Ölkə Prezidentinin insan amilinə söykənən inkişaf strategiyası və vətəndaşların müraciətlərinə baxılması

 

"Bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq."

 

 İlham ƏLİYEV

 

 Azərbaycanın inkişaf tarixinə yeni nailiyyətlər, yeni qələbələr və uğurlarla yazılan daha bir il yekunlaşdı. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də Azərbaycan xalqının taleyində dərin izlər buraxan böyük hadisələr baş vermiş, dünyanı bürüyən iqtisadi böhran fonunda ardıcıl və dinamik inkişaf edən Azərbaycan dövləti öz vətəndaşlarının həyat səviyyəsini yüksəltmək üçün gördüyü davamlı işlərlə yenə də hamının diqqət mərkəzində olmuş, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edən tanınmış siyasətçilər, ziyalılar, mədəniyyət xadimləri tərəfindən Azərbaycanın  nailiyyətləri yüksək qiymətləndirilmiş və beynəlxalq nüfuzu daha da artmışdır. Ölkə həyatının bütün sahələrində sürətli inkişaf və tərəqqi vətəndaşların güzəranında öz əksini tapmış, respublika Prezidentinin əsas siyasi xəttini "hər şey insan üçün" prinsipi üzərində qurması öz bəhrəsini vermişdir.

Dövlət başçısının hələ ilin əvvəlində bütün dövlət orqanlarına və dövlət qulluqçularına tövsiyə və tələbi kimi qəbul olunan "xalq razı qalarsa, mən də razı qalacağam" fikri əsas fəaliyyət istiqamətinə çevrilmiş, hər bir insanın aparılan dövlət siyasətindən razı qalması, əldə olunan iqtisadi nailiyyətləri öz gündəlik həyatında hiss etməsi üçün kifayət qədər iş görülmüşdür. Prezident Administrasiyasında, eləcə də respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq hər bir vətəndaşın probleminə diqqətlə yanaşılmış, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilmişdir.

Vətəndaş müraciətləri ilə əlaqədar həyata keçirilən tədbirlər, bu sahədə tətbiq olunan yeniliklər, ümumiyyətlə, vətəndaşların hansı qayğı, arzu və istəklərlə yaşadığı, onları narahat edən hansı problemlərin mövcud olduğu barədə hər il Prezident Administrasiyasına daxil olan müraciətlərin geniş təhlili oxucularımız tərəfindən maraqla qarşılanır. Bunu nəzərə alaraq ötən ilin yekunlarına həsr olunmuş təhlili materialı oxucularımızın diqqətinə çatdırırıq.

 

 Müasirliyə, yeniliyə və insan amilinə əsaslanan inkişaf strategiyasının yaratdığı geniş imkanlar

 

 Azərbaycanın sürətli inkişaf tendensiyası artıq 10 ildir ki, mütəmadi davam edir və bu inkişafı əks etdirən göstəricilər ildən-ilə yüksəlir. Dövlətimizin başçısının müəyyən etdiyi və uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikanın güclü sosial-iqtisadi potensialı formalaşmış, aparılan genişmiqyaslı islahatlar dayanıqlı inkişaf üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən, siyasi baxımdan isə ən sabit ölkələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi kimi, son 7-8 il ərzində iqtisadiyyatımız 3 dəfə artmış, yoxsulluq səviyyəsində yaşayanların sayı 49 faizdən 6 faizə düşmüş, Azərbaycan əhalisinin güzəranı əvvəlki illərə nisbətən xeyli yaxşılaşmış, 2008-ci ildən indiyədək 430 mindən çox, təkcə 2012-ci ildə 117 min  yeni, o cümlədən 93 min daimi iş yeri açılmış, işsizliyin səviyyəsi 5,2 faizə enmiş, əhalinin həyat səviyyəsinə müsbət təsir edən sosial məsələlərə daha çox diqqət yetirilmiş, əməkhaqları, pensiyalar və müavinətlər xeyli artmışdır.

Dünyanı bürüyən iqtisadi böhran nəticəsində ən inkişaf etmiş Avropa ölkələrində işsizlik faizinin gündən-günə yüksəlməsinə, əhalinin həyat səviyyəsinin aşağı düşməsinə baxmayaraq Azərbaycanda bunun əksini görürük.

Hazırda ölkəmizin dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir. Ölkənin valyuta ehtiyatlarının həcmi 46 milyard ABŞ dolları səviyyəsindədir və bu artım fasiləsiz davam edir. Qeyri-neft sektorunun sürətli inkişafı sayəsində keçən il regionlarda 284 yeni müəssisə yaradılmış və 450-dən çox müəssisə isə yaradılmaqdadır.

Son illərdə kosmik sənayesini və informasiya texnologiyalarını sürətlə inkişaf etdirən Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və bu günlərdə orbitə çıxarılacaqdır. Bu peykin resurslarının 20 faizi ölkəmizin tələbatı üçün istifadə ediləcək, 80 faizi isə dünya bazarına ixrac olunacaqdır. Gələcəkdə belə peyklərin sayının artırılması nəzərdə tutulur. Bununla respublikamız bu sahədə də böyük nailiyyətlərə imza atacaq və dünyada ön sıralara çıxacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi respublika rəhbərliyinin bu məsələyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha təsdiq edir.

Ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş, son illərdə 1500 meqavat yeni enerji  gücü yaradılmışdır.  Artıq Azərbaycan qonşu Türkiyə, İran, Rusiya və Gürcüstan kimi ölkələrə elektrik enerjisi ixrac edir.

Hər bir ölkənin iqtisadi inkişafı dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təhlil olunur və obyektiv faktlara əsaslanan bu təhlillər sübut edir ki, Azərbaycan iqtisadiyyatı yalnız yüksələn xətlə inkişaf edir. Bu baxımdan Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının elan etdiyi "Doing Business 2013" hesabatı böyük maraq doğurur. Həmin hesabatda ölkəmiz 185 ölkə arasında 67-ci yeri tutmuş, 118 ölkəni qabaqlamışdır. Bu hesabatda bir çox göstəricilər üzrə isə Azərbaycanın mövqeyi daha yüksəkdir.

"Standart and Poors", "Fitch Ratings", "Moody`s" kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən regionda investisiya reytinqi artırılmış ilk və yeganə ölkə Azərbaycandır. Qlobal Rəqabət Qabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan artıq 3 ildir ki, MDB ölkələri arasında birinciliyini qoruyub saxlayır, dünya ölkələri arasında isə 55-ci yerdən 46-cı yerə yüksəlmişdir.

Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı İlham Əliyev 2012-ci ilin oktyabrında Bakıda keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumunda sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək deyir: "Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar".

2011-ci ilin sonunda dünyanın 155 ölkəsinin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, 2012-ci ilin may ayında dünyanın bir nömrəli bu qurumuna sədrlik etməsi digər regional beynəlxalq təşkilatlarda da onun mövqeyini möhkəmləndirmiş, siyasi baxımdan ona geniş imkanlar yaratmışdır. Azərbaycanın hazırda dünya miqyasında qazandığı nüfuz sayəsində respublikamızın paytaxtı Bakı şəhəri ən böyük forumların keçirildiyi beynəlxalq mərkəzə çevrilmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında Azərbaycan bu təşkilatın sədri seçilmişdir və növbəti iki ildə bu missiyasını uğurla yerinə yetirəcəyinə heç kəs şübhə etmir.

Bu qurum Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu ilk və sonuncu qurum deyil. Keçən ilin yekunları istər siyasi, istərsə də iqtisadi cəhətdən Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını bir daha təsdiq etdi. Daim müstəqil siyasət yeridən Azərbaycan dövlətinin başçısı İlham Əliyevin "Rossiya-24" telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, respublikamız mümkün qədər çox sayda ölkə ilə fəal əlaqə yaratmaq əzmini nümayiş etdirərək Qoşulmama Hərəkatı təşkilatına daxil olmuş, bununla da dünya üçün açıq ölkə olduğunu bir daha təsdiq etmişdir.

