Vətəndaşlara göstərilən elektron xidmətlərin sayı artır

 

Binəqədidə ilk dəfə olaraq "Sakinlərin Müraciət Xidməti-1646" istifadəyə verildi

 

 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı sərəncam, 2013-cü ilin başlanğıcında bu ilin perspektivliyinə doğru atılan ən böyük addım olub desək, yanılmarıq. Çünki İKT-nin Azərbaycandakı inkişaf dinamikasının yüksəldilməsi, informasiya cəmiyyəti quruculuğunun sürətləndirilməsi, Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrinə İKT-yönümlü inteqrasiyasının intensivliyinin artırılması və İKT-nin ölkədaxili bütün sferalarda tətbiqinə şərait yaradılmasının təmin edilməsi buna əyani sübutdur.

Həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilib, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN xidmət" mərkəzlərinin yaradılması da elektron hökumətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Dünən elektron xidmətlərlə bağlı Binəqədi rayonunda ilk addım atıldı. Binəqədi Rayon İcra Hakimiyyətinin "Sakinlərin Müraciət Xidməti-1646" istifadəyə verildi. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının, Milli Məclisin deputatlarının, idarə, müəssisə rəhbərlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində "Sakinlərin Müraciət Xidməti-1646" haqqında geniş məlumat verildi. Xidmətin rəisi Anar Səfərov bildirdi ki, adıçəkilən xidmətin yaradılması dövlət orqanı ilə əhali arasında əlaqələrin möhkəmləndirilməsinə, icra hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların məlumatlılığının artmasına, daxil olan şikayətlərlə əlaqədar operativ tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.  "Sakinlərin Müraciət Xidməti-1646" ilə əqalə saxlamaq üçün istər stasionar (ev telefonu), istərsə də mobil telefonlardan 1646 nömrəsinə zəng etmək lazımdır.  Zənglər ödənişsizdir. "Sakinlərin Müraciət Xidməti"nin yaradılmasının məqsədləri isə vətəndaşlara göstərilən xidmətlərin yüksəldilməsi, qarşılaşdıqları problemlərin həllinə operativ münasibət göstətərək onların etimadının qazanılması və dövlət-vətəndaş münasibətlərinin keyfiyyətçə yeni müstəvidə inkişafına xidmək etməkdir.

Qeyd edək ki, 1646 operativ telefon xidməti olan bu müraciət xidməti Azərbaycanda rayon icra hakimiyyətləri arasında ilk olaraq Binəqədidə istifadəyə verilir. Xidmət həftənin bütün günü 24 saat ərzində əhaliyə xidmət göstərəcək. Yeni xidmətdə rayon əhalisi tərəfindən bütün məsələlər ətrafında müraciətlər, şikayətlər və təkliflər operativ qəbul ediləcək və yerindəcə həllinə nail olunacaq. Bura tikinti, torpaq və digər bütün kommunal sahələrlə bağlı məsələlər daxildir.

Bildirildi ki, bu xidmətə müraciət edənlər həm məlumat almaq, həm də şikayətlərini daha çevikoperativ şəkildə müvafiq dövlət orqanlarına çatdırmaq imkanı əldə edəcəklər. İcra hakimiyyətində "Sakinlərin Müraciət Xidməti"nin fəaliyyəti rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artıracaq. Adıçəkilən xidmətin fəaliyyətinə gəlincə isə, qeyd edildi ki, onun fəaliyyəti operativlik, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında qurulur. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnalogiyaları vasitəsilə avtomatik rejimdə, operatorlar tərəfindən vətəndaşlarla birbaşa ünsiyyət rejimində və  operatorun yönəldici iştirakı ilə müvafiq proqram təminatı vasitəsilə aparılır. Hər bir zəng operatora yönəldikdən sonra 7 saniyə ərzində cavablandırılmaq üçün qəbul edilməli və bu zaman operatorun diqqəti tam olaraq zəngdə olmalıdır.

Mərasimdə o da qeyd edildi ki, Binəqədi rayonunda yaşayan hər bir vətəndaşa bununla bağlı bildiriş paylanılıb. Bildirişdə göstərilir ki, rayon icra hakimiyyətində sakinlərin müraciətlərinin, şikayətlərinin, onları narahat edən digər məsələlərin (elektrik, qaz, su, istilik və s.) telefon vasitəsilə rahat müraciət edə bilmələri üçün "Sakinlərin Müraciət Xidməti-1646" yaradılıb. 1646 nömrəsinə edilən bütün zənglər xidmət və məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydiyyata alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman lent yazısına qulaq asmaq mümkündür.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 6 fevral.- S.3.