Kitab necə çap edilir

 

Mətbəələrdə çap olunan nəşrlərin istər bədii, istərsə də texniki cəhətdən keyfiyyətli olmasına cavabdeh şəxslər bir tərəfdən müəlliflər və naşirlərdirsə, digər tərəfdən prosesləri yerinə yetirənlər də az məsuliyyət daşımırlar. Keçmiş sovetlər birliyi dövründəkindən fərqli olaraq, bu gün çap ediləcək kitab bəzən texniki tərtibat da daxil olmaqla, nəşriyyatlara, yaxud birbaşa mətbəələrə "hazır" şəkildə gətirilir. Ona görə də kitab və jurnallar əksər hallarda oxucu zövqünü oxşamır, yaxud bədii və texniki tərtibatın tələblərini təmin etmir. Demək, çap məhsullarının tərtibatı bu sahədə olduqca vacib məsələlərdən biridir.

Uzun müddətdir ki, nəşriyyat-poliqrafiya sahəsində çalışan, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şəddat Cəfərovun çapdan yeni buraxılan növbəti "Kitab çapı" bu baxımdan istər oxucular, istər poliqrafiya, nəşriyyat işçiləri, istərsə də  sahə üzrə ixtisasa yiyələnən tələbələr üçün olduqca sanballı vəsait hesab oluna bilər. Respublikamızda ilk poliqrafiya alimi olan müəllifin adıçəkilən yeni əsərinin - metodik vəsaitinin mütəxəssislərin standartlara uyğun çap əldə etməsində mühüm əhəmiyyət daşıyır.

Kitabın standartlara cavab verməsi üçün hansı texniki və texnoloji proseslərdən keçməsi ilə burada tanış olmaq mümkündür. Müəllifin elmi və texniki tərəqqinin inkişafının bu sahədə də özünü göstərməsi barədə fikirləri bir daha göstərir ki, ölkəmizdə çap məhsullarına tələbatın ödənilməsində mühüm və vacib amilləri diqqətdən kənarda saxlamaq olmaz.

Kitabın diqqət çəkən tərəflərindən biri də çapaqədərki texnoloji və texniki proseslərin ardıcıllıqla izlənməsi, avadanlıqlardan istifadə qaydaları (şəkillər və illüstrasiyalar vasitəsilə) verilməsidir. Geniş oxucu auditoriyasının marağını nəzərə alaraq, müəllif kitabda texniki ifadələrdən daha çox publisistikaya üstünlük verib.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 6 fevral.- S.8.