Azərbaycan sözün əsl mənasında Avropanın, eləcə də dünyanın aparıcı mədəniyyət, elm, idman, turizm mərkəzlərindən birinə çevrilməkdədir. Son illərdə bir sıra idman növləri üzrə dünya və Avropa çempionatlarının, "Eurovision" kimi mahnı müsabiqəsinin ardınca 2012-ci ilin sonunda respublikamıza daha böyük bir etimad göstərildi. Avropa Olimpiya Komitəsinin Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etdi. Bu qərarın qəbul edilməsində ölkə Prezidentinin səyləri ilə son illərdə yaradılmış zəngin idman infrastrukturunun, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları misilsiz qələbələrin rolu az deyildir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi "böyük tarixi hadisədir və ölkəmizin böyük uğurudur", eyni zamanda "Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir". 

Artıq   Azərbaycan   Respublikasının  Prezidenti  İlham  Əliyevin   sərəncamı  ilə I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış, komitəyə sədrlik Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, respublikanın birinci xanımı Mehriban Əliyevaya həvalə edilmişdir. Şübhə yoxdur ki, "Eurovision" musiqi müsabiqəsi kimi bu tədbir də çox yüksək səviyyədə keçiriləcəkdir.

Azərbaycanda aparılan böyük abadlıq və quruculuq işləri hamını heyran qoymaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin uğurlarından danışarkən ilk növbədə ölkə rəhbərinin xalqla birliyini ön plana çəkir, güclü sosial siyasətin aparılmasını, Azərbaycan vətəndaşının rahat yaşamasını dövlətin əsas borcu hesab edərək deyir: "Mən həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz var və bizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı, adi vətəndaş, bax, sizin kimi."

Ölkə Prezidenti  respublikanın əldə etdiyi iqtisadi uğurlardan ilk növbədə xalqın həyat səviyyəsini yüksəltmək, onun güzəranını yaxşılaşdırmaq üçün istifadə etməyə, bir sözlə, sosial məsələlərin həllinə böyük əhəmiyyət verir və qeyd edir: "Sosial ədalət prinsipləri mütləq möhkəmləndirilməlidir. Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır". Bu baxımdan 2012-ci ildə də ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini qeyd edən ölkə Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını bildirmişdir.

Azərbaycanın gələcəyini şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatda görən, müasirlik və yenilik strategiyasını rəhbər tutan Azərbaycan Prezidenti ölkənin güclü intellektual resurslarını formalaşdırmaq, ən yeni texnologiyaları ölkəyə gətirmək, ən müasir idarəetmə sistemini yaratmaq yolu ilə güclü dövlət qurulması ideyasını ümummilli məqsədə, ümummilli ideyaya çevirmişdir. Ölkə Prezidenti keçən ilin əvvəlində Gəncə Alüminium zavodu kompleksinin açılışında demişdir: "...biz gələcəyimizi şaxələndirilmiş iqtisadiyyatda görürük. Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirək və qeyri-neft iqtisadiyyatı yaradaq".

Dövlətimizin başçısı sosial ədalətə əsaslanan, ölkə vətəndaşlarının yüksək həyat tərzini təmin edən demokratik dövlətin qurulması və gündən-günə möhkəmləndirilməsi üçün böyük səylər göstərir, Azərbaycanın gələcək inkişaf yollarını aydın görür və xalqı inamla öz arxasınca apara bilir.

Azərbaycan bölgədə bütün böyük layihələrin təşəbbüskarı kimi çıxış etmiş və etməkdədir. Keçən il dünya ictimaiyyəti Azərbaycan Prezidentinin daha bir cəsarətli təşəbbüsünün, xalqımız isə daha bir tarixi hadisənin şahidi oldu, TANAP layihəsinin əsası qoyuldu. 2017-2018-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan və xərclərinin 80 faizi Azərbaycanın payına düşən bu layihənin əhəmiyyəti vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti ilə müqayisə oluna bilər. Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq bu layihə ölkə Prezidentinin qeyd etdiyi kimi, "bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır".

Ölkə rəhbəri gördüyü və görəcəyi işləri ən yüksək tribunalardan cəsarət və qətiyyətlə ifadə etməkdən çəkinmir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII zirvə toplantısında rəqabət qabiliyyətinə görə Azərbaycanın dünya miqyasında layiqli yerlərdə olduğunu, iqtisadiyyatımızın şaxələndirilərək bütün sahələrin inkişaf etdirildiyini, insanların daha yaxşı yaşaması üçün səy göstərildiyini xüsusi vurğulamış, hazırda Azərbaycanın ölkənin hüdudlarından kənarda milyardlarla dollar investisiya qoymağa başladığını qeyd etmişdir. Azərbaycan Prezidenti toplantıda iştirak edən dövlətlərin başçılarına müraciətlə bildirmişdir: "Biz güclü iqtisadiyyat olmadan real müstəqilliyə nail ola bilməyəcəyik. Möhkəm iqtisadi bünövrə, ciddi iqtisadi islahatlar olmadan XXI əsrdə insanlarımız üçün yaxşı yaşayış şəraiti yarada bilməyimiz çox çətin olar".

Bu baxımdan Azərbaycanın gündən-günə artan iqtisadi qüdrətini bir daha vurğulamaq lazım gəlir. Bunu son 20 ildə ümumi daxili məhsulun artımında əldə olunan nailiyyətlər daha aydın göstərir. Əgər 1992-ci ildə ümumi daxili məhsul 4,82 milyon manat idisə, 2012-ci ildə bu rəqəm artıq 54 milyard manata çatmışdır.

Azərbaycanın bu uğurlarının kökündə ulu öndər Heydər Əliyevin müdrik siyasətinin durduğunu, ümummilli liderin yaratdığı və Azərbaycanın ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası tərəfindən həmin siyasətin uğurla həyata keçirildiyini 2012-ci ilin noyabrında partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dövlətimizin başçısı və partiyanın sədri İlham Əliyev bir daha vurğulamış və son 20 ildə bu partiyanın rəhbərliyi altında Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.

Bu gün hamımız yaxşı bilir və dərk edirik ki, Azərbaycanın ötən 20 ildə keçdiyi inkişaf yolu xalqımıza böyük töhfələr vermiş, ölkəmiz öz iqtisadi inkişaf tempinə, eyni zamanda əhalisinin sosial vəziyyətinin və güzəranının səviyyəsinə görə onunla bir vaxtda müstəqillik əldə edən bütün MDB dövlətlərini xeyli geridə qoymuşdur.

Keçən il ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası hazırlanmış və təsdiq edilmişdir. Bu konsepsiya ulu öndər Heydər Əliyevin yaratdığı inkişaf modelinə uyğundur və Azərbaycanın daha sürətli inkişafını təmin edəcək, həm ümumi daxili məhsulun, həm də əhalinin həyat səviyyəsinin ən azı 2 dəfə yüksəldilməsinə şərait yaradacaqdır.

Təbiidir ki, yaranmış iqtisadi potensial və bunun əsasında qurulmuş müasir infrastruktur əhalinin bütün təbəqələrinin daha yaxşı yaşamasına imkan vermiş, son nəticədə vətəndaşların dövlət orqanlarına ünvanladıqları ərizə və şikayətlərin sayı aşağı düşmüş, dövlət başçısına minnətdarlıq və təşəkkür məktubları isə xeyli artmışdır.

