ABŞ Senatında keçirilən dinləmələrdə Azərbaycanın əhəmiyyəti vurğulanmışdır

 

Məlum olduğu kimi, ABŞ Prezidenti tərəfindən Administrasiyada yüksək vəzifələrə namizədliyi irəli sürülən şəxslər Senat tərəfindən təsdiq olunmalıdırlar. Bu prosesdə namizədlər Senatın müvafiq komitələrində dinləmələrdə iştirak edir, senatorların şifahi və yazılı suallarına cavab verirlər.

Artıq dövlət katibi vəzifəsində fəaliyyətə başlayan Con Kerrinin namizədliyinin təsdiqi ilə bağlı Senatın Xarici Əlaqələr Komitəsində yanvarın 24-də keçirilmiş dinləmədə senatorlar tərəfindən ona bir sıra məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də regiondakı ümumi təhlükəsizlik mühiti ilə bağlı yazılı suallar təqdim olunmuşdu. Con Kerri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı suala cavab verərkən hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirmiş və təyin olunacağı təqdirdə münaqişənin həlli prosesində ABŞ-ın fəal rolunun davam edəcəyini vəd etmişdir. O, hazırda həmsədrlərin yeni ideyaları nəzərdən keçirdiklərini bildirmişdir.

Son vaxtlar Gürcüstana və Azərbaycana artan təzyiqlərlə bağlı ABŞ-ın siyasətinin necə olacağı barədə senatorların sualının cavabında Con Kerri bildirmişdir ki, Birləşmiş Ştatların bu ölkələrin müstəqilliyinə dəstəyi qətidir və bu dəstək hər hansı müzakirə mövzusu ola bilməz.

Prezident Obamanın müdafiə naziri vəzifəsinə namizədi olan Çak Heqelin təsdiqi ilə bağlı yanvarın 31-də Senatın Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmədə ABŞ senatorları ona Azərbaycanla bağlı yazılı suallar vermiş, xüsusilə iki ölkə arasındakı strateji tərəfdaşlığın perspektivləri ilə maraqlanmışlar. Çak Heqel öz yazılı cavablarında ABŞ və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın güclü olduğunu vurğulamış və müdafiə naziri vəzifəsinə təsdiq olunarsa, bu əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin davam edəcəyini bildirmişdir. O, Azərbaycanda müdafiə sahəsində islahatlar, NATO ilə uyğunluğun artırılması, terrorizmlə mübarizə, dəniz təhlükəsizliyi və enerji infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlığın davam etdiriləcəyini bəyan etmişdir. Çan Heqel mövcud əməkdaşlığı gücləndirmək və bu əməkdaşlığın yeni sahələri əhatə etməsi üçün Azərbaycan tərəfi ilə yüksək səviyyədə məsləhətləşmələrə davam etmək niyyətində olduğunu bildirmişdir. O, Əfqanıstandakı əməliyyatlar kontekstində Azərbaycanın çox mühüm tranzit rolu oynadığını xüsusilə təqdir etmişdir.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

 

Azərbaycan.-2013.- 7 fevral.- S.7.