Azərbaycandakı şərait xarici sərmayədarlar üçün çox münbitdir

 

Beynəlxalq İqtisadi Forum ölkəmizə dünyanın aparıcı şirkətləri tərəfindən investisiya qoyuluşuna başlıca zəmin yaradacaq

 

Bu gün sürətli sosial-iqtisadi inkişafına görə dünyanın inkişaf etməkdə olan ölkələri sırasına qoşulan Azərbaycan Avropa ilə Asiya arasında körpü hesab olunur. Sivilizasiyaların toqquşduğu məkan adı alan ölkəmizdə beynəlxalq konfranslar, toplantılar keçirilir. Eyni zamanda gənc bir dövlət olmasına baxmayaraq, bu gün dünyanın əksər beynəlxalq qurumlarında Azərbaycanla məsləhətləşmələr aparılır, bir sıra sahələrdə isə Azərbaycanın təcrübəsi öyrənilir. Bu günlərdə isə dünyanın ən mötəbər iqtisadi forumlarından biri olan Davos İqtisadi Forumunda qəbul olunan qərar ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki aprel ayında Dünya İqtisadi Forumunun regional iclası Bakıda təşkil olunacaq. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun təzahürü, digər tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara dünya birliyinin verdiyi yüksək qiymətin ifadəsidir.

Bu məsələyə münasibət bildirən ekspertlər, siyasətçilər də hesab edirlər ki, Beynəlxalq İqtisadi Forumun Bakıda keçirilməsi ilə bağlı çıxarılan qərar Azərbaycanın qlobal biznes ölkəsi tək tanınması kimi mühüm hadisədir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov əməkdaşımızla söhbətində bildirdi ki,  hər il Davos forumunda yüzlərlə siyasətçi, dövlət başçıları, böyük transmilli şirkətlərin rəhbərləri dünyada narahatlıq yaradan   problemləri müzakirə edərək çıxış yolları axtarırlar. Dünyada gedən iqtisadi proseslər,  iqtisadiyyatın hazırkı durumu müzakirəyə çıxarılır. Azərbaycan Prezidenti İlham Əliyev də mütəmadi olaraq adıçəkilən toplantıda iştirak edir, görüşlər keçirir və nitq söyləyir. Bu, artıq Azərbaycanın dünyanın böyük dövlətləri ilə birgə addımlaması deməkdir. Həmin toplantıda Beynəlxalq İqtisadi Forumun regional toplantısının aprel ayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də buna əyani sübutdur.

Deputatın sözlərinə görə, Azərbaycan bu gün iqtisadi cəhətdən inkişaf etdiyi üçün bu ölkəyə maraq getdikcə artır. Ona görə də hər il Bakıda müxtəlif beynəlxalq toplantılar keçirilir: "Bakıda keçiriləcək bu toplantı Azərbaycan həqiqətlərinin bir daha dünya dövlətləri tərəfindən tanınması, böyük biznes sazişlərinin imzalanması ilə nəticələnə bilər. Çünki Bakıya gələcək siyasətçilər və iri beynəlxalq şirkət sahibləri burada əlverişli biznes imkanlarının olduqlarını öz gözləri ilə görəcəklər. Bir sözlə, bu beynəlxalq toplantı Azərbaycanın dünyada artan nüfuzunu daha da artıracaq və miqyasını genişləndirəcəkdir".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, Azərbaycanın Davos forumunda təmsil olunması ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusən də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş miqyasda təqdim etmək istəyirik".

Deputatın sözlərinə görə, bu gün Azərbaycan qlobal iqtisadi böhranın ən az təsir etdiyi ölkələrdən biridir və bizdəki şərait xarici sərmayədarlar üçün çox münbitdir. Hazırda bizdə xarici sərmayədarların sayı kifayət qədərdir və təkcə 2012-ci ildə iqtisadiyyatımıza yatırılan 20 milyard dollar sərmayənin 7 milyardı onların payına düşür: "Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin Davosda keçirdiyi işgüzar görüşlər, şəxsi münasibətləri Azərbaycana daha çox sərmayədar cəlb edəcək və onlar ölkəmizin iqtisadi potensialının daha da artmasına təkan verəcəklər".