 

Vətəndaşa qayğı dövlətə və dövlətçiliyə xidmət deməkdir

 

 Vətəndaş müraciətlərini cəmiyyətin nəbzi adlandıranlar heç də səhvə yol vermirlər. Çünki hər bir müraciətin arxasında canlı insan, onun sevinci, qayğısı, problemi, onu düşündürən məsələ, cəmiyyətdə baş verən hadisələrə münasibəti dayanır. Müraciətlərin bir qismi vətəndaşların gündəlik problemlərinin həllində iştirak edən dövlət qulluqçularının bəzən yol verdikləri diqqətsizlikdən irəli gəlirsə, bir qismi də vətəndaşın öz hüquq və vəzifələrini, tələb və xahişinin nə dərəcədə əsaslı olub-olmadığını bilməməsindən irəli gəlir.

Əlbəttə, müraciətlərin yaranma səbəblərini təkcə bununla izah etmək olmaz. Bir həqiqətlə barışmalıyıq ki, insan və cəmiyyət olduqca problemlər, qayğılar və müraciətlər də olacaqdır. Lakin ən vacibi odur ki, insanların yüksələn həyat və yaşayış meyarları və artan tələbləri dövlətin iqtisadi inkişafından, maddi imkanlarından asılı olaraq təmin edilir, başlıcası isə, hər bir vətəndaş, hər bir insan dövlətin qayğısını hiss edir, vətəndaşların qaldırdıqları məsələlərin həlli yolları tapılır.

Bu baxımdan dövlət başçısı İlham Əliyevin mövqeyi aydındır və 2012-ci ilin oktyabrında Külmüllü-Zərdab magistral su kəmərinin açılışında dediyi sözlər bunu bir daha təsdiq edir. "... ölkəmiz inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir və biz çalışırıq, çalışmalıyıq ki, Azərbaycan vətəndaşları üçün daha da yaxşı şərait yaradaq. Hər bir vətəndaş üçün yaşadığı yerdən asılı olmayaraq, gözəl şərait yaradılmalıdır. İnsanlar işlə təmin olunmalıdır, təhlükəsizlik təmin edilməlidir, səhiyyə, təhsil ocaqları tikilməlidir."

Prezident Administrasiyası bütün sahələrdə olduğu kimi, vətəndaş müraciətlərinə baxılması sahəsində də Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün ciddi səy göstərir, hər bir vətəndaşın ərizəsində və şikayətində qaldırdığı məsələnin qanun çərçivəsində həllinə çalışır. Bu məqsədlə Administrasiyanın şöbə və xidmətləri, o cümlədən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər dövlət qurumlarında vətəndaş müraciətlərinə obyektiv baxılmasına və vətəndaşlara bu barədə vaxtında məlumat verilməsinə, eyni zamanda müraciətlərin yaranma səbəblərinin aradan qaldırılmasına ciddi nəzarət edilir. Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq üçün müntəzəm təhlillər və araşdırmalar aparılır.

Bu gün inamla demək olar ki, ölkə vətəndaşlarının Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində təsbit olunmuş müraciət etmək hüququ tam təmin olunur. Bu hüquq "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.

Bununla yanaşı, respublikanın iqtisadi və ictimai-siyasi sistemində yaranmış yeniliklər, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsi, yeni iqtisadi münasibətlər zəminində özəl sektorun artıq respublika iqtisadiyyatında aparıcı qüvvə təşkil etməsi, bu müəssisələrdə çalışan yüzlərlə insanın hüquq və azadlıqlarının qorunması, onların üzləşdikləri sosial problemlərin həll edilməsinin vacibliyi və digər məsələlər nəzərə alınmaqla vətəndaş müraciətlərinə dair qanunvericilik bazası daha da təkmilləşdiriləcəkdir.

Hazırda respublikada bir çox nazirliklərin və digər qurumların rəsmi internet saytlarında xüsusi "Müraciətlər" bölməsi yaradılmış, vətəndaşların elektron müraciətlər göndərmək və öz yaşayış yerindən bilavasitə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri ilə videoqəbul vasitəsilə əlaqə saxlamaq, öz problemlərini bildirmək və cavab almaq imkanı vardır.

Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq üçün Prezident Administrasiyasında, o cümlədən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində aparılan ciddi və geniş təhlillər bu sahədə vəziyyətin daha ətraflı öyrənilməsinə və müvafiq tədbirlər görülməsinə kömək edir. Bununla yanaşı, vətəndaşların müraciətlərinə baxılması, ən başlıcası, onların yaranma səbəblərinin aradan qaldırılması üçün hələ çox iş görülməlidir.

Bu materialda oxuculara vətəndaşların müraciətlərinin artım və azalma dinamikası, coğrafiyası, onların mövzuları, növləri, təhlil və nəzarət işinin təşkili, bu sahədə işin yaxşılaşdırılması üçün görülən və görüləcək tədbirlər barədə məlumat veriləcəkdir.

 

Minnətdarlıq məktubları ölkə Prezidentinə inam və etimadın ifadəsidir

 

 Hər gün Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, Prezident Administrasiyasının elektron poçtu və digər vasitələrlə onlarla vətəndaş müraciəti daxil olur ki, onların da böyük bir hissəsini məhz minnətdarlıq və təşəkkür məktubları təşkil edir. Bu müraciətlərdə respublika vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, həmçinin xarici ölkələrin Vətənimizlə maraqlanan, burada olan vətəndaşları Azərbaycanda aparılan böyük quruculuq işlərinə, respublikamızda ən mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilinə, Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, xarici siyasət sahəsində əldə edilmiş uğurlarına, ölkədə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən qayğıya, Qarabağ müharibəsi əlilləri və veteranlarının mənzil şəraitinin yaxşılaşdırılmasına, Azərbaycan ordusunun daha da möhkəmləndirilməsinə və ölkənin müdafiə qüdrətinin artırılmasına, Azərbaycan zabiti Ramil Səfərovun respublikaya ekstradisiya edilərək azadlığa çıxarılmasına, elm, mədəniyyət, təhsil, səhiyyə və idmanın inkişafına, ekologiyanın qorunmasına, ölkə Prezidentinin gördüyü digər vacib işlərə görə duyduqları sevinc hisslərini səmimi etiraf edirlər.

Artıq Azərbaycan regionda və dünyada elə bir mövqe qazanmışdır ki, onun rəhbəri Prezident İlham Əliyevin gördüyü böyük quruculuq işləri heç kəsin diqqətindən yayınmır. Ölkənin müsbət imicinin daha da yüksəlməsinə, xüsusilə ölkədə demokratiya, insan və söz azadlıqlarının daha geniş vüsət almasına, vətəndaşların həyat səviyyəsinin ilbəil yüksəlməsinə, Azərbaycanın özündə, habelə yaxın və uzaq ölkələrdə təbii fəlakətlərdən zərər çəkən insanlara həmişə ilk yardım göstərənlər sırasında olmasına görə ölkə Prezidentinin ünvanına göndərilən minnətdarlıq məktublarını oxuduqca qürur hissi keçirirsən.

Ölkə Prezidentinin müntəzəm olaraq bölgələrə getməsi, xalqla sıx ünsiyyət saxlaması ruh yüksəkliyi ilə qarşılanır və bununla bağlı yazılan müraciətlər, demək olar ki, əhalinin böyük əksəriyyətinin fikrini ifadə edir. Məsələn, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakini Zaur Həmidov yazır: "Həyatımızın elə bir sahəsi yoxdur ki, orada İlham Əliyevin əməyinin izi olmasın. Hətta cənab Prezident öz doğum gününü bölgələrə səfər edərək ölkə vətəndaşları ilə bir yerdə keçirir. Bu əməyin, bu zəhmətin qədrini bilmək, onu qorumaq hər birimizin vətəndaşlıq və vicdan borcumuzdur".

Ümumiyyətlə, minnətdarlıq məktublarının mövzuları o qədər geniş və müxtəlifdir ki, onların hamısını bir yazıda əhatə etmək mümkün deyildir. Buna görə də onların bəzilərini qeyd etmək istərdik.

