütün dünyada ən uğurlu və mükəmməl layihələrdən biri kimi dəyərləndirilmiş, eləcə də "Azərbaycan vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədilə müasir infrastrukturun yaradılması" nominasiyasının qalibi olmuşdur.

2012-ci ildə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi diqqətdə saxlanılaraq, dövlətimizin başçısının verdiyi səlahiyyətlər əsasında "Ekstradisiya haqqında" Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolu, Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında saziş imzalanmış, bir sıra nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən Böyük Britaniyada Avropa Məhkəməsinin gələcəyinə həsr olunmuş, Avstriyada Avropa ədliyyə nazirlərinin, Malayziyada Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının illik və digər mötəbər konfrans və tədbirlərdə müxtəlif mövzular üzrə çıxışlar edilmiş, Azərbaycan həqiqətləri və uğurlu məhkəmə-hüquq islahatları dünya ictimaiyyətinə çatdırılmışdır.

Həmçinin beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələlərinin icrası ilə bağlı beynəlxalq sorğu və sənədlərin sayı son illər dəfələrlə artaraq 10 mini ötmüşdür.

Görülən işlərlə yanaşı, Azərbaycan ədliyyəsinin davamlı inkişafını təmin etmək məqsədilə 2013-cü ildə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müəyyən edilmiş, dövlət başçısı tərəfindən 2013-cü ilin "İKT ili" elan olunması nəzərə alınaraq, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dairəsinin genişləndirilməsi, əhaliyə göstərilən e-xidmətlərin səmərəliliyinin artırılması, elektron sənəd dövriyyəsi sisteminə keçidin sürətləndirilməsi, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizənin aparılması, etik davranış qaydalarına dönmədən riayət olunması, hüquqi maarifləndirmə işinin canlandırılması ilə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verilmişdir.

İcra işinin təkmilləşdirilməsi, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə işlərin intensiv davam etdirilməsi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, kadr potensialının möhkəmləndirilməsi və vakansiyaların hazırlıqlı gənc hüquqşünaslarla daha çevik doldurulması, Ədliyyə Akademiyasında qabaqcıl tədris üsullarının tətbiqi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və s. konkret tədbirlər müəyyən olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.3.