R.Quliyev deyir ki, Azərbaycan bu gün bütün xarici aləmin diqqət mərkəzindədir. İqtisadi inkişafın Azərbaycan modeli bütün dünyada böyük maraq doğurur və ölkəyə, onun rəhbərinə rəğbət yaradır. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının sıçrayışlı inkişafı da diqqətçəkən sahələrdir, bu da xarici şirkətlərlə geniş əlaqələr qurmağa imkan yaradır: "Bir sözlə, Azərbaycanın bütün uğurları Davos forumunda bir daha gündəmə gəlmiş, yüksək qiymətləndirilmişdir və bu, iqtisadiyyatımızın gələcək inkişafına yol açacaqdır. Belə forumların keçirilməsi, orada Azərbaycanın iştirakı ölkə üçün hər cəhətdən əlverişlidir. Forumda ölkəmiz üçün diqqətçəkən məqam o olmuşdur ki, dünyanın ən mötəbər iqtisadi forumlarından olan Davos İqtisadi Forumu cari ilin aprel ayında Azərbaycanda keçiriləcək. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, iqtisadi gücünün və potensialının bariz sübutudur".

Onun fikrincə, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan bu forumu da yüksək səviyyədə keçirəcək və iqtisadiyyatımızın bütün sahələri orada layiqincə təmsil olunub, yeni-yeni partnyorlar qazanacaq.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə hesab edir ki, Azərbaycanın son illər Davos forumunda bir qayda olaraq Prezident İlham Əliyevin başçılığı ilə geniş tərkibdə təmsil olunması heç də təsadüfi deyil. Bu forumda həmişə Azərbaycanla bağlı müzakirələr olur, müqavilələr bağlanılır, eləcə də ölkəmizin iqtisadi inkişafı ilə bağlı məsələlər gündəmə gətirilir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Davos forumunda dünyanın bir sıra aparıcı ölkələrinin rəhbərləri və şirkət nümayəndələri ilə görüşündə də Azərbaycanın iqtisadi uğurları və bu uğurların həmin ölkələrin iqtisadiyyatına da verdiyi töhfələri müzakirə edib: "Davos forumunun regional toplantısının Bakıda keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə verilən yüksək qiymətin bariz nümunəsidir. Ümumiyyətlə, tək bu forum deyil, eləcə də iqtisadiyyatla, idmanla, mədəniyyətlə, böyük siyasi-hüquqi məsələlərin araşdırılması ilə bağlı beynəlxalq konfransların, toplantıların Azərbaycanda davamlı olaraq keçirilməsi artıq ölkəmizin beynəlxalq nüfuzunun, imicinin artdığından xəbər verir".

M.Quliyevin fikrincə, heç şübhəsiz, bu forumun Azərbaycanda keçirilməsi həm də ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Bununla belə, Davos forumu ölkəmizə dünyanın aparıcı şirkətləri tərəfindən investisiya qoyuluşuna başlıca zəmin yaradacaq.

Beləliklə, bütün rəy və fikirlərdən belə nəticə çıxır ki, növbəti Dünya İqtisadi Forumunun regional iclasının Bakıda keçirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada əməkdaşlıq və inteqrasiyanın inkişafına kömək edəcək amillərdəndir, cünki bu forum tək müzakirələr üçün kürsü deyil, eyni zamanda iqtisadisiyasi tədqiqatlar üçün bir imkandır.

Bakıda keçiriləcək Beynəlxalq İqtisadi Forum bütövlükdə bu tədbirin inkişafına yeni çalarlar verəcək.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 7 fevral.- S.7.