Ölkə Prezidentinin rəhbərliyi ilə respublikada həyata keçirilən böyük abadlıq işləri, tikilən məktəb və xəstəxanalar, əksər bölgələrə qaz və su xətlərinin çəkilməsi, xüsusilə kənd yollarının bərpasına böyük diqqət yetirilməsi, bununla əlaqədar Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması olduqca müsbət qarşılanır. Təkcə 2012-ci ildə ölkə Prezidentinin bu barədə verdiyi 78 sərəncamla müxtəlif şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ayrı-ayrı tarix və mədəniyyət abidələrinin bərpası, təmiri və digər məqsədlər üçün xeyli vəsait ayrılmışdır. Buna görə həmin şəhər və rayon sakinlərindən, digər şəxslərdən yüzlərlə minnətdarlıq məktubu daxil olmuşdur.

Hazırda respublikada böyük diqqət göstərilən sahələrdən biri də kəndarası yolların tikintisi və yenidən qurulmasıdır. 2011-2012-ci illərdə ölkə başçısının 50-dən çox sərəncamı ilə ümumilikdə 1 milyon 21 min nəfər əhalinin yaşadığı 597 yaşayış məntəqəsini və 10 məcburi köçkün qəsəbəsini birləşdirən kəndarası yolların tikintisi və yenidən qurulması üçün dövlət büdcəsindən lazımi qədər vəsait ayrılmışdır.

Keçən il Azərbaycan Prezidenti İlham Əliyev özü bu yolların bir çoxunun açılış mərasimində şəxsən iştirak etmiş, Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun açılışı zamanı kənd sakinləri ilə görüşündə demişdir: "Əminəm ki, yaxın gələcəkdə ölkəmizin bütün kənd yolları abadlaşdırılacaqdır. Əlbəttə, ilkin mərhələdə biz magistral yollara üstünlük verirdik. Çünki bu da təbiidir. Paytaxtımızı şəhərlərlə birləşdirən yolların tikintisi əlbəttə ki, ön planda idi. Amma indi kənd yollarının tikintisinə də vaxt çatıb və biz bunu edirik".

Kəndarası yolların çəkilməsi və təmiri ilə əlaqədar respublikanın müxtəlif bölgələrindən daxil olan minnətdarlıq məktubları keçən il daha çox olmuşdur. Məsələn, Lənkəran şəhərində yaşayan ziyalılar professor Asəf İsgəndərov, Prezident təqaüdçüləri Mirhaşım Talışlı, Sədrəddin Ağabalayev və başqaları Vilvan-Türkəncil yolunun, Abşeron rayonunun Mehdiabad, Görədil, Novxanı və digər kəndlərinin sakinləri adından Bayram Qayıbov, Zərbəli Quliyev, Taliyə Paşayeva və başqaları (72 imza) Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun çəkilməsi barədə verdiyi sərəncamlara görə dövlət başçısına səmimi ürək sözlərini bildirmişlər.

Dövlət başçısı Azərbaycanın hər bir qəsəbə və kəndinin işıq, qaz, su və həyat üçün digər zəruri vasitələrlə təmin edilməsinə böyük diqqət yetirir və bu sahədə ciddi işlər görülür. Təkcə 2012-ci ildə respublikanın 184 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Bununla əlaqədar həmin yaşayış məntəqələri sakinlərinin bir qismi, məsələn, Ağcabədi rayonunun Nəcəfqulubəyli və Şənlik kəndlərinin sakinləri Nailə Səfərəliyeva, Elçin Qurbanov, Dəyanət Behbudov, Aidə Həsənova və başqaları (46 nəfər), Ucar rayonunun Qazıqumlaq və Məlikobalı kənd sakinləri adından Mehman Məmmədov, Xalac kənd sakinləri adından Əvəz Ağayev, Sabirabad rayonunun Ulacalı kənd sakinləri İbadulla Əliyev, Sevda Şükürova, Qobustan rayonunun Xilmilli kənd sakinləri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sənəm Qurbanova, Hacıqabul rayonunun Udullu, Paşalı, Şorbaçı, Tağılı, Tava və Qubalı kəndlərinin sakinləri (642 imza), Tərtər rayonunun Evoğlu, Qazyan, Qapanlı, Qaradağlı kəndlərinin sakinləri Yaşar Məhərrəmov, Yusif Əliyev, Yaqub Balacayev, Həsən İsgəndərov, Balakən rayonunun Talalar kəndindən Pərvanə Həsənova, Lerik rayonunun ucqar Miskan kəndinin sakinləri Əlişa Muradov, Ənvər Ağayev, Xanəli Əliyev və başqaları, həmçinin digər rayonların sakinləri təbii qazın verilməsinə görə öz razılıqlarını bildirirlər.

Müharibə veteranlarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə daxil olmuş minnətdarlıq məktubları da çoxdur. Dövlət qayğısı ilə əhatə olunmuş belə insanlardan biri, ötən il yeni mənzil sevincini yaşayan Sumqayıt şəhər sakini, II qrup Qarabağ əlili Arzu Maniyev yazır: "Sizin Qarabağ müharibəsi əlillərinə diqqət və qayğınızı biz həmişə hiss etmişik... Bunların hamısı biz müharibə iştirakçılarına, xüsusən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə Sizin diqqət və qayğınızın nəticəsidir".

Şəki, Abşeron, Ağcabədi, Bərdə, Goranboy, Qaradağ şəhər və rayonlarında salınmış qəsəbələrdə mənzillə təmin olunan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını öz məktub və teleqramlarında sevinclə qeyd edirlər. İndiyədək bu kateqoriyadan olan insanlar üçün 79, o cümlədən 2012-ci ildə 6 qəsəbə salınmış, minlərlə yaşayış evi ilə yanaşı, hər cür infrastruktur yaradılmış bu qəsəbələrə və məhəllələrə 31 min ailə, daha doğrusu 140 min nəfərdən artıq insan köçürülmüşdür. İndi Azərbaycanda nə çadır şəhərciyi, nə də fin qəsəbələri qalmamışdır, artıq Bakı şəhərində yataqxanalarda yaşayan məcburi köçkünlər yeni qəsəbələrdə yerləşdirilir.

2012-ci il dekabrın 22-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 köçkün ailəsi üçün salınmış yeni məhəllənin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi bu sözlər köçkünlərin problemlərinin həllinə əminlik yaradır: "Bu il 20 min köçkün yeni evlərə köçürülür. Gələn il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcəkdir. Bu il Dövlət Neft Fondundan bu məqsədlər üçün tarixdə ən böyük vəsait ayrılmışdır - 300 milyon manat. Gələn il də 300 milyon manatdan az olmayan məbləğ nəzərdə tutulur. Yəni biz bu məsələni ardıcıllıqla həll edirik...".

Artıq bu işlərin görülməsinə başlanmışdır və 2013-cü ildə respublikanın müxtəlif bölgələrində 3941 ailənin köçürülməsi üçün 260 min kvadratmetr mənzil sahəsi olan və bütün sosial obyektlərlə təchiz edilən 8 qəsəbə və məhəllə salınacaqdır.

Əlillərin müalicəsi və onların xüsusi tibbi vasitələrlə təmin edilməsi dövlətin sosial siyasətinin tərkib hissələrindən biridir. Müxtəlif kateqoriyadan olan əlillər hər il xaricdə və ölkə daxilində dövlət hesabına müalicə alırlar. Həmin insanların çoxu ölkə başçısına məktub və teleqram ünvanlayaraq minnətdarlıqlarını çatdırırlar.

