Dinamik inkişafın uğurlu nəticəsi

 

Dünən Nərimanov rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi.

Nərimanov  Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev   2012-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətlər barədə məlumat verərək ötən il ərzində rayonda görülmüş işləri təhlil etdi və həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışdı. Bildirdi ki, ölkəmizdə aparılan  uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün mühüm işlər görülmüşdür. Sənaye, təhsil, idman, səhiyyə, mədəniyyət və digər sahələrdə uğurlu nəticələr əldə edilmişdir. 2012-ci ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 851,9 milyon manatlıq məhsul istehsal olunmuş, 2011-ci ilə nisbətən 93  faiz artım sürəti qeydə alınmışdır. Cari ildə istehlakçılara 1 milyard 882,2 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 83,5 faiz təşkil etmişdir.

İcra başçısı bildirdi ki, ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 1659 nəfər artaraq 9440 nəfər təşkil etmiş, onların orta nominal əməkhaqqı 5,9 faiz artaraq 435,2 manata çatmışdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Fərəhləndirici haldır ki, Prezident İlham Əliyev 2012-ci ildə bir neçə dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə  inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuş, keçirilən  beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmişdir.

İclasda Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirdi ki, dövlət başçısı  İlham Əliyevin uğurlu siyasəti nəticəsində paytaxtımız da daxil olmaqla, Azərbaycanın bütün regionları gündən-günə inkişaf edir. Şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizdə yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi bir neçə dəfə azalmışdır. Nərimanov rayonu isə paytaxtımızın inkişafa töhfə verən bir ərazisidir. Rayonun  sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması və s. istiqamətində bir çox işlər görülür. İnanırıq ki, 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının daha da yüksək səviyyədə təmin olunması üçün lazım olan bütün tədbirlər uğurla həyata keçiriləcək.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək əldə olunan uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 6 fevral.- S.3.