Almaniya Bundestaqının üzvü: Dağlıq Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığını bölüşürük

 

Almaniya beynəlxalq hüquqda icbari təsiri olan BMT-nin qətnamələrini dəstəkləyir. Bu qətnamələrdə təsdiq edilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

AzərTAc xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından olan deputat, hüquq komitəsinin üzvü Olav Gutting Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualını cavablandırarkən demişdir.

Bundestaqın üzvü bildirmişdir ki, uzun müddətdir Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq ictimaiyyət tərəfindən tələb edilmişdir. Qaçqınların vətənlərinə qayıtmaq hüququ vardır. Lakin bu hüquq onlardan alınmışdır. Almaniya ilə Azərbaycan arasında siyasət, iqtisadiyyatsosial sahələrdə sıx əməkdaşlıq mövcuddur. Buna görə biz Dağlıq Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığını bölüşürük.

Ermənistanın bu kontekstdə sülhün əldə olunması əleyhinə tədbirlər gördüyünü vurğulayan O.Gutting buna sübut kimi keçən il keçirilmişAvropa İttifaqı tərəfindən tanınmayan "prezident seçkiləri"ni misal gətirmişdir.

Bundestaqın üzvü demişdir ki, hazırda Ermənistan Azərbaycanın işğal olunmuş Xocalı şəhərindəki aeroportu açmağı planlaşdırır. Ermənistan bu addımı ilə Dağlıq Qarabağı" "tanınması"na dair "faktlar" yaratmağa çalışır. Bu, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi ziyan vuracaqdır. Almaniya BMT-nin, Avropa İttifaqının və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərini hər zaman dəstəkləmiş və bu dəstək bundan sonra da davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 6 fevral.- S.4.