Kürdəmir rayonu Mollakənd kənd sakini, II qrup əlil Fərman Rüstəmov yazır: "Səhhətimdə yaranan problemlərlə bağlı artıq 7 ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatında müalicə alıram. Pansionatda I, II, III qrup əlillər, o cümlədən Əfqanıstan, Çernobıl, Böyük Vətən müharibəsi və Qarabağ əlilləri də yerləşmişdir. Müalicədən çox razıyıq və gözəl effekt verir. Biz əlillərə göstərilən diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk".

Böyük Vətən və Qarabağ müharibəsi iştirakçılarından və onların ailə üzvlərindən daxil olmuş məktubların bir qismində 9 may - Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi veteranları üçün yerlərdə tədbirlərin təşkilinə, bu insanlara birdəfəlik maddi yardım verilməsinə, şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təsis edilməsinə, müharibə əlillərinə minik avtomobillərinin hədiyyə olunmasına və digər məsələlərin həllinə görə minnətdarlıq bildirilir. Masallı rayonundan olan bir qrup veteran öz məktubunda yazır: "Siz ölkəmizin bütün vətəndaşlarına, xüsusilə də yaşlı insanlara daim diqqət və qayğı göstərirsiniz. Bizə birdəfəlik maddi yardım verilməsi barədə sərəncamınıza görə bütün veteranlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Siz müdrik xalqımız tərəfindən sevilən, qəbul edilən, sözü, vədi, əməli vəhdət təşkil edən rəhbərsiniz. Allah Sizi qorusun!".

Dövlətimizin başçısı tarixi qəhrəmanların, görkəmli şəxslərin xatirələrini həmişə uca tutur və onun sərəncamlarında bu öz əksini tapır. Məsələn, Bakı şəhərindən vokalçı Ramil Qasımov Bakıda Koroğlunun abidəsinin ucaldılmasına, Salyan rayonu Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Ziyalılar İctimai Birliyinin sədri Qulam Sadıqov və başqaları Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoyulmasına, Zərdab rayonundan Hüseyn Həsənov Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi, Qazax rayonundan Barat Vüsal, Mustafa Bilal Qoca, Ələddin İncəli, Səhlədar Qaratorpaq və başqaları Qazax rayonunda Ədəbiyyat muzeyinin tikintisi barədə sərəncamlara görə minnətdarlıq edirlər.

Bakı şəhərindən dahi bəstəkarımız Qara Qarayevin qızı Züleyxa Bağırova (Qarayeva) atasının mədəni irsinə göstərilən diqqətə, həm də Q.Qarayevin adını daşıyan musiqi məktəbinin təmir və bərpa edilməsinə görə cənab Prezidentə minnətdarlığını bildirir. Xalqımızın böyük şairi Səməd Vurğunun nəvəsi, S.Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova da babasının ev-muzeyinin təmiri barədə göstəriş verdiyinə görə ölkə Prezidentinə təşəkkür edir və bununla nənəsi Xavər xanımın, anası Aybəniz xanımın ruhlarını sevindirdiyini bildirir.

Ötən il qış mövsümünün sərt və şaxtalı keçməsi, havaların gözlənilmədən kəskin soyuması nəqliyyat, energetika, mənzil-kommunal təsərrüfatlarında bəzi problemlərin yaranmasına gətirib çıxarmışdı. Ölkə rəhbərliyinin birbaşa nəzarəti və tapşırıqları sayəsində bütün çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmış, həyat yenidən öz axarına düşmüşdü. Ölkə vətəndaşlarından bununla bağlı minnətdarlıq məktubları daxil olmuşdur. Bu münasibətlə Qadın QHT-ləri Forumunun kollektiv məktubunda bildirilir: "Havaların kəskin soyuması ilə bağlı Sizin təşəbbüsünüzlə paytaxtın müxtəlif yerlərində sığınacaqlar təşkil edilməsi xəbəri bizi çox mütəəssir etdi. Bu addım bir daha göstərdi ki, dövlətimiz öz vətəndaşlarının qayğısına necə qalır və hər zaman onları qorumağa hazırdır. Allah hər zaman yardımçınız olsun!".

Azərbaycan dövləti və xalqı ümummilli məsələlərdə həmişə vahid mövqedən çıxış etmişlər. 2012-ci ilin fevralın 26-da - Xocalı soyqırımının 20-ci ildönümündə ölkə Prezidentinin xüsusi sərəncamı əsasında çox yüksək səviyyədə təşkil olunan və minlərlə insanın iştirak etdiyi möhtəşəm ümumxalq yürüşü bunu bir daha təsdiq etdi və dünya ictimaiyyətini heyrətə gətirdi. Xalqımız bütün məsələlərdə öz Prezidenti ilə birgə olduğunu əyani şəkildə sübut etdi. Şəki şəhər sakini Anar Əliməmmədov isə bu barədə fikirlərini belə ifadə edir: "Fevralın 26-da mən kədər və üzüntü hissləri ilə yanaşı, qürur hissi də keçirdim. Buna səbəb Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar Sizin rəhbərliyinizlə həyata keçirilmiş ümumxalq yürüşü idi. İnanın, hisslərimi ifadə etməyə söz tapa bilmirəm. Zənnimcə, fevralın 26-da keçirilən ümumxalq yürüşü nəinki Azərbaycan tarixində, hətta dünya tarixində çox az rast gəlinən bənzərsiz bir hadisədir. Allah xalqımıza Sizin rəhbərliyinizlə qələbə yürüşünü də nəsib etsin! Var olun!".

Bu fikirlər Xocalı rayonundan olan şəhid ailələrinin, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, Böyük Vətən müharibəsinin veteranı, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Muradalı Heydərovun, Estoniyanın Kohtla-Yarve şəhərindən Tural Şirinovun, Lerik rayonu Təbrizli kəndinin sakini Dilqəm Şahbazovun və bir çox başqalarının minnətdarlıq məktublarında da öz əksini tapmışdır.

Bu qəbildən olan minnətdarlıq məktublarında vətəndaşlar Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti, Moskva Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın gördüyü işləri xüsusi qeyd edir, "Xocalıya ədalət" devizi altında dünyanın bir çox ölkəsində davamlı silsilə tədbirlərin həyata keçirilməsinin, xüsusi təbliğat materiallarının dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayırlar. Dünyanın bəzi ölkələrində, habelə ABŞ-ın bir neçə ştatında Xocalı soyqırımının rəsmən tanınması ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu xarici siyasətin nəticəsi kimi qiymətləndirilir.

Azərbaycanın şərəfini qoruyaraq erməni zabitini cəzalandırdığına görə Macarıstanda ömürlük həbs olunmuş Ramil Səfərovla bağlı ölkə Prezidentinin qəbul etdiyi qərar xalqımızı son dərəcə sevindirmişdir.

Xalqımızın igid oğlu Ramil Səfərovun Bakıya gətirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 31 avqust tarixli sərəncamı ilə əfv olunması ötən ilin ən mühüm hadisələrindən birinə çevrildi və bütün dünyada böyük rezonans doğurdu. Düşmənlərimizə ağır zərbə olan bu sərəncamla əlaqədar ölkə başçısının ünvanına respublikanın bütün bölgələrinin sakinlərindən və xarici ölkələrdə yaşayan soydaşlarımızdan, Azərbaycanı sevənlərdən yüzlərlə təşəkkür məktubları daxil olmuşdur. Həmin məktubların müəllifləri sırasında əhalinin, demək olar ki, bütün kateqoriyalarının nümayəndələri təmsil olunmuş, şagirddən tutmuş ahıl vətəndaşa kimi hər kəs bu hadisəyə qəlbən sevinmişdir.

Belə müraciətlərin əksəriyyəti ölkə Prezidentinin rəsmi saytında əksini tapmış və dünya ictimaiyyəti xalqımızın bu məsələdə yekdil fikri ilə tanış olmuşdur. Təbiidir ki, bundan ən çox sevinən biz, üzülən isə düşmənlərimiz olub.

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və uğurları da vətəndaşlarımızın gözündən qaçmamışdır. 2012-ci il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. Ölkə vətəndaşları Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsindən qürur duyduqlarını bildirir, bunu dövlətimizin başçısı tərəfindən həyata keçirilən məqsədyönlü, ardıcıl xarici siyasətin məntiqi nəticəsi kimi dəyərləndirirlər.

Azərbaycanın regionda, eləcə də dünyada beynəlxalq humanitar forumlar və idman oyunları mərkəzinə çevrilməsində ölkəmizdə mövcud olan zəngin tolerantlıq ənənələri də az rol oynamır. Hazırda respublikamızda rəsmi şəkildə 500-dən çox müsəlman icması, 34 qeyri-islam təmayüllü icma, eyni zamanda 11 kilsə və 6 sinaqoq fəaliyyət göstərir. Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərində katolik kilsəsinin tikilməsi, habelə pravoslav kilsəsinin təmir və bərpa olunması münasibətilə daxil olan məktublarda ölkə rəhbərliyinin bütün dinlərə və icmalara göstərdiyi qayğıya görə minnətdarlıq ifadə olunmuşdur.

Yola saldığımız il respublikamızda bir sıra beynəlxalq səviyyəli tədbirlərin təşkili ilə də əlamətdar olmuşdur. 2012-ci ildə YAP-ın 20 illik yubileyində cənab Prezidentin qeyd etdiyi kimi, "Bakıda demək olar ki, hər həftə keçirilən beynəlxalq tədbirlər, beynəlxalq forumlar, Humanitar Forum, İnternet İdarəçilik Forumu, digər mədəni tədbirlər ölkəmizi və paytaxtımızı nəinki regional mərkəzə çeviribdir, bu artıq keçmişdə qalıbdır, - ölkəmizi qlobal dünya xəritəsində ciddi mərkəzə çeviribdir".

Sözsüz ki, Azərbaycanda keçirilən böyük tədbirlər içərisində "Eurovision 2012" mahnı yarışması xüsusi yer tutur. Münsiflər heyəti, iştirakçılar, tamaşaçılar regionda ilk dəfə olaraq Azərbaycanda - əzəmətli və füsunkar "Baku Crystall Hall"da keçirilən tədbirin yüksək səviyyədə təşkil edildiyini, öz möhtəşəmliyi ilə yaddaşlara əbədi hopduğunu bildirirlər. Ölkə vətəndaşları isə öz minnətdarlıq məktublarında tədbirin bu cür təşkilindən fərəhləndiklərini, Azərbaycanın bütün Avropaya layiqincə tanıdıldığını, tarixi və mədəni irsimizin ən gözəl şəkildə təbliğ olunduğunu yazırlar. Belə gözəl sarayın qısa müddətdə və yüksək keyfiyyətlə tikilib başa çatdırılmasının yalnız Azərbaycan Prezidentinin möhkəm iradəsi və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olduğu qeyd edilir.

Bununla bağlı Bakı şəhərindən Fidan Rüstəmova, Sevda Xanməmmədova, Budaq Quliyev, Qurban Aşurov, Sara Qədimova, Toğrul Məmmədov, Azadi Quliyev, Kənan Rəhimov, İdris İsayev, Rəşad Hüseynov, V.Mustafazadə adına Mədəniyyət-Xeyriyyə Fondunun və ev-muzeyinin direktoru Afaq Əliyeva, incəsənət xadimləri, idarə və təşkilatların kollektivləri, Gəncə şəhərindən Səbinə Səfərova, Qurban Qurbanov, Füzuli rayonunun Horadiz şəhərindən Vəfa Hüseynova, Tovuz rayonu Bozalqanlı kəndindən Ceyhun Əsədov, həmçinin Türkiyənin İstanbul şəhərindən Səyahət Agentliyinin sədri Ulusoy Başaran, Rusiyadan Canpolad Qəmbərov, İranın Urmiya şəhərindən Məhəmməd Xəlil Qasemi Rad və bir çox başqaları cənab Prezidentə çoxsaylı minnətdarlıq məktubları ünvanlamışlar.

Paytaxtımız Bakı şəhəri gündən-günə abadlaşır, ötən əsrdə tikilmiş, birmərtəbəli və arxitektura əhəmiyyəti kəsb etməyən evlərin yerində yeni binalar tikilir, parklar salınır, şəhərin qədim siması qorunub saxlanılmaqla o, müasir tələblər səviyyəsində yenidən qurulur. Bu tikinti, abadlıq işləri nəticəsində sökülmüş evlərin sakinləri yeni mənzillərlə təmin edilir, vətəndaşlara yüksək miqdarda kompensasiya verilir. Bununla əlaqədar Bakı şəhərinin Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai, Yasamal rayonlarından daxil olan müraciətlərdə vətəndaşlar öz razılıqlarını ifadə edirlər. Onlardan biri, Nəsimi rayonunun Mirzə Ağa Əliyev küçəsində yaşamış, 20 Yanvar şəhidi Mübariz Hacıyevin həyat yoldaşı Natella Hacıyeva yazır: "Sizin müvafiq sərəncamınızla köhnə, yaraşıqsız evlərin sökülməsinə başlandı. Bizim ərazidə yaşayan mülk sahiblərinə, o cümlədən bizə öz istəyimizə uyğun olaraq yeni tikilmiş tam təmirli binalarda daha geniş mənzillər və yaxud pul kompensasiyası verildi. Mən aldığım pul kompensasiyası ilə həm iki oğlum, həm də özüm üçün ev aldım. Artıq rahat, bütün kommunal şəraiti olan mənzillərdə yaşayırıq. Buna görə övladlarım, nəvələrim və özüm Sizə dərin təşəkkürümüzü bildiririk".

Azərbaycanın və Bakının bənzərsiz gözəlliyi ölkəmizə gələn qonaqları valeh edir. Belarusun Brest şəhərindən Olqa Prilutskaya yazır: "Sentyabrda Sizin qonaqpərvər ölkənizdə olmuşam. Gözəl yollara, yollar boyunca valehedici yaşıllıqlara, qayda-qanuna, küçə və binaların işıqlandırılmasına və bir çox başqa işlərə görə Sizə təşəkkür etmək istərdim. Ölkənizdə olarkən keçirdiyim xoş hissləri heç bir duyğu ilə müqayisə etmək mümkün deyildir. Mən belə gözəlliyi heç bir yerdə görməmişəm".

2012-ci il həmçinin XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın yüksək nailiyyətləri ilə yadda qaldı. Azərbaycan idmançıları 10 medal qazanmaqla 200-dən çox ölkənin iştirak etdiyi bu mötəbər yarışda dünya üzrə 30-cu, Avropada 15-ci, İslam ölkələri arasında isə 3-cü yeri tutdu. Bu, Olimpiya Oyunlarında ölkəmizin indiyədək qazandığı ən yüksək nəticə idi. Azərbaycan paralimpiyaçılarının uğuru daha yüksək olmuş, onlar Londonda 12 medal qazanmışlar.

Bu uğurun təməlində dövlətimizin başçısının idmana olan diqqət və qayğısı dayanır. İnfrastrukturun yaxşılaşdırılması, çoxlu sayda idman mərkəzlərinin və olimpiya komplekslərinin tikintisi, idmançılara və məşqçilərə yaradılan gözəl şərait bunu deməyə əsas verir. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilmiş, bununla bağlı tədbirlər planı təsdiq olunmuşdur. Ötən il dekabrın 18-də Milli Olimpiya Komitəsində il ərzində qazanılmış idman nailiyyətlərinə yekun vurularkən dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2012-ci ildə idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda 700-dən çox medal, o cümlədən 255 qızıl medal qazandığını, bölgələrdə olimpiya idman komplekslərinin sayının 35-ə çatdırıldığını, daha 8 kompleksin isə tikilməkdə olduğunu fəxrlə qeyd etmişdir.

Bir sıra minnətdarlıq məktublarında bütün bunlar fərəh və qürur hissi ilə qeyd olunur. Gəncə şəhərindən Olimpiya çempionumuz Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov yazır: "Yetirməm Toğrul Əsgərovun London Olimpiadasında əldə etdiyi yüksək nəticə mənə və xalqımıza bəxş edilən ən böyük hədiyyədir. Bu qələbənin əldə olunmasında bizimlə bərabər çəkdiyiniz əziyyətin yerdə qalmadığı üçün Allaha şükürlər olsun".

Azərbaycan Respublikasının Prezidenti ölkənin intellektual potensialından istifadəni həmişə ön plana çəkir, onun əsas devizi Azərbaycanda təbii resursları intellektual potensiala çevirməkdir. Özünün dediyi kimi, "qara qızılı insan kapitalına çevirmək" prinsipi bu gün artıq işləyir, Azərbaycanda gənc, istedadlı intellektual təbəqə formalaşır.

Gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində dünyanın bir çox aparıcı ölkələrində təhsil almağa gedən tələbələr və onların valideynləri bu münasibətlə cənab Prezidentə öz ürək sözlərini çatdırmağı vacib hesab edirlər. Böyük Britaniyada magistr təhsili alan Ceyhun Cəlilov cənab Prezidentə yazdığı müraciətdə onun atdığı addımların gənclərdə daim ruh yüksəkliyi yaratdığını, bu proqramın uğurla icra edildiyini, xaricdə təhsil alacaq gənclərin seçimində əsas amilin şəffaflıq və obyektivlik olduğunu bildirir və yazır: "Azərbaycan gənclərinin inkişafında misilsiz xidmətlərinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bir azərbaycanlı gənci olaraq mənə göstərilən etimadı doğruldacaq, ölkəmizə təkmilləşmiş kadr kimi dönəcək, habelə təhsil aldığım müddət ərzində azərbaycançılıq ideyalarının təbliğində bütün gücümü səfərbər edəcəyəm".

Ceyhun Cəlilovun bu fikirlərini Bakı şəhərindən II qrup Qarabağ müharibəsi əlili Nazim Məmmədov davam etdirərək Bakı Dövlət Universitetinin Riyaziyyat və kibernetika fakültəsini bitirmiş oğlunun dövlət proqramı çərçivəsində Böyük Britaniyanın Edinburq Universitetində təhsil almasına şərait yaradıldığına görə dərin minnətdarlığını bildirir, onun kimi sadə ailələrin bu proqramdan bəhrələnə bilməsinə görə ölkə Prezidentinə təşəkkürlərini yetirir.

Təbii fəlakətlər nəticəsində ziyan çəkmiş rayonların sakinləri evlərinin bərpası və yeni evlərin tikilməsi, kompensasiyaların verilməsi ilə əlaqədar minnətdarlıqlarını bildirməkdə davam edirlər. 2010-cu ildə Kür və Araz çaylarında baş verən daşqınların fəsadlarını aradan qaldırmaq üçün çox ciddi işlər görüldüyünü, bu işlərin hələ də davam etdirildiyini hamı bilir. Sabirabad rayonu Azadkənd kəndinin sakinləri Ağayar Əliyev, Gəray Kazımov, Samir Soltanov, Sahibə Həsənova, Həsrət Ağayev, Mehman Hacıyev və Arzu Əsgərov yazırlar: "Möhtərəm Prezident! Sizin Sabirabad rayonuna gəlişiniz bizə yeni həyat bəxş etdi. Təbii fəlakət nəticəsində uçan evlərimizin əvəzinə yeni gözəl evlər tikildi, kompensasiyalar verildi. Allah köməyiniz olsun!".

Ötən ilin may ayının 7-də Zaqatala, Qax, Balakən rayonlarında baş vermiş son 150 ilin ən güclü zəlzələsi nəticəsində 3 mindən yuxarı fərdi ev dağılmış və ya qəzalı vəziyyətə düşmüş, yüzlərlə sosial obyekt, məktəb, uşaq bağçası, tibb məntəqəsi sıradan çıxmışdı. Ölkə başçısı İlham Əliyev dərhal zəlzələ bölgəsinə səfər edərək zərər çəkmiş insanların problemləri ilə yaxından maraqlanmış, maliyyə vəsaitinin ayrılması və təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq və göstərişlərini vermişdir. Görülən işlərin nəticələri də göz qabağındadır, bu sahədə işlər çox sürətlə, özü də ancaq ölkənin daxili imkanları hesabına aparılır.

Bununla bağlı Zaqatala ziyalıları və ağsaqqallarının ölkə Prezidentinə ünvanladıqları minnətdarlıq məktubunda deyilir: "Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasında biz zaqatalalılara göstərdiyiniz qayğıya görə Sizə olduqca minnətdarıq. İnsanların çətinlik və qorxu içərisində olduğu bir gündə Zaqatalaya gəlib bizə maddi və mənəvi dəstək oldunuz. Ulu öndərin varisi kimi Siz bizdə gələcəyə böyük inam yaratmısınız. Zaqatala rayonunun ağsaqqalları, ziyalıları, gəncləri və bütün sakinləri adından Sizə bir daha təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk".

Məktubların bir qismində vətəndaşlar özlərinin və ya ailə üzvlərinin problemi ilə bağlı ölkə Prezidentinə ünvanladıqları əvvəlki müraciətlərinin müsbət həllindən razılıq bildirirlər. Məsələn, Binəqədi rayonundan Vəkil Əzimov, Səbail rayonu Badamdar qəsəbəsindən Müşfiq Qənbərli, Nərimanov rayonundan Atikə Həsənova, Gəncə şəhərindən Təranə Cümşüdova və Qarabağ döyüşləri əlili Mehman Məmmədov, Şabran rayonu Pirəmsən kəndindən Fərruxmirzə Kərimov işlə təmin olunduqlarına, Bakı şəhəri Nizami rayonundan 24 nəfər sahibkar fəaliyyətlərində olan maneələrin aradan qaldırılmasına, Şirvan şəhərindən Bəxtiyar Ağayev, Lerik rayonundan şəhid ailəsinin üzvü Kinəvəs Bağışova, Gədəbəy rayonundan Bəsti Məmmədova, Sakit Məmmədrzayev pay və ya həyətyanı torpaq sahələrinin ayrılmasına, Masallı rayonundan Çernobıl əlilləri İslam Səfərov və daha 6 nəfər mənzil və minik avtomobili verildiyinə, Kürdəmir rayonunun Xırdapay kəndindən II qrup Qarabağ əlili Ətraf Əlabbasov, Qəbələ rayonundan Fəridə Məmmədova onlar üçün tikilən yeni evlərə, Şamaxı rayonundan Çiçək Allahyarlı yanmış evinin bərpasına kömək göstərildiyinə, Samux rayonunun Çobanabdallı kəndindən Rəna Məhərrəmova övladının əfv olunmasına, Sumqayıt şəhərində məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Tariyel Əliyev, Sabunçu rayonundan Həcər Sofiyeva dializ müalicəsi olunduqlarına, Elmar Əliyev müalicəsinə kömək göstərilməsinə, Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakinləri kəndə 10 kilometrlik içməli su xətti çəkilməsinə, Biləsuvar rayonundan Coşqun və Nuranə Mehdiyevlər 2 yaşlı övladlarının ürəyində əməliyyat aparılmasına yardım göstərildiyinə, Nəsimi və Sabirabad rayonlarından üçəm uşaqların valideynləri Elşən və Səmayə Əliyevlər, Samir və Elnarə Hüseynovlar, İmişli rayonundan Sona Əliyeva mənzillə təmin olunduqlarına görə minnətdarlıq edirlər. Belə təşəkkür məktubları respublikanın Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Bərdə, Daşkəsən, Goranboy, Göygöl, Xaçmaz, Xəzər, Kəlbəcər, Qazax, Laçın, digər şəhər və rayonlarından da daxil olmuşdur.

Təəssüf ki, hadisələrə obyektiv yanaşan bir çox tanınmış şəxslərdən, həmçinin sadə insanlardan fərqli olaraq hər şeyi qara rəngdə təsvir etməyə alışan bəzi müxalif qüvvələr və mətbuat orqanları qazanılan uğurları görmür və ya görmək istəmirlər.

Bu baxımdan "Freedom House" ("Azadlıq Evi") kimi beynəlxalq humanitar təşkilatlar bizim düşmən dəyirmanına su tökən bəzi hüquq müdafiəçilərimizin köməyi ilə Azərbaycanı qaralamağa cəhd edirlər.

Bu ilin əvvəlində Azərbaycana qarşı irəli sürülən və ikili standartların bariz nümunəsi olan daha bir iddia iflasa uğradı. AŞ PA-da Kristof Ştrasser adlı "dostumuzun" uydurduğu "siyasi məhbus" nağılı da boşa çıxdı və AŞ PA üzvləri tərəfindən səs çoxluğu ilə rədd edildi. "Siyasi məhbus" termininin hələ heç bir yerdə qəbul edilmədiyi, bunun ancaq Azərbaycana qarşı qərəzli şəkildə tətbiq edildiyi aşkar olundu.

Ölkə başçısına ünvanlanan məktub və teleqramların əksəriyyətində vətəndaşlar belələrinə öz münasibətlərini bildirirlər. Quba rayonunun ağsaqqal və veteranları, təhsil və səhiyyə işçiləri tərəfindən yazılmış məktubda respublikanın, o cümlədən rayonun əldə etdiyi nailiyyətlər qeyd olunur, aparılan böyük quruculuq işlərini görmək və qiymətləndirmək istəməyənlərə müraciətlə haqlı olaraq deyilir: "Bəylər, gözünüzdəki qara eynəkləri çıxarın, bu uğurları siz də görün və onlara xalqla birlikdə sevinin".

 

İnkişafa və tərəqqiyə səsləyən təkliflər

 

 Azərbaycan Respublikası Prezidentinin və onun Administrasiyasının ünvanına daxil olan müraciətlərin arasında ölkənin ümumi inkişafına və cəmiyyətin tərəqqisinə yönəldilmiş, vətəndaş mövqeyindən irəli gələn təkliflər də az deyildir. Bu təkliflərin mövzuları geniş olub müxtəlif sahələri əhatə edir.

İctimai-siyasi məsələlərə həsr olunmuş təkliflər daha çox diqqəti cəlb edir. Bu təkliflər sırasında ümummilli lider Heydər Əliyevin qarşıdan gələn 90 illik yubileyinin daha geniş qeyd edilməsi, müxtəlif elm, mədəniyyət xadimlərinin, tarixi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi, Xocalı soyqırımının dünyanın hər yerində tanıdılması və digər məsələlər barədə təkliflər maraq doğurur.

Vətəndaşlar Azərbaycanın təbii ehtiyatlarını qoruyub saxlamaq, bu ehtiyatların yaratdığı imkanlardan bəhrələnərək onlardan ən müasir texnika və texnologiyalar əsasında istifadə etmək, bu məqsədlə alternativ və bərpa olunan enerji mənbələri yaratmaq, ekoloji tarazlığı qorumaq üçün tələbkarlığı artırmaq, Azərbaycanın dünya dövlətləri sırasında daha yüksək mövqelərə yüksəldilməsindən ötrü iqtisadiyyatın ən müxtəlif sahələrini, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanı inkişaf etdirmək üçün təklif və arzularını bildirməyi özlərinə borc bilirlər.

Müraciətlərin bir qismində isə ayrı-ayrı ixtiraçılar özlərinin kəşf etdikləri avadanlıqların, apardıqları elmi tədqiqatların nəticələrinin tətbiq olunması, bu ixtiralara patent verilməsi, ölkəyə daha müasir texnologiyalara əsaslanan avadanlıqların gətirilməsi və idarəetmə sistemində innovasiyalardan daha geniş istifadə olunması barədə fikirlərini bildirirlər.

Bəzi vətəndaşlar Azərbaycan elmini daha yaxşı inkişaf etdirmək üçün müdafiə olunmuş elmi işlərin elektron elmi seminarlar formasında müzakirə edilməsini və bu yolla elmi işlərin keyfiyyətinin yüksəldilməsini, müasir texnologiyaların işlənib hazırlanması üçün müvafiq mərkəzlərin yaradılmasını, respublikada böyük xammal bazasının, tarixi təcrübənin, bu sahə üzrə güclü mütəxəssislərin olduğunu nəzərə alaraq yüngül sənayenin müasir tələblər səviyyəsində yenidən qurularaq inkişaf etdirilməsini təklif edirlər. Həmçinin kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülməsi, o cümlədən respublikada müasir texnologiyalara əsaslanan emal müəssisələrinin yaradılması, keçmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq tədarük və satış mərkəzlərinin yaradılması təklif olunur.

Bəzi müraciətlərdə vətəndaşlar məktəblilərin təhsilində yeniliklərin tətbiq olunması, o cümlədən şagirdlərin elektron kitablardan istifadə etməsi, insanların səhhətinə mənfi təsir göstərən yay və qış vaxtlarına keçidin ləğv edilməsi, yay tətili zamanı uşaqların boş vaxtının daha səmərəli keçirilməsi üçün, keçmişdə olduğu kimi, müvəqqəti istirahət düşərgələrinin yaradılması, uşaqların mənəvi tərbiyəsini gücləndirmək məqsədi ilə uşaq telekanalının açılması, orta məktəblərdə hərbi hazırlıq dərslərinin daha yaxşı tədris olunması, kənd yerlərində mövcud kitabxanaların müasir avadanlıqlarla təchiz edilərək informasiya kompyuter mərkəzlərinə, yaxud elektron kitabxanalara çevrilməsi, tibbi sığortanın tətbiqi barədə mülahizələrini bildirirlər.

Bir sıra müraciətlərdə isə nəqliyyat xidmətini yaxşılaşdırmaq üçün Bakı şəhərinin qəsəbələrinə gedən yollarda, həmçinin magistral yollarda piyadalar üçün əlavə yerüstü və yeraltı keçidlərin salınması, yeni avtobus marşrutlarının açılması, eyni zamanda şəhər nəqliyyatının işində qayda-qanun yaradılması, artan yol-nəqliyyat hadisələrinin qarşısının alınması təklif olunur.

Respublikada bəzi idman növlərinin, o cümlədən dama və avtomobil idmanı növlərinin inkişaf etdirilməsi, xüsusilə gənclər arasında avtoxuliqanlıq hallarının qarşısını almaq, ötən il Bakıda keçirilən avtorallidən sonra onların bu idman növünə daha da artan həvəsini düzgün istiqamətləndirmək üçün şəhərdən kənarda müasir avtodrom tikilməsi və sair məsələlər barədə fikir və mülahizələr bildirilir.

Bu təkliflər aidiyyəti qurumlarda baxılır və məqsədəuyğun olanlarının həyata keçirilməsi üçün tədbirlər görülür.

Vətəndaşlar da bilirlər və əmindirlər ki, onların ölkənin inkişafına və tərəqqisinə xidmət edən heç bir təklifi kənarda qalmayacaq, diqqətlə öyrəniləcək, böyük əksəriyyəti reallaşacaq, son nəticədə insanların rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

 

 (Ardı var)

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Sənədlərlə və

vətəndaşların müraciətləri ilə iş şöbəsinin

müdiri

 

Azərbaycan.-2013.- 7 fevral.- S.3-5.